92 yaşlı diktator BMT-ni hədələyib!
25-09-2016, 20:15

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Zimbabvenin prezidenti Robert Muqabe Təhlükəsizlik Şurasında (TŞ) təcili islahatlar aparılmayacağı təqdirdə, Afrika ölkələrinin Birləşmiş Millətlər Təşkilatından (BMT) çıxacağı ilə hədələyib. Onun fikrincə İslahatlar TŞ-da Afrika qitəsi ölkələrinin say tərkibinin və hüquqlarının genişləndirilməsinə xidmət göstərməlidir.
«News24» agentliyi xəbər verir ki, BMT Baş Məclisindən qayıdarkən qitənin ən qocaman lideri xəbərdarlıq edib ki, Afrika ölkələri Rusiya, Çin, Hindistan və digər ölkələrlə birlikdə Qərbin dominantlıq etdiyi Təhlükəsizlik Şurasına bərabər olacaq öz təşkilatlarını yarada bilərlər.
«TŞ-nın heç də bütün daimi üzvləri ciddi mövqedə dayanmırlar. Böyük Britaniya, Fransa və Amerika belə edirlər. Əgər onlar inadkarlıq etsələr, qoy biz öz təşkilatımızı yaradandan sonra şikayətlənməsinlər. Biz bunu gələn sentyabrda (BMT Baş Məclisinin növbəti iclasında) etmək niyyətindəyik» – deyə, Qərbə qarşı öz tənqidi çıxışları ilə məşhur olan 92 yaşlı diktator bəyan edib.
O, qeyd edib ki, Afrika ölkələri BMT-dən çıxmaq məsələsini Baş Məclisin budəfəki iclası zamanı Nyu-Yorkda müzakirə ediblər. Hələ 2006-cı ildən qitə ölkələri TŞ-da 2 daimi üzvlə təmsil olunmağı tələb edirlər. Muqabənin özü isə ilk dəfədir ki, belə hədə ilə çıxış edir.
«Bizi yalnız Rusiya və Çin dəstəkləyir» – deyə, Muqabe deyib və əlavə edib ki, TŞ-nın Qərbli üzvləri təşkilatın qətnamələrini «amansızlıqla redaktə edir və təşkilatı sirkə çevirirlər»: Afrika ölkələrinin fikirləri ilə hesablaşmırlar. Belə zəruri faktı qəbul etmək vacibdir ki, hər bir ölkə BMT-nin bərabərhüquqlu üzvüdür. Ya islahatlar aparılmalıdır, ya da bizsiz qalacaqsınız. Bununla da hər şey bitə bilər».
«Biz, afrikalıların hüquqları uğrunda mübarizə aparacağıq. Biz, bundan sonra daha BMT-nin «ikinci dərəcəli» üzvü kimi qalmaq istəmirik» – deyə, Muqabe fikirini tamamlayıb.