Bəşər Əsədin son qalası mühasirəyə alınıb - SANA

5-12-2024, 11:29           
Bəşər Əsədin son qalası mühasirəyə alınıb - SANA
Suriya hökuməti şəhərə nəzarəti saxlamaq üçün əks-hücuma keçsə də, müxalif qüvvələr strateji cəhətdən mühüm mərkəz sayılan Həmanı üç tərəfdən mühasirəyə alıb.

Reyting.az xəbər verir ki, irəliləyən müxalifət əvvəlcə böyük müqavimətlə qarşılaşmasa da, Həma ətrafında toqquşmalar getdikcə şiddətlənir.

Suriyanın rəsmi agentliyi SANA xəbər verir ki, Bəşər Əsəd əks-hücum üçün qüvvələrini gücləndirmək məqsədi ilə əsgərlərinin maaşlarının 50 faiz artırılmasını əmr edib.

SANA hərbi mənbəyə istinadla bildirir ki, səhər saatlarından etibarən Həma əyalətinin şimalında müxalifətə qarşı “şiddətli toqquşmalar” baş verir və “Suriya-Rusiya birgə döyüş təyyarələri” də bu səylərin bir hissəsidir.

Məlumata görə, hökumət qüvvələri son 24 saat ərzində “Həma və ətrafına böyük hərbi karvanlar” gətirir. Tank, silah-sursat və əsgərlərlə dolu “onlarla yük maşını” şəhərə doğru irəliləyir.

“Rusiya və İran zabitlərinin rəhbərlik etdiyi rejim qüvvələri və hökumətyönlü döyüşçülər Həmanın şimal-qərbində hücumu dəf edə biliblər”, - regionda olan mənbələr qeyd edir.

Suriyanın mərkəzində strateji mövqedə olan Həmada çərşənbə günü axşamdan etibarən müxalifət şəhəri üç tərəfdən mühasirəyə alıb və intensiv toqquşmalar səhərə qədər davam edib.

“Suriya administrasiyasının paytaxtı və güc mərkəzi olan Dəməşqi qorumaq üçün sonuncu qala mənasını verən Həmanı qorumaq həyati əhəmiyyət kəsb edir”, -deyə beynəlxalq media yazır.

Qeyd edilir ki, müxalifətin sürətli hücumlarla Bəşər Əsəddən aldığı Hələbdən sonra cənubda Humusa doğru 3 kilometr uzaqlıqda yalnız bir çıxışı var. Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu Suriyadakı mənbələr şəbəkəsinə əsaslanaraq bildirib ki, hökumət qüvvələrinin “cənubda Humus istiqamətində yalnız bir çıxışı qalıb”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.