USAID-in bütün əməkdaşları işdən çıxarılacaq

29-03-2025, 11:44           
USAID-in bütün əməkdaşları işdən çıxarılacaq
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bütün əməkdaşları sentyabrın 30-dək işdən çıxarılacaq.

Bu barədə ABŞ Konqresindəki mənbələrinə istinadən "Reuters" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, USAID-in xaricdəki bütün nümayəndəlikləri 2025-ci maliyyə ilində, yəni sentyabrın 30-dək bağlanacaq.

ABŞ dövlət katibi Marko Rubio agentliyin yenidən təşkili ilə bağlı elan edib ki, iyulun 1-dək USAID-in bəzi funksiyaları Dövlət Departamentinə veriləcək və administrasiyanın prioritetlərinə uyğun gəlməyən digər funksiyalar dayandırılacaq.

Qeyd edək ki, fevralın əvvəlində ABŞ Prezidenti Donald Tramp beynəlxalq təşkilatların maliyyələşdirilməsinə xeyli miqdarda vəsait ayıran USAID-in fəaliyyətini dayandırıb. Daha sonra ABŞ administrasiyası agentlik və Dövlət Departamentinin xarici yardım müqavilələrinin 92%-ni ləğv etmək niyyətində olduğunu bəyan edib. Bu da dövlət büdcəsinə təxminən 60 milyard dollar qənaət etməyə imkan verib.

Martın 10-da əvvəllər USAID-in müvəqqəti rəhbəri təyin edilən Rubio, altı həftəlik araşdırmadan sonra ABŞ hökumətinin agentliyin proqramlarının 83%-ni rəsmi olaraq dayandırdığını bildirib.

Onun sözlərinə görə, ləğv edilmiş 5.2 min müqavilə çərçivəsində onmilyardlarla dollar ABŞ-nin maraqlarına deyil, bəzi hallarda onun ziyanına xərclənib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru