Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətinin pisləşdiyi və onun ölmək üzrə olduğu barədə yayılan şayiələrə cavabı gəlib.
Kadırov bu iddialara şəxsi "Telegram" kanalında münasibət bildirib.
Çeçenistan lideri bildirib ki, xəstəlik və ölüm hər bir insanın taleyidir: "Haqqımda dedi-qodular artıb. Guya ölürəm, guya yeriyə bilmirəm. Birincisi, xəstəlik və ölüm hər kəsin sonudur. İkincisi, bu bir ölüm təhdidi deyil. Nə qədər yaşayacağımı yalnız Allah bilir. Əgər mənim ömrüm 50, 60 ya da 70 ilə yazılıbsa, heç kim o müddətdən bir gün belə azalda bilməz", – deyə Kadırov vurğulayıb.
Ramzan Kadırov daha əvvəl də 2023-cü ildə oxşar iddialara cavab vermiş, Qroznıda gəzintiyə çıxdığı videonu paylaşaraq internetdə nəyin doğru, nəyin yalan olduğunu ayırd edə bilməyənlərə açıq havada gəzməyi tövsiyə etmişdi.