Çin texnologiya şirkətləri ABŞ embarqosunu bu cür aşır
3-06-2025, 08:14

ABŞ Çin texnologiya şirkətlərinə inkişaf etmiş mikroçiplərin satışını qadağan etsə də, Çin bu embarqonu aşmaq üçün müxtəlif yollar tapmış kimi görünür. Bəs bu yollar nələrdir?
Valyuta.az xəbər verir ki, çinli texnologiya şirkətləri süni intellekt sahəsində ABŞ ilə rəqabət aparmaqda irəlilədikcə, eyni zamanda ABŞ-ın çip ixracatına tətbiq etdiyi məhdudiyyətlərə necə uyğunlaşacaqlarını da tədricən müəyyənləşdirirlər.
Bir süni intellekt məlumat mərkəzini genişləndirmək üçün əsas güc mənbəyi qrafik emal vahidləridir (GPU). Ancaq bu sahədə lider olan "Nvidia" şirkəti, artıq Çinli müştərilərlə ticarət aparması qadağan olunmuş və ya Çinə ixrac üçün xüsusi lisenziya tələb olunan ABŞ şirkətidir. Bu səbəbdən Çinli süni intellekt şirkətləri bu çipləri rəsmi şəkildə ala bilmirlər.
Mətbuata sızan məlumatlara görə, "Tencent", "Baidu" və digər Çinli texnologiya şirkətləri ABŞ-dakı çip məhdudiyyətlərinə qarşı bir sıra alternativ həllər inkişaf etdiriblər. Bu həllərə əvvəldən böyük həcmdə ABŞ istehsalı çipləri ehtiyatda saxlamaq, daha səmərəli süni intellekt modelləri yaratmaq və yerli yarımkeçirici şirkətlər tərəfindən istehsal olunan milli çiplərdən istifadə etmək daxildir.
"Wechat" platformasının sahibi olan "Tencent", sanksiyalar qüvvəyə minməmişdən əvvəl "xeyli güclü bir çip ehtiyatı" topladığını bildirib. Bu, "Trump" administrasiyası dövründən əvvəl Çinli şirkətlərin kütləvi şəkildə ABŞ istehsalı çipləri ehtiyat topladığına dair əvvəlki hesabatlarla üst-üstə düşür.
Bununla yanaşı, Çin özünü bu sahədə tam təmin edə bilmək məqsədilə yerli çip istehsalını artırmaq üçün əhəmiyyətli addımlar atır. "Huawei" və "SMIC" kimi şirkətlər bu istiqamətdə yerli süni intellekt çipləri hazırlayan öncül qurumlara çevriliblər. Bu tendensiya, dünya üçün də müsbət nəticələr doğura bilər. Necə ki, "Huawei" artıq "Apple" ilə rəqabət aparacaq güclü cihazlar istehsal edir, yaxın gələcəkdə "Nvidia" və "AMD" ilə rəqabət aparacaq Çin istehsalı GPU-lar da bazarda görünə bilər. Bu da kompüter istifadəçilərini və oyun həvəskarlarını minlərlə dollar dəyərində qrafik kartı almaq məcburiyyətindən qurtara bilər.
Rəsmi təsdiqi olmasa da, bəzi mənbələrə görə Çinli şirkətlərin bəziləri üçüncü tərəf vasitəçilərdən “istifadə olunmuş” adı altında "Nvidia" çipləri əldə etməyə çalışır. Lakin bu barədə hələlik sübuta yetirilmiş bir fakt yoxdur.
ABŞ-ın Çin texnologiya şirkətlərinə çip və digər həssas texnologiyaların ixracını məhdudlaşdırmaq siyasəti Donald Trampın ilk prezidentliyi dövründə (2016–2020) başlayıb. Çin hökuməti ilə şübhəli əlaqələrə görə "Huawei" şirkəti o dövrdə sanksiyalara məruz qalmışdı. Hətta "Huawei" rəhbərləri Kanadada keçirilən bir tədbir zamanı qəfil həbs olunmuş və uzun müddət nəzarətdə saxlanılmışdılar. Qərb çiplərinə çıxışını itirməklə yanaşı, "Huawei"yə "Android" əməliyyat sistemindən istifadə də qadağan olunmuşdu.
O vaxtdan etibarən Çinli şirkətlər inkişaf etmiş çiplərə çıxışda ciddi çətinliklərlə üzləşiblər. Bu vəziyyət "Bayden" administrasiyası dövründə də dəyişməyib. Trampın yenidən Ağ Evə qayıtması ilə isə Çinə qarşı çip ixracı məhdudiyyətləri daha da sərtləşdirilib. Məsələn, "Nvidia"nın Çin bazarı üçün xüsusi hazırlanmış, daha zəif performanslı H20 çiplərinin satışı belə qadağan edilib.
Paşa Məmmədli