UTX (SBU)-nun Krım körpüsünə partlayıcı maddəni necə keçirdiyi məlum oldu
Dünən, 11:34

Stupakın sözlərinə görə, bu əməliyyatdan əvvəl Müdafiə Qüvvələrinin Krımdakı digər obyektlərə zərbələri olub.
Ukraynanın Müdafiə Qüvvələri Rusiyanın ən güclü mühafizə olunan obyektlərindən birinə – işğalçılar üçün strateji əhəmiyyətli olan Krım körpüsünə zərbə endirməyə nail olub. Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) keçmiş əməkdaşı, hərbi ekspert İvan Stupak “Radio NV” efirində danışıb.
“Bu obyekt Kremlin və Putin rezidensiyaları ilə eyni səviyyədə qorunur. Böyük hava hücumundan müdafiə sistemi mövcuddur. Həyəcan siqnalı zamanı körpünü ‘duman’ örtüyü ilə gizlədirlər ki, raketlər hədəfə dəyməsin. Orada döyüş dalğıcları, sensorlar, mikrofonlar yerləşdirilib. Amma biz onları keçə bildik. Və əminliklə deyə bilərik ki, bu əməliyyatda insanlar iştirak etməyib – hər şey məsafədən idarə olunub”, – deyə Stupak bildirib.
O əlavə edib ki, Rusiya sensorları Ukrayna tərəfindən partlayıcıların hərəkətini qeydə ala bilməyib. Bu da əvvəlki hücumlarla əlaqəli ola bilər.
“2025-ci il mayın 19-da SBU əməkdaşlarının ‘Boyko qüllələrinə’ hücum etdikləri barədə məlumatlar yayıldı. O zaman oradakı radiolokasiya avadanlıqları ciddi şəkildə sıradan çıxarılmışdı. Hamı bunu sadəcə bir təxribat kimi qəbul etdi – guya radarlar yandırıldı və vəssalam. Amma bu, əslində Krım körpüsünə hücum əməliyyatının birinci mərhələsi idi. Rusiyanı ‘gözlərindən və qulaqlarından’ məhrum etdilər ki, ukraynalı pilotsuz aparatları və katerlərin yaxınlaşmasını görə bilməsinlər”, – deyə Stupak vurğulayıb.
Bununla yanaşı, ekspert nəticələrə realist yanaşmağı tövsiyə edib. Çünki əməliyyat nəticəsində Krım körpüsü tamamilə dağıdılmayıb:
“Əldə olunan məlumata görə, körpü yenidən işə salınıb. Bəli, məhdud rejimdə – bəlkə qatarlar hələ də hərəkət etmir, amma avtomobillər buraxılır. Deməli, körpü hələ də dayanır. Amma bu əməliyyat Rusiya rəhbərliyinin əsəblərinə ciddi zərbə vurub”.
Krım körpüsünə zərbə: nə məlumdur
UNIAN yazır ki, iyunun 3-də Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Krım körpüsünün altına sualtı partlayıcı qurğular yerləşdirərək körpünü partladıb. Qeyd edilir ki, körpünün Rusiyanın qeyri-qanuni şəkildə inşa etdiyi dayaqları minalanıb. Partlayış nəticəsində mülki əhali arasında itki olmayıb.
Kreml hücumu təsdiqləsə də, klassik formada hər hansı zərərin olmadığını iddia edib və Ukraynanı “mülki infrastruktur obyektlərinə hücum etmək cəhdi”ndə günahlandırıb.