Baltik dənizi üzərində Rusiya-ABŞ döyüşü: - Su-27 qırıcısı RC-135 kəşfiyyatçısı ilə tarana getdi
11-04-2015, 11:28
Baltik dənizi üzərində, neytral hava məkanında ABŞ və Rusiya hərbi təyyarələri arasında misli görünməmiş dərəcədə təhlükəli insident baş verib.
Virtualaz.org saytı xəbər verir ki, Rusiyanın Su-27 qırıcısı ABŞ-ın RC-135 kəşfiyyat təyyarəsinə olduqca təhlükəli yaxın məsafədən uçub və faktiki olaraq onunla tarana gedib.
Amerika təyyarəsi toqquşmadan möcüzə sayəsində yaxa qurtara bilib. Məlumatı "The Washington Free Beacon" Pentaqondakı mənbəyə istinadən yayıb. İnsidentin aprelin 7-də baş verdiyi bildirilir. ABŞ Rusiyanın bu hərəkətindən hiddətlənib və rəsmi kanallarla Moskvaya nota verib.
“Aprelin 7-də səhər ABŞ-ın RC-135U təyyarəsi cari marşrutla beynəlxalq hava məkanında uçarkən Rusiyanın Su-27 təyyarəsinin həmləsinə məruz qalıb. Rusiya təyyarəsi olduqca təhlükəli və qeyri-peşəkar manevr edib. ABŞ artıq bu insidenti etibarlı diplomatik kanallarla Rusiya ilə müzakirə edir” - deyə Pentaqonun rəsmi nümayəndəsi Aylin Laynes bildirib.
Məlumata görə, Rusiya qırıcısı ABŞ kəşfiyyatçısının cəmi 6 metrliyindən keçib. Pentaqon RC-135U təyyarəsinin ekipaj üzvlərinin həyatına real təhlükə yarandığını təsdiq edib.
Amerika kəşfiyyatçı təyyarəsinin Baltik dənizi üzərində hansı missiya ilə uçduğu açıqlanmır. Bununla belə Amerika nəşri ehtimal edilir ki, kəşfiyyat missiyası Rusiyanın Baltik regionunda son vaxtlar artan hərbi fəallığı ilə bağlı monitorinq aparmaq idi.
RC-135U təyyarəsi Rusiyanın Kalininqrad vilayətində “İsgəndər-M” operativ-ballistik raketlərinin dislokasiya olunduğu mövqeləri müəyyənləşdirmək istəyirdi.
RC-135U təyyarəsi informasiya toplamaq, o cümlədən foto və video monitorinqlər aparmaq, nüvə aktivliyini izləmək və sənaye casusluğu üçün nəzərdə tutulub. Təyyarə həmçinin düşmənin elektron aktivliyini və radiolokasiya siqnallarını tutur.
Bu, Rusiya ilə NATO blokuna üzv ölkələrin təyyarələri arasında baş vermiş ilk insident deyil. Hərçənd ki, bu cür təhlükəli insident hələ qeydə alınmamışdı. Rusiyanın strateji bombardmançıları qırıcıların və yanacaqdolduranların müşayiəti ilə müntəzəm olaraq Baltik dənizi üzərində, NATO ölkələrinin hava hüdudlarının yaxınlığında, o cümlədən Amerikanın hava hüdudları yaxınlığında uçuşlar keçirir.
Bu yaxınlarda Rusiyanın nüvə raketləri daşıyan Tu-95M bombardmançıları La-Manş boğazı üzərində uçmuşdu və Britaniya aviasiyası həyəcan siqnalı ilə havaya qaldırılmışdı.