ABŞ səfirinin müxalifətlə gizli görüşünü əks etdirən VİDEO
25-06-2015, 19:48
İyunun 24-də Qırğızıstanın paytaxtı Bişkekdə ölkə konstitusiyasına hakim partiya tərəfindən təklif edilən düzəlişlərə etiraz olaraq aksiya keçirilib. Virtualaz.org saytı xəbər verir ki, parlament binası qarşısında təşkil edilən aksiya o qədər də izdihamlı olmasa da həmin gün internetdə ABŞ-ın Bişkekdəki müvəqqəti işlər vəkili Riçard Maylzın təşkilatçılardan birinin ofisinə getdiyini əks etdirən gizli videoçəkiliş yayılıb və geniş rezonans doğurub. Videokadrlardan görünür ki, aksiyanın başa çatmasından bir müddət sonra səfir Riçard Maylzın xidməti avtomobili təşkilatçılardan birinin - qeyri-hökumət təşkilatı olan “Presedent” partnyor qrupunun ofisinin həyətinə daxil olur. Səfir ofisdə həmin QHT-nin başçısı, tanınmış hüquq müdafiəçisi Nurbek Toktakunovla görüşür.
Kadrların yayılmasından sonra ölkədə qalmaqal başlayıb, ABŞ səfirinin parlamentin qarşısındakı aksiyanın təşkilatçısının ofisinə şəxsən getməsi suallar doğurub. N.Toktakunov daha sonra məsələyə belə izah verib ki, səfirlə görüş əvvəlcədən planlaşdırılmışdı, sadəcə olaraq aksiyadan sonraya təsadüf edib. Lakin bu izahat çoxlarını qane etməyib və qocaman amerikalı diplomatın Bişkekə məhz Rusiya ilə yaxınlıq edən Almazbek Atambayevi devirmək üçün göndərildiyinə dair narahatlıqların növbəti sübutu kimi qiymətləndirilib. Xatırladaq ki, Riçard Maylz bu ilin əvvəllərində ABŞ-ın Bişkekdəki müvəqqəti işlər vəkili təyin edilib. ABŞ-ın Qırğızıstandakı səfiri postuna namizədinin Senatda təsdiqlənməsi təxirə düşəndən sonra pensiyaçı Maylz diplomatik xidmətə geri çağırılıb və bu narahat Orta Asiya respublikasına göndərilib.
Dərhal Qırğızıstanın rusiyameylli dairələri onun Bişkekdə inqilab təşkil etmək üçün göndərildiyini iddia etməyə başlayıblar. Sübut kimi bu məqama diqqəti cəlb ediblər ki, Maylzın indiyədək işlədiyi 4 ölkədə, o cümlədən Azərbaycanda hakimiyyətlər devrilib. Üstəlik Maylz Gürcüstandakı “qızılgül inqilabı”nın müəllifidir.
ABŞ səfirinin müxalifətlə gizli görüşünü əks etdirən
ABŞ-ın Qırğızıstandakı səfirliyi üçün Birləşmiş Ərəb Əmirliklərindən bir neçə yük təyyarəsi ilə daşınan məxfi yük narahatlıqları daha da artırıb. İddialar yayılıb ki, həmin yük inqilabçılara paylamaq üçün nağd puldan, yaxud başqa xüsusi vasitələrdən ibarət ola bilər. Qırğızıstanda bu ilin noyabrında parlament seçkiləri keçiriləcək. Narahatlıqlar var ki, ABŞ bu seçkilərdən istifadə edib Avrasiya İttifaqına üzv olan Qırğızıstanda növbəti rəngli inqilab həyata keçirəcək. Seçkilər ərəfəsində hakim partiya konstitusiyaya düzəlişlər təklif edib və bu düzəlişlərə əsasən prezidentin səlahiyyətlərinin genişləndirilməsi nəzərdə tutulur. Düzəlişlər referenduma çıxarılacaq. Müxalifət isə hesab edir ki, düzəlişlər ölkəni sərt avtoritarizmə və Atambayevin ömürlük hakimiyyətinə yol aça bilər.
[media=https://www.youtube.com/watch?v=c-tzOrwjjj8]