Harvard Universiteti ilə Tramp administrasiyası arasında yeni qalmaqal: xarici tələbələrə görə daha bir məhkəmə başlayır
Bu gün, 16:14

Amerikada Harvard Universiteti ilə Tramp Administrasiyası arasında məhkəmə çəkişməsi başlayır. Buna səbəb isə hökumətin Harvard Universitetinin xarici tələbələri qəbul etmək imkanını əlindən almasıdır.
Bizimyol.info xəbər verir ki, Harvard Universiteti əcnəbi tələbələrin bu təhsil müəssisəsində təhsil almaqsına Tramp administrasiyasının qoyduğu qadağaya görə Boston federal məhkəməsində iddia qaldırıb. Bu barədə universitet rəsmi bəyanat yayıb.
Bəyanatda bildirilir ki, hökumətin tətbiq etdiyi qadağa ABŞ Konstitusiyasına ziddir, söz azadlığının pozulmasıdır. Harvard Universiteti Tramp administrasiyasının minlərlə tələbəyə təsir edən addımlarını qanunsuz, qisas xarakterli, ali məktəbin akademik və tədqiqat missiyasını sarsıdan hərəkətlər kimi qiymətləndirib.
Universitetin rəhbəri Alan Qarber də Tramp administrasiyasının bu qərarının qanunsuz və əsassız olduğunu bəyan edib.
Prezident Donald Trampın administrasiyası hazırda ABŞ-da təhsil alan xarici tələbələri başqa təhsil müəssisələrinə köçməyə məcbur edir. Bəyan edilib ki, əks halda, onlar Amerikada qanuni şəkildə yaşayışlarını davam etdirmək hüququndan məhrum olacaqlar. Mayın 22-də Daxili Təhlükəsizlik Nazirliyi bu barədə məlumat yayıb.
Qeyd edək ki, nazir Kristi Noem Harvard Universitetinin tələbə mübadiləsi proqramını “zorakılığı, antisemitizmi təşviq etməkdə”, həmçinin “Çin Kommunist Partiyası ilə koordinasiyalı hərəkətlərdə” günahlandırıb. Bu əsasla da onun sertifikatının ləğvinə göstəriş verib.
Yeri gəlmişkən, bir müddət əvvəl Noemin rəhbərlik etdiyi qurum universitetdən bir sıra xarici tələbələr barədə şəxsi məlumatların verilməsini tələb etsə də, universitet bundan imtina etmişdi.
2024–2025-ci tədris ilində Harvard Universiteti 6800 nəfərə yaxın xarici tələbə qəbul edib. Bu isə ümumi tələbə sayının 27 faizini təşkil edir.
Qeyd edək ki, bu, Harvard Universiteti ilə Tramp administrasiyası arasında ilk məhkəmə çəkişməsi deyil. Bir ay əvvəl – apreldə də universitet hökuməti məhkəməyə vermişdi. Buna səbəb isə universitetin milyardlarla dollar dəyərində maliyyə vəsaitindən məhrum edilməsi idi.
Tramp administrasiyası Harvard Universitetini qanunlarını pozmaqda və antisemitizmlə lazımi səviyyədə mübarizə aparmamaqda günahlandıraraq, universitetə 2.2 milyard dollar federal maliyyəni dayandıracağını açıqlayıb. Bu addım İsrailin Qəzzada apardığı hərbi əməliyyatlarla əlaqədar ABŞ universitetlərində Fələstinə dəstək xarakterli tələbə etirazlarına cavab olaraq atılıb.
Harvard Universiteti isə bəyan edib ki, tələbələr konstitusion hüquqlarından istifadə etdiklərində görə Tramp administrasiyası universitetə qarşı cəza tədbiri görür. Harvard 2,2 milyard dollar vəsaitin dondurulmasının qeyri-qanuni hesab olunmasını və bu qərarın ləğvini tələb edir. Universitet hesab edir ki, bu maliyyələşmədən imtina Harvardı öz idarəetmə sistemini dəyişməyə, akademik proqramlarını və işə qəbul qaydalarını yenidən nəzərdən keçirməyə məcbur etmək məqsədi daşıyır.