“Yalançı şahidlik” ittihamı ilə haqqında həbs qərarı çıxarılan Halit Ergençin məhkəmədə çıxışı: “Biz etirazlarda ön planda idik...”
Bu gün, 16:08

İncəsənət adamlarını illər əvvəl “Gəzi parkı etirazlarına” yönləndirməkdə təqsirləndirilən və bu ilin yanvarında həbs olunan menecer Aişə Barımla bağlı istintaq çərçivəsində şahid qismində dindirilmiş, Türkiyənin iki məşhur aktyoru iki məşhur aktyoru – Halit Ergenç və Rza Kocaoğlu haqqında həbs qərarı çıxarılıb. Onlar yalan ifadə verməkdə ittiham olunur.
Bizimyol.info xəbər verir ki, adları çəkilən aktyorlar haqqında mayın 23-də çıxarılan hökmə əsasən, Halit Ergenç 1 il 10 ay 15 gün, Rza Kocaoğlu isə 1 il 8 ay azadlıqdan məhrum edilib.
Halit Ergenç bildirib ki, “yalançı şahidlik” etməsi barədə ittiham və çıxarılan hökmlə razı deyil, yuxarı instansiya məhkəməsinə şikayət verəcək.
“'Mən orada şahid qismində dindirilmişəm və yalan danışmamışam. Səmimiyyət nisbi anlayışdır. Biz sektorda bir çox insanla səmimi ünsiyyətimiz, görüntülərimiz ola bilər. Yaxud da eyni layihədə bir çox seriyalarda birlikdə çəkildiyimiz insanlarla heç səmimiyyətimiz olmaya bilər. İçimdə “kaş ki” dediyim məsələlərdən biri də budur ki, gərək o zaman sosial şəbəkələrdə fotolarımın yayımlanması ilə bağlı iddia qaldıraydım. Çünki o zaman ağlasığmaz iddialar irəli sürürdülər. Halbuki orada insan seli var idi, sanki biz etirazlarda ön planda idik. Heç bir qəsdim olmadığına və cinayət törətmədiyimə görə haqqımda bəraət hökmünün çıxarılmasını xahiş edirəm”, - Halit Ergenç məhkəmədə çıxışında bildirib.
Halit Ergenç hazırda Türkiyənin “Star TV” kanalında yayımlanan “Kral kaybederse” serialında baş rol ifaçısıdır.