ABŞ neft bazarını təhdid edir: Azərbaycana da “pay” düşür
16-05-2017, 22:59

Zəfər Vəliyev: “ABŞ-ın da yaxın dövr üçün neft siyasətinin ana xətti idxaldan azad olunmağa hədəflənib”
ABŞ-da qazılan neft quyularının sayı artaraq 712-yə çatıb. Dünyanın ən böyük neft sahəsinə xidmət göstərən şirkətlərindən biri olan "Baker Hughes"ın həftəlik hesabatına görə, Amerikada bu həftə qazılan neft quyularının sayı 9 ədəd artaraq 712-yə yüksəlib. "Baker Hughes"ın hesabatı, ölkədəki qazılan neft quyularının sayında 17 həftə ardıcıl artım olduğunu göstərib. Beləliklə, yanvar ayında 522 olan qazılan quyuların sayı son 17 həftədə də 36,4 faiz artıb.
Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev “Cümhuriyət” qəzetinə bildirib ki, ABŞ qlobal neft bazarlarında neftin qiymətini təhdid altına alan düşünülmüş addım atmır:
“Hər bir dövlətin özünün neft siyasəti var. ABŞ-ın da yaxın dövr üçün neft siyasətinin ana xətti idxaldan azad olunmağa hədəflənib. Donald Tramp seçki qabağı kampaniyası öncəsi bəyan etdiyi kimi ABŞ-ın neft siyasəti hasilat həcmlərinin artırılması ilə yanaşı idxal həcmlərinin azaldılmasına da hədəflənib. Belə olan təqdirdə ABŞ qlobal neft bazarlarında qiyməti təhdid altına alır və yaxud potensial neft ixrac edən dövlətlərlə rəqabətə girir kimi yanaşmalar düzgün deyil.
ABŞ hasilat həcmlərinin artırılmasını çox müasir texnologiya ilə həyata keçirir. İlk öncə qazma effektliyini artırıb, hasil olunan neftin maya dəyərini aşağı salıb. Texnika inkişaf etdikcə təbii ki, bu da öz təsirini hasilat sənayesinə daşıyır. 2015-ci ilin may ayında ABŞ-da sutkalıq neft hasilatı 9.6 milyon barel həcmində olub. Sonra dünya bazarında neftin qiyməti aşağı düşdü. 2016-cı ilin ortalarında ABŞ-da əsasən şist neft yataqlarında hasilat həcmlərində 4.3 milyon barelə qədər azalma müşahidə olundu. Bu gün 5 milyon barelə yaxınlaşıb.
Hazırda ABŞ-da sutkalıq hasilat həcmləri 9.3 milyon barel civarındadır. O cümlədən, idxal həcmləri 7 milyon barelə düşüb. Göründüyü kimi fərq olduqca böyükdür. Halbuki 7-8 il bundan öncə ABŞ-ın idxal həcmləri indikindən daha çox, təxminən 10 milyon barel həcmində idi. Buna görə də OPEC-in atdığı hər hansı bir addım ABÇ-ın xeyrinə işləyir”.
Ekspert onu da qeyd edib ki, Səudiyyə Ərəbistanı və Rusiyanın energetika nazirləri Pekində hasilat həcmilərinin azaldılması ilə bağlı Vyana paktının icra müddətini 2018-ci ilin mart ayına kimi uzatmaq barədə razılığa gəliblər:
“Nazirlər bu təşəbbüsü Vyana paktının digər iştirakçıları tərəfindən dəstəklənəcəyinə ümid etdiklərini bəyan edəndən sonra neft bazarlarında canlanma hiss edilib. Belə ki , Brent etalon markalı neftin iyul füçers qiymətləri 1,5 faiz artaraq barel hesabı ilə 51,69 ABŞ dolları, WTİ etalon markalı neftin iyun füçers qiyməti isə 1,53 faiz artaraq 48,69 ABŞ dolları təşkil edib. Nəzərə almaq lazımdır ki, dünyada gündəlik istehlak edilən xam neftin beşdə biri bu iki ölkənin payına düşür.
Eyni zamanda hər iki ölkənin qlobal neft bazarlarına siyasi və iqtisadi təsir imkanları çox böyükdür. Lakin fakt faktlığında qalır ki, bugünkü artım fundamental faktorlara bağlı deyil və ola da bilməz. Artım həmişə olduğu kimi bəyanatlara köklənib. Məsələ bundadır ki, həm Səudiyyə Ərəbistanının, həm də Rusiyanın hasilat həcmlərinin azaldılması ilə bağlı strategiya bu gün işləmir və əks effekt verir. Qarşıdakı aylarda ABŞ-da həm qazma aktivliyi davam edəcək, həm də hasilat həcmləri artacaq. Bu, bir aksiomadır. ABŞ-da hasilat həcmləri artdıqca idxal həcmləri azalacaq”.
Zəfər Vəliyevin sözlərinə görə, ABŞ 2018-ci ildə sutkalıq neft hasilatı 10 milyon bareldən yuxarı artırmağı hədəfləyib: “Əgər 2018-ci ildə ABŞ-da sutkalıq neft hasilatı 10 milyon bareli keçərsə, onda idxal 5-6 milyon barelə düşəcək. Deməli, qlobal neft bazarları üçün yaxşı heç nə vəd etmir. 2015-ci ilin aprel-may aylarında ABŞ-da müşahidə olunan qazma aktivliyini ekspertlər belə analiz edirdilər ki, bu, Amerikada hasilat həcmlərinin sabit saxlanılmasına xidmət edir. OPEC-in yaxın dövrlərdə hər hansı bir qərar qəbul etməsindən asılı olmayaraq ABŞ-da qazma aktivliyi davam edəcək. Bu da özünü sutkalıq hasilat həcmlərinin artmasında göstərəcək”.
Z.Vəliyev onu da vurğulayıb ki, 2 il bundan öncə ABŞ-da şist neft yataqlarında 1 barel neftin maya dəyəri 70-80 dollar arasında dəyişirdisə, indi 1 barel neftin maya dəyəri 35-40 dollar arasında dəyişir. Analitikin qənaətincə, belə olan təqdirdə ABŞ üçün dünya bazarında neftin qiymətinin aşağı-yuxarı olmasının fərqi yoxdur:
“Əsas məsələ odur ki, onlar hasil etdiyi neftin maya dəyərinin kəskin şəkildə aşağı saldı. Əgər bu məntiqlə yanaşsaq OPEC-in də arqumentləri var. Məsələn, Səudiyyə Ərəbistanı ilə Rusiya iddia edirlər ki, onlarda quruda hasil olunan neftin indiki qiymətləri fonunda sərfəlidir. Necə sərfəlidir ki, onlar hasilat həcmlərini aşağı salırlar? Bir qrup ekspert ortaya daha məntiqli fikir qoyur ki, dünya bazarlarında neftin qiymətinin 70 dollara olması Səudiyyə Ərəbistanı və Rusiya kimi dövlətlərin büdcə problemlərini aradan qaldıracaq.
Deməli, onlarda neftin maya dəyəri heç də dedikləri kimi aşağı rəqəmlərlə ifadə olunmur. Buna görə də, ABŞ qazma aktivliyini artırdıqca hasilat həcmlərini də artıracaq. Eyni zamanda onlar artıq xam neftin ixrac həcmlərini də artıracaq. Yeni məlumat var ki, ABŞ-ın aprel ayında dünya bazarlarına çıxardığı neft 1 milyon bareldən yuxarı olub. Halbuki ilin əvvəlində bu, 600 min barel civarında idi. Deməli, ABŞ-ın neft strategiyasının əsas ana xəttini həm hasilat, həm də ixracat həcmlərini artırmaq dayanır”.