ABŞ-dan Putinə açıq mesaj –Rusiyaya qarşı sanksiyalar qanun halına salınır
15-06-2017, 08:33

ABŞ Senatı Rusiya üzərinə onun Ukraynadakı hərəkətlərinə görə qoyulmuş mövcud iqtisadi sanksiyaların möhkəmləndirilməsinə və Moskvanın ABŞ seçki kampaniyasına iddia olunan müdaxiləsi səbəbindən yeni sanksiyaların qoyulmasına əksəriyyət çoxluğu ilə səs verib.
Strateq.az AzadliqRadiosuna istinadla xəbər verir ki, sanksiyalar haqqında qanun ABŞ Konqresinin yuxarı palatası tərəfindən 97 leyhinə və 2 əleyhinə nisbəti ilə qəbul edilib.
Bu səsvermədən az əvvəl dövlət katibi Reks Tillerson bu qanunu qəbul etməklə administrasiyanın Rusiya məsələsində “əl-qolunu bağlamamağa” çağırmışdı.
İndi belə görünür ki, senatorlar bu çağırışa məhəl qoymayıblar.
Digər tərəfdən, bu səsvermənin nəticələri Vaşinqtonda hər iki partiyanın üzvləri arasında Moskvanın cəzalandırılması üçün qətiyyətin artdığını göstərib.
Kremlin ən qatı tənqidçilərindən senator Con Makkeyn səsvemədən əvvəl demişdi ki, “prezident Putinin demokratiyamıza açıq hücumu onun bizim ölkəmizə aşkar hörmətsizliyini nümayiş etdirib”.
Bu qanunvericilik aktının həm demokratlar, həm də respublikaçılar tərəfindən dəstəklənməsi prezident Donald Trampın Moskva ilə münasibətlərin yaxşılaşdırılması niyyətlərinə güclü müxalifətin nümayişinə çevrilib.
Eyni zamanda yaxın ətrafının Rusiya rəsmiləri ilə keçən ilin seçki kampaniyası zamanı iddia olunan əlaqələrinə görə, Trampın üzərindəki şübhələr artmaqdadır.
Prezident heç bir qanunsuzluğa yol verilmədiyini bildirib, lakin bu əlaqələr hazırda Konqresin iki komitəsi tərəfindən təhqiq edilir. Eyni iddialar FTB və xüsusi prokuror tərəfindən də araşdırılır.
Rusiyaya dair düzəliş İrana qarşı sanksiyaların daha böyük qanun paketinin tərkibində qəbul edilib. İrana qarşı sanksiyalar onun ballistik raket sınaqlarına və insan haqlarının vəziyyətinə görə qəbul olunub. Bütövlükdə qanuna dair Senat səsverməsi artıq iyunun 15-də keçirilə bilər.
Bundan sonra qanunvericilik aktı Nümayəndələr Palatasına veriləcək. Orada Rusiyaya qarşı cəzalandırıcı tədbirlərə dəstək bir qədər zəifdir. Buna baxmayaraq, respublikaçı spiker Paul Ryan qanunu dəstəkləyəcəyini elan edib.
Moskva üzərindəki mövcud sanksiyaların qanuna çevrilməsi Trampın onları özbaşına qaldırmasını çətin edəcək.
Senatın ən vəzifəli demokratı Çak Sxumer deyib ki, bu səsvermə Putinə açıq mesajdır.