İranda daha 9 bəhai tutulub, bir bəhainin qatilləri isə azadlığa buraxılıb
15-06-2017, 09:45

GünAzTV: İranda bəhai dininə inanan daha 9 nəfər tutulub, 9 ay əvvəl bıçaqlanaraq qətlə yetirilən bir bəhainin qatilləri isə azadlığa buraxılıb.
İrandakı hüquq müdafiəçilərinin bəhai mənbələrinə istinadən yaydığı məlumata əsasən, iyunun 13-də İranın Gülüstan əyalətinin Qorqan şəhərində əksəriyyəti qadın olan 7 bəhai (Məryəm Dehqan Yəzdli, Müjdə Zühuri, Fərəh Təbyaniyan, Huşmənd Dehqan Yəzdli, Şeyda Qoddusi, Punə Sənayi və Nazi Təhqiqi) yerli ETTELAAT tərəfindən yaxalanaraq həbsə salınıb. Onların keçmişdə barələrində çıxarılmış həbs cəzasını çəkmələri üçün həbs edildiyi bildirilir.
Həmin gün İranın İsfahan əyalətinin Şahinşəhr şəhərində ifadə vermək üçün prokurorluğa çağırılan daha 2 bəhai xanım (Nuşin Salekiyan və Fəridə Əbdi) yaxalanaraq İsfahanın Dövlətabad zindanına aparılıb. Hər 9 bəhai, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda, bəhai dininə inanmaqda və onu təbliğdə, eləcə də sistemə qarşı təbliğat aparmaqda günahlandırılır.

Həmçinin radikal şiə ruhanilərin təhriki ilə 2016-cı il, sentyabrın 26-da İranın Yəzd şəhərində 63 yaşlı Bəhai Fərhəng Əmirini yaşadığı mənzilin qapısında bıçaqlayaraq qətlə yetirilən 2 gənc qatil, bir neçə ay saxlandıqdan sonra hər hansı bir cəza almadan, mülk vəsiqəsi girovu qoyaraq azadlığa buraxılıb. Bir-biri ilə qardaş olan qatillər bundan əvvəl dindirilərkən bildiriblər ki, onlar öz dini əqidələrinə görə bəhai vətəndaşı qətlə yetiriblər: “Biz kimliyindən asılı olmayaraq bir bəhaini öldürmək qərarına gəlmişdik. Ruhanilərdən eşitdiyimizə görə bəhailər, islamdan üz döndərmiş sabiq müsəlmanlardır və mürtəd olduqlarına görə onların qanını tökmək savabdır. Biz isə savaba batmaq üçün onu öldürdük və peşman da deyilik. Şübhəsiz ki, daha artıq savab qazanmaq üçün azadlığa buraxılandan sonra başqa birisini öldürəcəyik”.

Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşayır. İran İslam Respublikası konstitusiyası bəhai dinini müstəqil bir din kimi tanımır. Elə buna görə də, son 38 ildə ölkədə bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb. İrandakı ruhanilərin təhriki ilə naməlum “Hizbullah”çı qruplaşmalar vaxtaşırı bəhailərin iş yerlərinə hücum çəkir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını isə dağıdırlar. 1979-cu ildə İranda molla hakimiyyəti qurulandan bu günə kimi, ölkədə ən azı 300 nəfərdən çox bəhai edam edilib.
A.M
günaz.tv