Malidə turist düşərgəsinə hücum edən silahlılar məhv edilib
19-06-2017, 08:50

Malinin paytaxtı Bamako şəhərində turist düşərgəsinə hücum edən silahlılar məhv edilib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Malinin Təhlükəsizlik naziri Səlifə Traore bəyan edib.
Onun sözlərinə görə, həyata keçirilən xüsusi əməliyyat nəticəsində 4 silahlı məhv edilib, 36 nəfər, o cümlədən 16 Fransa vətəndaşı girovluqdan azad edilib. Terrorçuların hücumu zamanı 2 nəfər ölüb, onlardan biri Fransa vətəndaşıdır.
Xatırladaq ki, ötən axşam Malinin paytaxtında naməlum silahlılar turist düşərgəsinə hücum edib, dinc insanları girov götürmüşdü. Hücuma görə heç bir silahlı qruplaşma hələ ki, məsuliyyəti öz üzərinə götürməyib.
***
01:02
Malinin paytaxtı Bamako şəhəri yaxınlığında naməlum silahlılar turist düşərgəsinə hücum edərək xeyli sayda insanı girov götürüb.
APA-nın TASS agentliiynə istinadən verdiyi xəbərə görə, hərbçilər tərəfindən keçirilən xüsusi əməliyyat nəticəsində 32 girov azad edilib.
Əməliyyat zamanı 2 hərbçinin həlak olduğu, əməliyyatın davam etdirildiyi bildirilir.
***
22:10
Malinin paytaxtı Bamakoda turist düşərgəsinə silahlı hücum olub.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yerli sakinlər atəş səslərinin eşidildiyini bildirir.
Ölən və yaralananlar barədə hələ ki, məlumat yoxdur. Hadisə yerinə Mali hərbçiləri və ölkədə yerləşdirilən Fransa antiterror kontingentinin hərbi qulluqçuları cəlb edilib.