“Putin NATOsu” Azərbaycanı öz sırasına qəbul etməyə hazırdır

13-04-2015, 17:35           
“Putin NATOsu” Azərbaycanı öz sırasına qəbul etməyə hazırdır
Çin, İran və bir sıra ölkələr Kollektiv Təhlükəsizlik barədə Müqavilə Təşkilatı (KTMT) ilə əməkdaşlığa maraq göstərirlər.

Oxu.az xəbər verir ki, bu barədə TASS-a verdiyi müsahibəsində təşkilatın baş katibi Nikolay Bordyujka bildirib.

“KTMT ilə əməkdaşlığa maraq var. Amma daha ciddi qarşılıqlı fəaliyyət haqqında qərar müstəqil qəbul edilməlidir”, - o vurğulayıb.

“KTMT Pakistan, İran, Çin, Azərbaycan, Gürcüstanın və s. istənilən ölkənin ərizəsini nəzərdən keçirməyə hazırdır. Amma bizim üçün bu qərarın dərk edilməsi və dövlətin kollektiv əsasda təhlükəsizlik sahəsində praktiki olaraq fəaliyyət göstərməyə hazırlığı müəyyənedici olacaq. Bu, sonradan heç nəyin baş vermədiyi sadə siyasi addım deyil, düşünülmüş qərar olacaq”, - təşkilatın baş katibi xüsusi qeyd edib.

1992-ci ildə yaradılmış Kollektiv Təhlükəsizlik barədə Müqavilə Təşkilatına bu gün altı üzv – Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstan daxildir. KTMT-də Özbəkistanın üzvlüyü 2012-ci ildə dayandırılıb.

Qeyd edək ki, Kollektiv Təhlükəsizlik barədə Müqavilə Təşkilatı (KTMT) bir neçə Avrasiya dövləti tərəfindən 1992-ci il may ayının 15-də imzalanmış Kollektiv Təhlükəsizlik Müqaviləsi əsasında yaradılmış hərbi-siyasi ittifaqdır (müxtəlif dövrlərdə təşkilatda 6-dan 9-a qədər dövlət birləşirdi).

1992-ci ilin may ayının 15-də Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan Daşkənddə Kollektiv Təhlükəsizlik haqqında Müqavilə (KTM) imzalayıblar. Azərbaycan müqaviləni 1993-cü ilin sentyabrın 24-də, Gürcüstan 1993-cü ilin sentyabrın 9-da, Belarus 1993-cü ilin dekabrın 31-də imzalayıb.

Müqavilə 1994-cü ilin aprel ayının 20-də qüvvəyə minib. Müqavilə 5 ilə nəzərdə tutulub və müddətin uzadılması mümkün idi. 1999-cu ildə Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan prezidentləri müqavilənin fəaliyyət müddətinin növbəti beşillik uzadılması üçün protokol imzaladılar, amma Azərbaycan, Gürcüstan və Özbəkistan müqavilənin müddətinin uzadılmasından imtina etdilər, həmin il Özbəkistan GUAM-a qoşuldu.

KTM-nin 2002-ci ilin may ayının 14-də Moskva sessiyasında beynəlxalq təşkilata - Kollektiv Təhlükəsizlik barədə Müqavilə Təşkilatına (KTMT) çevrilməsi qərarı qəbul edildi.

2002-ci il oktyabrın 7-də Kişinyovda KTMT-nin Nizamnaməsi və hüquqi statusu barədə Razılaşma imzalandı. Sənədlər KTMT-nin üzv-ölkələri tərəfindən baxılaraq 2003-cü ilin sentyabr ayının 18-də qüvvəyə mindi.

2006-cı ilin avqust ayının 16-da Soçidə Özbəkistanın (üzvlüyünün bərpası) tamhüquqlu şəkildə KTMT-yə birləşdirilməsinə dair qərar qəbul edilib.

2009-cu ilin fevral ayının 4-də Moskvada Kollektiv Təhlükəsizlik barədə Müqavilə Təşkilatı (KTMT) ölkələrinin liderləri Kollektiv çevik reaksiya qüvvələrinin yaradılması barədə qərar qəbul etdilər.

Bu sənədə müvafiq olaraq, Kollektiv çevik reaksiya qüvvələri hərbi aqressiyanın qarşısını almaq, beynəlxalq terrorizm və ekstremizm ilə mübarizə əməliyyatlarının keçirilməsi, transmilli mütəşəkkil cinayətkarlıq, narkotrafik, eləcə də fövqəladə halların nəticələrinin aradan qaldırılması üçün istifadə ediləcək.

2012-ci ilin 28 iyun tarixində Daşkənd Özbəkistanın KTMT-də üzvlüyünün dayandırılmasına dair xəbərdarlıq notası göndərib (üzvlük rəsmi olaraq həmin il dekabr ayının 19-da dayandırılıb).

Təşkilatın əsasını Rusiya prezidenti Vladimir Putinin dəstəyi ilə yaradılmış Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələr təşkil edir. KTMT-ni çox zaman “Putin NATO-su” da adlandırırlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.