Vahid Ələkbərovun “Avstriya izi”: maqnatın adamı şok maxinasiyalarda ittiham olunur

15-04-2015, 16:53           
Vahid Ələkbərovun “Avstriya izi”: maqnatın adamı şok maxinasiyalarda ittiham olunur
Avstriyada azərbaycanlı neft maqnatı, Rusiyanın “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərovla bağlı qalmaqal başlayır.

teref.az saytı xəbər verir ki, Avstriyada qeydiyyatdan keçmiş neft servis şirkəti “C.A.T. Oil” keçmiş top-meneceri, qalmaqallı rusiyalı biznesmen qadın Anna Brinkmann barəsində prokurorluğa müraciət edib.

Anna Brinkmann Vahid Ələkbərovun benefisiarıdır və Avstriya şirkətinə milyonlarla dollar məbləğində ziyan vurmaqda ittiham olunur. Qalmaqal barədə “The Moskow Post” nəşri yazıb.

“C.A.T. Oil” şirkəti Rusiyanın “Başneft” şirkətinin Direktorlar Şurasının üzvü, “Shlumberger” servis şirkətinin Rusiyadakı filialının keçmiş prezidenti Moris Dijola məxsusdur. Anna Brinkmann isə bu şirkətin keçmiş top-meneceri və 49 faiz payla təsisçisi olub. 2014-cü ildə M.Dijol şirkətdə nəzarət səhm paketini əldə edib. Bundan dərhal sonra A.Brinkmann Direktorlar Şurasını tərk edib və səhmlərinin 11 faizini M.Dijola satıb.

İndi A.Brinkmannı onda ittiham edirlər ki, biznesmen qadın top-menecer olarkən heç bir iqtisadi əsas olmadan vasitəçi şirkətlərdən istifadə edərək aktivləri alıb, bu sövdələşmələrdən on milyonlarla avro gəlir əldə edib. Başqa sözlə, o, şirkətdə əməliyyat direktoru olarkən “C.A.T. Oil”un aktivlərini vasitəçi şirkətlər üzərindən çıxarıb.

M.Dijolun nümayəndəsinin bildirdiyinə görə, bu maxinasiya yalnız 2015-ci ilin fevralında üzə çıxıb. Fevralın 18-də Kipr məhkəməsi “C.A.T. Holding”in və onunla bağlı olan “C.A.T. Oil”un səhmlərinə müvəqqəti həbs qoyub.

İddiaçı qismində isə A.Brinkmannın benefisiarı olduğu “AB PCO” şirkəti çıxış edib. Başqa sözlə, A.Brinkmann məhkəmə yolu ilə M.Dijola təzyiq göstərərək onu iddiasını geri götürməyə məcbur etmək istəyib. Buna cavab olaraq M.Dijol A.Brinkmannı prokurorluğa verib.

Anna Brinkmann qalmaqallı reputasiyası ilə tanınır, vaxtilə “LUKoil” vitse-prezidenti Vitali Şmidtin tərcüməçisi olub. V.Şmidt 1997-ci ilin avqustunda qəfil ürək tutmasından ölüb və vəsiyyət qoymağa imkan tapmayıb.

V.Şmidt “C.A.T. Oil”da 20 faizlik paya sahib idi və A.Brinkmann şefin qəfil ölümündən cəmi bir neçə gün sonra onun aktivlərinin bir hissəsini öz adına, bir hissəsini “LUKoil”un top-menecerlərinin adına rəsmiləşdirib. O zaman Almaniya polisi V.Şmidtin aktivlərinin onun qanuni varislərinin icazəsi olmadan ələ keçirilməsi işi üzrə cinayət işi qaldırmışdı. Ancaq 2004-cü ildə bu iş bağlanıb.

V.Şmidtin oğlu atasının aktivlərini geri qaytarmağa çalışsa da buna nail olmayıb, o, atasının mənzilindən vacib sənədlərin oğurlandığını bildirib. Araşdırma zamanı üzə çıxıb ki, V.Şmidtin aktivlərini A.Brinkmann və ortaqları biznesmenin ölümündən sonra Lixtenşteyndə onun adına açdıqları şirkət vasitəsilə ələ keçirib.

Lakin bu maxinasiyada Vahid Ələkbərovun xüsusi rolunun olduğu da bildirilir. Belə ki, ölümündən əvvəl V.Şmidt “LUKoil”un offşor şirkətlərinin restrukturizasiyasını həyata keçirmək planını işləyib başa çatdırmışdı. O, şirkətin bütün xarici firmalarını özünün rəhbərlik etdiyi şirkət altında birləşdirmək istəyirdi.

V.Şmidtin ölümündən sonra Vahid Ələkbərov onun kabinetindən bütün sənədləri və açarları götürüb. Bunun ardınca A.Brinkmann Lixtenşteyndə V.Şmidtin adına şirkət açıb. Alman biznesmenin qohumları prokurorluğa yazdıqları ərizədə göstəriblər ki, Anna Brinkmann V.Şmidtin əmlakının və səhmlərinin mənimsənilməsinə dair maxinasiyaların təşkilatçısı olduğunu gizlətməyib, bütün bunları Vahid Ələkbərovun göstərişi ilə etdiyini bildirib.

İndi ehtimal edilir ki, Anna Brinkmannın barəsində Avstriya prokurorluğunda araşdırmanın başlaması V.Şmidtin əmlakının ələ keçirilməsi işi üzrə təhqiqatın da bərpasına səbəb olacaq.

Ekspertlərin qənaətinə görə, əgər M.Dijol Rusiya hüquq-mühafizə orqanlarına şikayət etsə, o zaman A.Brinkmanna loyallığını hələ də saxlayan Vahid Ələkbərov da işdə fiquranta çevrilə bilər.
Aslan












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.