Mahmud Abbas Britaniya və ABŞ-ın Fələstinə dair siyasətini BMT-də tənqid edib

21-02-2018, 08:19           

Fələstin milli administrasiyasının sədri Mahmud Abbas BMT Təhlükəsizlik Şurasının iclasında Böyük Britaniya və ABŞ-ın Fələstinə dair siyasətini tənqid edib.



APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, M.Abbas xalqının ağır vəziyyətə düşməsində Britaniya hökumətinin günahkar olduğunu bildirib.



“Böyük Britaniya hökuməti Fələstin xalqı üçün faciəvi nəticələrə gətirib çıxarmış 1917-ci il tarixli Balfur bəyannaməsinə görə məsuliyyət daşıyır”, - deyə M.Abbas qeyd edib.



Fələstin rəhbəri ABŞ-ı da tənqid atəşinə tutub: “Qəribədir ki, ABŞ Konqresin 1987-ci il qərarını əsas gətirərək, Fələstin Azadlıq Təşkilatını hələ də terrorçu siyahısına daxil etməkdə və missiyamızın Vaşinqtonda fəaliyyəti üçün maneələr yaratmaqda davam edir”.



“Konqres bizi terrorçu sayırsa, onda necə ABŞ administrasiyası bizimlə münasibət saxlayır? Necə Fələstinə səfərlər edir? Necə bizə dəstək verir? Siz necə terrorçulara dəstək verirsiz?”, - deyə M.Abbas ABŞ nümayəndə heyətinə müraciət edərək bildirib.



M.Abbas xatırladıb ki, 2017-ci ildə Fələstin nümayəndələri 4 dəfə ABŞ prezidenti ilə görüş keçiriblər.



TŞ-nin qeyd olunan iclasında ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Xeyli, habelə prezident D.Trampın müşaviri və yeznəsi Cared Kuşner də iştirak edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.