“Azərbaycan etirazlardan sığortalanmayıb...” - Mərkəzi Kəşfiyyat İdarəsinin kölgəsi

31-08-2015, 20:53           
“Azərbaycan etirazlardan sığortalanmayıb...” - Mərkəzi Kəşfiyyat İdarəsinin kölgəsi
ABŞ-ın özəl kəşfiyyat araşdırmaları mərkəzi “Stratfor” Azərbaycanın xarici siyasət strategiyasına və regiondakı geosiyasi əhəmiyyətinə dair icmal yayıb.

Virtualaz.org saytı xəbər verir ki, Mərkəzi Kəşfiyyat İdarəsinin “kölgəsi” kimi tanınan mərkəzin icmalında “Azərbaycanın çevik milli strategiyası” adlı icmalda Azərbaycanın Avrasiyada mühüm energetika oyunçusu olduğu vurğulanır.

Bildirilir ki, Azərbaycan 24 illik müstəqillik dövründə titanik dəyişikliklərə imza atıb. Baxmayaraq ki, ölkə müstəqilliyinə uğursuz başlamışdı. 90-cı illərin əvvəllərində Azərbaycan Dağlıq Qarabağa görə Ermənistanla müharibə aparıb. Ermənilərin başlatdığı bu müharibə 7 il davam edib və on minlərlə insan itkisinə, Dağlıq Qarabağın və ətraf rayonların itirilməsi hesabına başa gəlib.

“Stratfor”un icmalında deyilir ki, 1993-cü ildə hakimiyyətə gələn Heydər Əliyev hakimiyyəti əlində cəmləşdirdi və Ermənistanla atəşkəs razılaşması əldə edə bildi. Əliyevin hakimiyyəti altında Azərbaycan özünün milli strategiyasını müəyyən etdi. Onun hakimiyyəti dövründə Azərbaycan Qərb şirkətləri ilə iri neft-qaz müqavilələri bağladı, regionun mühüm enerji ixracatçısına çevrildi.

Mərkəz Azərbaycanın milli strategiyasının mühüm tərkib hissəsi kimi balanslaşdırılmış xarici siyasəti qeyd edir. Bu siyasət Azərbaycanın suverenliyii və ərazi bütövlüyünü dəstəkləməyə yönəlib. Bakının xarici siyasəti eyni vaxtda bir neçə derjava ilə əməkdaşlıq üzərində qurulub. Ölkənin energetika resurslarının istismarı və nəqli xarici siyasətin mühüm alətlərindən biridir. Azərbaycan Ermənistan kimi Rusiyanın başçılıq etdiyi alyansa qoşulmayıb, eyni zamanda Avropa İttifaqına və NATO-ya istiqamət götürməyib. Əvəzində bütün tərəflərlə, eləcədə də cənubda İranla və Türkiyə ilə iqtisadi-siyasi əməkdaşlıq xəttinə üstünlük verib.

“Bu balanslı siyasət 2003-cü ildə Heydər Əliyev vəfat edəndən sonra ölkədə stabil siyasi keçidi təmin etməyə və hakimiyyətdə onu İlham Əliyevin əvəzləməsinə imkan yaratdı”-mərkəz bildirir.

Bildirilir ki, növbəti onillikdə İlham Əliyev də ölkəsi atası kimi idarə edib. Azərbaycan iqtisadiyyatı energetika sənayesinin sayəsində sürətlə artıb. Hərbi xərclər və günlərin birində Qarabağın güc yolu ilə geri qaytarılacağına dair kəskin bəyanatlar artıb.

“Əliyev atasının müəyyən etdiyi milli strategiyaya uyğun olaraq Rusiya, Türkiyə və Qərb arasında balanslaşdırılmış siyasət yürüdür, eyni zamanda tam olaraq onlardan hər hansı birinə meyl etmir”-“Stratfor” bildirir.

İcmalda göstərilir ki, Ukrayna hadisələri Azərbaycan üçün ciddi sınaq oldu və Rusiya ilə Qərb arasında münasibətlərin kəskinləşməsi onun regional əhəmiyyətini daha da artırdı. Eyni zamanda Azərbaycan həm də Rusiya üçün daha qiymətli ölkəyə çevrildi. Hazırda Bakı həm Qərb, həm Rusiya ilə münasibətlərdə özünün regiondakı siyasi və hərbi mövqeyini möhkəmləndirmək üçün öz rıçaqlarından istifadə edir.

Əlbəttə, Azərbaycan problemlər də yaşayır. Neftin qiymətlərinin kəskin aşağı düşməsi onun iqtisadiyyatında problemlər yaradıb. Baxmayaraq ki, regionun digər neft ölkələri ilə müqayisədə Azərbaycan öz iqtisadiyyatını daha çox şaxələndirə bilmişdi.

“Azərbaycan həmçinin etirazlardan və daxili siyasi problemlərdən də sığortalanmayıb, hərçənd bu risk onun digər qonşuları ilə müqayisədə aşağıdır”-mərkəz bildirir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.