“Əjdahalar”ı tuta bilməyən Sərkisyan üçün ikinci yol
31-08-2015, 21:05
Ermənistan mediasında korrupsiya ilə bağlı kifayət qədər informasiyaların çıxmasına baxmayaraq, prezident Serj Sərkisyan korrupsiyanın başında olan “əjdahalar”ı tuta bilmir. Baxmayaraq ki, Sarkisyan bir neçə dəfə bunun üçün göstərişlər verib.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, baş nazir Ovik Abramyanın başçılıq etdiyi Korrupsiyaya qarşı Şuranın yaxın vaxtlarda birinci iclası olub.
Amma cəmiyyət əsasən məmurlardan ibarət qurumun effektivliyi və həyat qabiliyyətindən şübhələnir. Sərkisyan hələ 2012-ci ildə “əjdahalar”ın tutulması üçün göstəriş verib. Həmin vaxt səhiyyə, nəqliyyat, rabitə və tikinti sferalarında büdcə vəsaitlərinin effektsiz istifadəsi haqqında məlumatlar medianın gündəminə çevrilmişdi. Prezident Milli Təhlükəsizlik Xidməti və Baş prokurorluğa bu məsələ ilə bağlı ciddi məşğul olmağı tapşırmışdı.
İqtisadi Rəqabətin Müdafiəsi üzrə Dövlət Komissiyası 2013-ci ildə səhiyyə sistemində hər il 1,5 milyard dram (təxminən 3,1 milyon dollar) dövlət vəsaitinin mənimsənildiyini açıqladı.
Ermənistan Nəzarət Palatasının sədri İşxan Zakaryan 2013-cü ildə dövlət büdcəsinin 70 faizinin oğurlandığını bəyan etdi. Ermənistan ombudsmanı Karen Andreasyan isə dərc etdiyi məruzəsində məhkəmə sistemindəki korrupsiya haqqında yazdı. Amma heç bir məmur bu iddialar çərçivəsində məsuliyyətə cəlb edilməyib. Baş prokuror Qevorq Kostanyan isə ombudsmandan yalnız konkret faktları tələb etməklə kifayətləndi.
"Transparency International" Korrupsiya ilə Mübarizə Mərkəzinin (KMM) icraçı direktoru Varujan Oktanyanın sözlərinə görə, Korrupsiyaya qarşı Şuranın üzvləri konkret şəxslərin həbsi haqqında qərarlar qəbul etməyəcək. Oktanyan qeyd edib ki, Ermənistanda korrupsiya ilə mübarizənin iki variantı mövcuddur: “İnqilab, yaxud da hakimiyyət dərk etməlidir ki, korrupsiya ilə mübarizə aparmağı bacarmır. Bəzi ölkələr birinci variant üzrə uğur qazandı. Məsələn, Gürcüstanda “rəngli inqilab” qələbə qazandı. Amma “narıncı inqilab”dan sonra Ukraynada vəziyyət daha da pisləşdi. Yəni, inqilablar həmişə korrupsiyanın azalmasına gətirib çıxarmır. Bu halda ikinci variant qalır. Korrupsiyaya qarşı Şuranın üzvləri məmurlardır və bu sahədə heç nə dəyişməyəcək”.
Varujan Oktanyan bildirib ki, hökumət artıq korrupsiyaya qarşı mübarizənin üçüncü strategiyasını qəbul edir və iri məmurlar məsuliyyətdən kənarda saxlanılır. O, həmçinin qeyd edib ki, beynəlxalq təşkilatlar, xüsusilə USAİD və Avropa strukturları Ermənistanda korrupsiyaya qarşı mübarizəyə qeyri-adi maraq göstərirlər. Oktanyan USAİD-in korrupsiyaya qarşı mübarizəyə əlavə olaraq 750 min dollar verəcəyini deyib: “Mən bunu ciddi siqnal hesab edirəm ki, korrupsiyaya qarşı ciddi mübarizə olmasa, dəstək dayandırılacaq. Beynəlxalq təşkilatlar sevmirlər ki, onların pulları havaya sovrulsun. İndi onlar aydınlaşdırmağa çalışırlar ki, verdikləri pul nəyə xərclənir”.