Rusiya Suriyaya qoşun yeritdi
2-09-2015, 10:24
Rusiya hərbçiləri və aviasiyasını Suriyaya göndərib.
Publika.az xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən İsrailin “Ynetnews” nəşri bildirib.
Nəşrin məlumatına görə, Rusiya aviasiyası İŞİD terror qruplaşmasına qarşı hava əməliyyatlarına qoşulacaq. Nəşrin həmsöhbətləri qeyd ediblər ki, Rusiya hərbçiləri və aviasiyası Dəməşqin ətrafındakı təyyarə bazalarından birindədir. Bazaya rejim qüvvələri nəzarət edir. “Güman edilir ki, artıq “atılmış” zərbə təyyarələri və vertolyotlar İŞİD döyüşçüləri ilə mübarizəyə cəlb ediləcək”, - “Ynetnews” qeyd edib.
Nəşrin mənbələri iddia edir ki, ən yaxın həftələrdə Suriyada Rusiya hərbçiləri – məsləhətçilər, təlimatçılar, cəbhə arxasında işləyənlər, döyüş aviasiyasının pilotları və zenitçilər min nəfərə qədər artırıla bilər.
İsrailin güc strukturlarına yaxın mənbə “Lenta.ru” saytına bildirib ki, onun informasiyasına görə, Suriyada Rusiya hərbçiləri var. Amma mənbə rus hərbçilərinin sayı barədə “Ynetnews” nəşrinin səsləndirdiyi rəqəmdən şübhələnib. Mənbə xatırladıb ki, bu günlərdə Moskva və Tehran Suriyada hərəkətlərin koordinasiyası haqqında razılaşmaya nail olub. Xüsusi halda, razılaşmaya Suriya ordusunun silahlandırılması daxildir. Bundan başqa, hərbi daşınmaların təminatı üçün Tartusdan başqa daha bir Suriya limanından istifadə hüququnun Rusiyaya verilməsi ehtimal edilir.
Qeyd edək ki, Türkiyə mediası avqustun 16-da 6 ədəd “MİQ-31” Rusiya qırıcısının Dəməşq yaxınlığındakı aerodroma eniş etdiyini bildirib. Ancaq həmin gün Rusiya tərəfi informasiyanı təkzib edib.