Rusiya Federasiyasının Komi Respublikasının rəhbəri Vyaçeslav Qayzerə cinayət işi açılıb və o, həbs edilib.
Virtualaz.org saytı İTAR-TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin məlumat yayıb.
V. Markin bildirib ki, V.Qayzer, onun müavini Aleksey Çernov, habelə Aleksandr Zarubin və Valeri Veselov adlı şəxslər cinayətkar dəstəyə rəhbərlik etməkdə və dələduzluqda şübhəli bilinirlər.
"Bu cinayətkar dəstənin məqsədi dövlət əmlakının cinayət yolu əldə edilməsi olub" - deyə V.Markin bildirib.
Onun sözlərinə görə, 2006-cı ildə yaradılan bu dəstənin 19 üzvü olub və onların hamısının adı bu cinayətlərdə keçir.
Rusiyanın hüquq-mühafizə orqanları hazırda həmin dəstənin digər üzvlərinin axtarışı ilə məşğuldur.
Hakim Vahid Rusiya Partiyası Ali Şurasının üzvü olan V.Qayzer Komi Respublikasına 2010-cu ilin yanvar ayından rəhbərlik edir.