Prezidentə və məşhur milyarderə 90 minlik şərab qonaqlığı – İş adamı "işə düşdü"
19-09-2015, 21:43
Bir neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putinlə İtaliyanın keçmiş baş naziri, məşhur milyarder Silvio Berluskoni Krıma səfər edərək yarımadanın görməli yerlərini gəzmişdi. Köhnə dostlar ziyarət zamanı «Massandra» şərab zavoduna da baş çəkmişdilər.
Strateq.az BBС-yə istinadən xəbər verir ki, ziyarət zamanı Berluskoni zavodun rəhbəri Yanin Pavlenkodan onları şəraba qonaq etməyi xahiş edib. Pavlenko da qonaqların şərəfinə yaşı iki əsrdən çox olan "Xeres-de-lə-Frontera" adlı 240 illik şərab açıb. Deyilənlərə görə, bu şərabı «Massandra»nın qurucusu qraf Mixail Vorontsov vaxtilə özü İspaniyadan gətiribmiş.
Lakin bu səxavətli davranışı Pavlenkoya baha başa gəlib. Ukrayna Prokurorluğu zavod direktoru ilə bağlı cinayət işi başladıb.
Prokurorluq iddia edir ki, Pavlenko kolleksiyaya daxil olan 90 min dollarlıq şərab şüşəsini özbaşına açmaqla qanunu pozub: «Bu şərab dünyanın ən məşhur şərab kolleksiyasına daxildir, həmçinin 1998-ci ildə «Ginnesin rekordlar kitabına» da düşüb».
2014-cü ilin martında Krımın Rusiya tərəfindən ilhaqına qədər «Massandra» Ukrayna dövlətinin nəzarətində idi. Ukrayna Krımın ilhaqını tanımadığı üçün yarımadanı öz ərazisi sayır. Həmin şərabın özbaşına istifadəsini isə dövlət vəsatini mənimsəmə kimi qəbul edir.
BBC-nin fikrincə, zavod direktoruna qarşı ittihamlar sadəcə qiyabi şəkildə irəli sürülə bilər. Çünki «Massandra» hazırda Rusiya prezidentinin İşlər İdarəsinin tərkibindədir.