Rusiyadan təhlükəli virus gəlir, sərhəddə xüsusi tədbir görülür

11-09-2018, 11:24           
Rusiyadan təhlükəli virus gəlir, sərhəddə xüsusi tədbir görülür
Rusiyanın Samara, Kurqan və Çelyabinsk vilayətlərində iribuynuzlu heyvanlar arasında nodulyar dermatit və Moskva vilayətinin Şaxovskaya rayonunda xırdabuynuzlu heyvanlar arasında çiçək xəstəliklərinin yayılması qeydə alınıb. Bu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OİE) məlumat yayıb.

Virtualaz.org xəbər verir ki, çiçək xəstəliyi iti gedişli virus xəstəliyidir və intoksikasiya, yüksək hərarət, dəri və selikli qişalarda düyünlü-pustulyozlu suluqlu səpgilərin əmələ gəlməsi ilə müşahidə olunur. Çiçəklə bütün kənd təsərrüfatı heyvanları, quşlar, o cümlədən insanlar da xəstələnirlər. Xəstəlik çiçəyə yoluxmuş heyvanlardan keçir. Onların orqanizmində əmələ gələn çiçək qaysaqlarının, ağız suyunun, göz və burun axıntılarının tərkibində olan virus asanlıqla ətrafa yayılır və həssas heyvanların yoluxması üçün təhlükə mənbəyinə çevrilirlər. Təsərrüfata törədici klinik sağlam heyvanlar, nəqliyyat və insanların vasitəsilə gətirilir. Yemlə, qulluq əşyaları vasitəsilə, xəstə heyvanların viruslu ifrazatları ilə gətirilməsi də mümkündür. Zərifyunlu cinslərdə və cavan qoyunlar arasında çiçək daha ağır keçir. Belə sürülərdə çiçək qısa vaxt ərzində 100 faizədək yayıla bilir.



Bəs virtusun Azərbaycana keçmə ehtimalı varmı?

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən virtualaz.org-a bildiriblər ki, qonşu ölkə ilə həmsərhəd rayonlarda heyvanlar çiçək xəstəliyinə qarşı peyvənd edilir. həmsərhəd rayonların hər birinə çiçək xəstəliyi əleyhinə 15 min doza miqdarında əlavə çiçək vaksini göndərib. Vaksinlər lazımı temperatur rejimi gözlənilməklə Quba, Qusar və Xaçmaz rayonlarına çatdırılıb.

Peyvəndləmə tədbirlərinin “soyuq zəncir” prinsipi gözlənilməklə qısa zaman kəsiyində başa çatdırılması nəzərdə tutulub. Tədbir müxtəlif səbəblərdən peyvənd edilməmiş xırdabuynuzlu heyvanlarda immunitet yaratmaq və Azərbaycan ərazisinin başqa ölkələrdən keçə biləcək iti yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə aparılır.

Dövlət Baytarlıq Xidməti, eləcə də Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyasının baytarlıq mütəxəssisləri bölgələrə ezam olunub, baytarlıq idarələri və sahə baytarlıq məntəqələri lazımi avadanlıq, ləvazimat, vaksin, dezinfeksiya maddələri və xüsusi geyim vasitələri ilə təmin ediliblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.