Ağdam nə qədər şəhid verib?
15-11-2018, 12:34
Qələm dostumuz Asəf Quliyev yaman sinirlənib və sosial şəbəkədə AzTV-nin siyasi şərhçisi və "Günün nəbzi" proqramının aparıcısı Rövşən Məmmədov və ağdamlı deputatları "S-300" raketləri ilə atəşə tutub. Onu ürəyi Qarabağ eşqilə çırpınan, Ağdamın uğrunda canından keçməyə hazır olan bir ağdamlı kimi yaxşı tanıdığımdan, yazdıqlarını anlayışla qarşılayardım, amma...
... Amması qalsın sonraya, əvvəlcə Asəf bəyin sosial şəbəkədə paylaşdığı statusa baxaq.
"AzTV yenə qatıqladı.
Rövşənə kimsə yazıb verib ki, bunu oxu. O da oxuyub. Ağdamın müdafiəsində 983 nəfər şəhid verib.
Çox uzağa getmək lazım deyildi. AzTV-nin arxivində Heydər Əliyevin dediklərinə baxmaq lazım idi. Amma Rövşən Heydər Əliyevin dediklərinə baxmağı lazım bilməyib.
Hardasınız ayrı vaxt ağzından "Dolu" tökən duptatlar di verin AzTV-nin cavabını... Duxunuz çatırsa. Cavab verə bilməyəcəksizsə səsinizi kəsin və oturun sizi harda oturdublar orda.
Əgər Ağdam və Ağdamlılar haqqında Heydər Əliyevin nə dediyini bilmək istəyirsinizsə buyurun baxın..."
Və sonra həmin çıxışın yutubda yerini göstərib.
Ağdamlı deputatlara bu qədər kin, nifrət, hirs, hikkə hardandı bilmirəm. Ağdam deputatları "duptat", "duxunuz çatırsa", "səsinizi kəsin", "oturun" və sairə ilaxır ifadələrlə təhqir etmək deyəsən özünə çox ləzzət eləyib, ağzı şirin olsun.
İndi gələk ammaya...
Əvvəla Rövşən müəllim bunu hansısa bir məqsədlə və ya qəsdən, bilərəkdən etməyib, bu bir mexaniki səhvdir, hamımız belə mexaniki səhvlərə yol veririk. Və Rövşən müəllimin bunu mexaniki olaraq səhv etdiyini aşağıda sübut edəcəm.
İndi gələk Asəf bəyin asıb-kəsdiyi, təhqir elədiyi ağdamlı deputatlara.
Bəxtiyar Sadıqov Qarabağ müharibəsi zamanı "Azərbaycan" qəzetinin Qarabağ bölgəsi üzrə xüsusi müxbiri idi, qərargahı da Ağdamda yerləşirdi. Bütün günü odun-alovun içindəydi, səngərlərdəydi, qəzetə döyüş meydanından ən son xəbərləri çatdırırdı. Qələmiylə, yazılarıyla, qəhrəmanlar haqqında yazdığı sənədli kitablarıyla düşmənlə döyüşürdü. Azərbaycanın ən görkəmli publisistlərindən biridir. Onun səsini heç kim kəsməyib və sənin sözünlə də heç kim kəsə bilməz. Və onu da Milli Məclisdə oturtmayıb, Ağdam camaatı seçib.
Bəxtiyar Əliyev qaçqınlıq zamanı yüzlərlə ağdamlı ailənin Bakıdakı yataqxanalarda, mənzillərdə yerləşdirilməsində müstəsna rol oynayan, Ağdamın sayılıb-seçilən ağsaqqallarından biri Həmzə müəllimin oğludur. Görkəmli alimdir, professordur, Akademiyanın müxbir üzvüdür və Azərbaycanın elm məbədi BDU-nun kafedra müdiridir. Onu da heç kim Milli Məclisdə oturtmayıb, Ağdam camaatı deputat seçib. Səsini də heç kim kəsməyib və sənin sözünlə də heç kim kəsə bilməz.
Qaldı mənə... Əvvəla, mən ağdamlı deyiləm, Ağcabədinin Bayat kəndindənəm. Daha dəqiq bilmək istəyirsənsə, Bayat obasının Kolanlı köyündən və soyundanam. 10 yaşıma qədər də həmin kənddə yaşamışam. Sonra Ağdama köçmüşük. Amma özümü ağdamlı sayıram. Nə qədər Ağdam azad olunmayıb, ağdamlıyam. İnşallah Ağdamı azad edək, sonra Ağcabədi durur, mən dururam, olaram ağcabədili.
Bir çağırış Ağdam və Ağcabədidən deputat seçilmişəm, iki çağırış Ağcabədi və Füzulidən. Bütün Qarabağ mənimdir, mən də bütün Qarabağın. Və Qarabağ haqqında ən gözəl əsərlərin müəlliflərindən biriyəm və bəlkə də bir az da artıq: "Batmanqılınc", "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz", "Qiyamət gecəsi", "Qar üstündə qan çiçəyi" və sənin ironiya elədiyin "Dolu", eləcə də Qarabağa həsr olunmuş minə yaxın məqalə, köşə yazısı və sair və ilaxır.
Və mənim sənin təhqiramiz ifadənlə desək, ağzımdan tökülən "Dolu" da oddu-alovdu. Sənin lağ elədiyin bu əsər Qarabağ müharibəsi haqqında yazılan ən ağrılı və ən gözəl əsərdir ki, tənqidçilər, yazarlar, oxucular, döyüşçülər onun haqqında mətbuatda yüzdən çox məqalə ilə çıxış ediblər. "Dolu" filmi də ki, göz qabağındadır.
Qətiyyən narahat olma, mənə səsi Tanrı verib, Tanrının verdiyi səsi də Tanrı kəsə bilər. Qaldı Milli Məclisdə oturdulmağa, Ağdamdakı qohum-əqrəbandan, dost-tanışından soruş gör o vaxt mənə səs verəndə onlardan kiməsə bir xahiş edən, ya məcbur edən olub, yox, özləri gəlib mənə sevgiylə səs veriblər.
Keçək məsələnin şəhid sayısı tərəfinə. Əvvəla, bilirsən ki, bütün rayonlarda Şəhidlər Xiyabanı var və bu Xiyabanda şəhidlərin adları qeyd olunub. Ağdamdakı, daha dəqiq desək Quzanlıdakı Şəhidlər Xiyabanı isə tam fərqlidir. Bu fərqlilik də şəxsən mənim ideyamdır. Nizami Sadıqovun vaxtında bu Xiyaban salınanda məsələ qaldırdım ki, abidədə təkcə ağdamlı şəhidlərin deyil, Azərbaycanın müxtəlif bölgələrindən gəlib Ağdamda şəhid olanların da adları yazılmalıdır, onlar hamısı ağdamlıdır. Belə də etdik. Bütün rayonların İcra hakimiyyətlərinə məktubla müraciət etdik bu barədə. Təəssüf ki, müraciətimizə laqeyd yanaşdılar. Sağ olsun Ağdam Məscidinin axundu Barat kişini, O Barat kişini ki, minlərlə şəhidi yuyub kəfənləyib, köməyi ilə müəyyən qədərini özümüz tapıb üzə çıxara bildik.
Ağdam nə qədər şəhid verib?! Bəli, Ulu Öndər Heydər Əliyev mənim də iştirak elədiyim bir görüşdə bildirdi ki, Ağdam 5500-dən artıq şəhid verib. Heç kim cəsarət edib Heydər Əliyevə düzgün olmayan məlumat verə bilməzdi. Və sonralar da Ulu Öndər bir neçə dəfə bu rəqəmi səsləndirib. Və heç kim də bunu inkar etməyib. Ağdamda şəhid olanların sayı 6 minə yaxındır. Və təbii ki, bunların hamısı ağdamlı deyil, müxtəlif bölgələrdən könüllü gəlib vuruşub qəhrəmancasına şəhid olanlar da yüzlərcədir. Və onlar hamısı AĞDAMLIDIR!
Onu da vurğulayım ki, Qarabağda nə qədər şəhid verdiyimiz haqqında dəqiq məlumat yoxdur, eləcə də Ağdamda. Və heç dəqiqləşdirmə aparan da yoxdur. Yüzlərlə şəhidin nəşini götürmək də mümkün olmayıb, qalıb işğal altındakı torpaqlarda və itkin düşmüş sayılırlar.
Və onu da qeyd edim ki, ağdamlılar təkcə Ağdamda deyil, bütün Qarabağ boyu vuruşublar və şəhid veriblər.
Ağdam şəhidlərinin sayının belə bir statistikası da var: 4983. Bu, əlində silah vuruşub ölənlərin statistikasıdır, bombarduman altında qırılan dinc əhali bura daxil edilməyib.
Nə isə...
Gələk yenidən sənin statusuna. Nədənsə ürəyin ağdamlı deputatları söydürmək istəyib. İndi deputatları söydürmək dəbdi axı. Amma alınmayıb, şərhlərdə heç kim bizi qınamayıb və söyməyib. Dilxor olma, bir də cəhd elə, bəlkə alındı. Əksinə, Qulu Məhərrəmli də, İlqar Rəsul da səni qınayıblar. Ağsaqqaldılar və heç sən də onlardan incimə.
Qaldı Rövşən müəllimin səhvinə... İnternetdə AzTV-nin "Günün nəbzi" proqramının 6 noyabrda efirə getmiş verilişini tap və bax. Gör orda Rövşən müəllim hansı rəqəmi səsləndirir və mən hansı cavabı verirəm. Bütün verilişi izləmək lazım deyil, 1 dəqiqə 30-cu saniyədən 4 dəqiqəyə qədər izləmək kifayətdir. Hörmətli oxucular, həmin hissəni "adalet.az" saytında izləyə bilərsiniz.
P.S. Cavab yazmaya bilərdim. Amma bəzən bəziləri ucundan tutub ucuzluğa gedirlər, ona görə yazdım.
Aqil Abbas
Millət vəkili