Rəsmi Bakının Ermənistana verdiyi limit müddəti bitdi

28-01-2019, 09:23           
Rəsmi Bakının Ermənistana verdiyi limit müddəti bitdi
2019-cu ilin ilk günlərindən etibarən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar aktiv fazaya keçib. Ötən ilin ortalarında Ermənistandakı “məxməri inqilab”dan sonra hakimiyyətə gələn və dekabrda keçirilən növbədənkənar parlament seçkiləri hesabına baş nazir postunu legitimləşdirən Nikol Paşinyan və onun yeni komandası problemin tənzimlənməsi ilə bağlı Ermənistanın bundan sonrakı mövqeyinə aydınlıq gətirməlidir. Xüsusi olaraq qeyd edilməlidir ki, İrəvanın vaxtı uzatmaq və substantiv danışıqlardan imtina etmək, yaxud separatçı rejim təmsilçilərinin müzakirə formatına daxil etmək siyasəti iflasa uğrayıb. Beynəlxalq proseslər də hazırda işğalçı ölkənin əleyhinədir və Paşinyan Qərb və Rusiya arasında seçim etmək məcburiyyətindədir. Ona görə də Ermənistan baş naziri üçün ən uğurlu ssenari Azərbaycanla birbaşa məhsuldar dialoqa başlamaq və Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli istiqamətində konstruktiv addımlar atmaqdır. İrəvan istər regional, istərsə də beynəlxalq formatlarda Bakı ilə əməkdaşlığın yollarını axtarmalıdır. Bu həftə 49-cu dəfə Davosda təşkil edilən Ümumdünya İqtisadi Forumunundiqqətçəkən məqamlarından biri də məhz Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı qeyri-rəsmi görüş oldu. Ekspertlər bu görüşü Düşənbə və Sankt-Peterburqdakı danışıqların davamı kimi qiymətləndirdilər. Ermənistanın bəzi media orqanları isə bu formatda danışıqların təşkilinin separatçı rejimin tanıdılması siyasətinə birbaşa zərbə olduğunu yazır.

Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin aktiv müstəviyə keçdiyi bir zamanda Azərbaycan Prezident İlham Əliyevin Davosda Ermənistanın baş naziri Nikol Paşinyanla qeyri-rəsmi görüşü ekspertlər tərəfindən bu ümumi aktivliyin tərkib hissəsi kimi şərh edilir. Rəsmi Bakı məsələyə münasibət bildirərək qeyd edir ki, İsveçrədə Dünya İqtisadi Forumunun prezidenti Borge Brendenin təşəbbüsü ilə keçirilən görüş Düşənbə və Sankt-Peterburqda MDB Zirvə toplantısı çərçivəsində baş tutmuş qeyri-rəsmi görüşlərin davamı sayılmalıdır. Ermənistandakı “məxməri inqilab”dan sonra hakimiyyətə gələn Paşinyanın separatçı Qarabağ rejimini danışıqlara qoşmaq planı iflasa uğradığından, İrəvan münaqişənin həlli ilə bağlı konkret strategiyasını ortaya qoymalıdır. Artıq Bakının qarşı tərəfə verdiyi limit müddəti bitib. Ermənistan və Azərbaycan xarici işlər nazirləri səviyyəsində aparılan danışıqlar, bunun ardınca isə Davosda Prezident İlham Əliyev və Nikol Paşinyan arasında 3-cü görüşün təşkili onu deməyə əsas verir ki, Paşinyan komandası tez bir zamanda indiki reallıqları nəzərə alaraq konstruktiv əməkdaşlıq istiqamətində qəti addımlar atmalıdır.

Bu məsələdə Azərbaycanın mövqeyi bəllidir və Prezident İlham Əliyev Qarabağa dair siyasətimizin nədən ibarət olduğuna Davosda Çin televiziyasına verdiyi müsahibədə bir daha aydınlıq gətirdi. Dövlət başçısı vurğuladı ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsini icra etmir. O üzdən ərazi bütövlüyünün bərpası və 1 milyondan artıq insanın evlərinə qayıtması üçün Azərbaycan daha güclü, daha uğurlu və daha effektiv addımlar atmalıdır. Prezident İlham Əliyevdən sitat: “Biz hərbi potensialımıza çoxlu sərmayə yatırmışıq və öz qonşularımızla çox uğurlu əməkdaşlıq formatını yaratmışıq. Beləliklə, torpaqlarımızın işğalını davam etdirən ölkə bütün bunları qiymətləndirməlidir. Başa düşməlidir ki, onlar da bu böyük əməkdaşlıq formatının bir tərəfi ola bilərdi, yəni, enerji, neft-qaz, nəqliyyat, bağlılıq layihələrindən asılı olub-olmayaraq. Bütün bu layihələr onlardan yan keçir, bir səbəbə görə: səbəb işğaldır. İşğala son qoyulsa, onda əlbəttə ki, bizim regionumuzda daha geniş beynəlxalq əməkdaşlıq və davamlı sülh olardı”.

Şübhəsiz, bu, Qarabağ məsələsində hələ də qeyri-konstruktivlik nümayiş etdirməyə çalışan Ermənistanın indiki hakimiyyətinə ünvanlanan bir mesajdır. Hazırda Paşinyan iqtidarı erməni cəmiyyətinin onlara bəslədiyi ümidləri doğrultmalı və ölkəni iqtisadi fəlakət məngənəsindən çıxarmalıdır. Lakin necə? Buna Ermənistanın heç bir resursu yoxdur. İndiyə qədər yeni hakimiyyət yalnız iş yerlərini azaltmaq və işdən çıxarılanların aldığı məbləğ hesabına digərlərinin əmək haqlarını artırmaq kimi qeyri-ənənəvi proqramla yadda qalıb. Ermənistan baş nazirinin Davos səfərinin əsas məqsədi beynəlxalq maliyyə qurumlarını və digər nüfuzlu şirkətləri bu ölkəyə investisiyalar qoymağa nail olmaqdan ibarət idi, lakin Paşinyan bir neçə görüş keçirməklə kifayətlənməli oldu, çünki real olaraq bu gün Ermənistan iqtisadi tərəfdaş kimi dünya nəhəngləri üçün heç bir maraq kəsb etmir.

Ümumiyyətlə, Davos kontekstində Qarabağ mövzusunu şərh edən mütəxəssislər birmənalı şəkildə təşəbbüsün Azərbaycanın əlində olduğunu deyir və bu tezisi müxtəlif arqumentlərlə əsaslandırırlar. Məsələn, son günlər beynəlxalq mediada iki xalq arasında etimad mühitinin yaradılması ideyası geniş şəkildə müzakirə olunur. Əsas mövzu isə işğal olunmuş əraziləri azad etmək hesabına Azərbaycanın təşəbbüskarı olduğu iqtisadi layihələrdə iştirak etməkdən ibarətdir. Şübhəsiz, Paşinyan iqtidarı buna gedərsə, keçmiş xunta rejimi tərəfindən ciddi tənqid olunacaq. Artıq respublikaçılara yaxın mətbuatda yeni hakimiyyətin Qarabağ danışıqlarında tam fiaskoya uğraması haqqında materiallar dərc edilir. Bu gün bəzi erməni politoloqları gizlətmirlər ki, İrəvanın Dağlıq Qarabağın statusu dəqiq müəyyən olunmayana qədər güzəştə getməyəcəyi barədə iddiaları artıq illüziyaya çevrilməkdədir. Prezident İlham Əliyevin güclü siyasətçi olduğunu etiraf edən ermənipərəst mətbu orqanları yazırlar ki, bu özünəməxsus “addım-addım diplomatiya” siyasəti sonda Ermənistanı çıxışı olmayan vəziyyətə gətirib çıxaracaq və Paşinyan ilin ortalarında ölkəsi üçün məqbul sayılmayan sazişə imza atmalı olacaq. Baş nazir Davosda bir daha anladı ki, İrəvan nə beynəlxalq, nə də regional platformada hansısa uğura ümid edə bilməz.

Beləliklə, Davos forumunda baş tutan görüş bölgədə yaranmış yeni reallıqlar fonunda bir sıra versiyaları irəli sürməyə imkan verir. Ermənistanın Avropa İttifaqı ilə əməkdaşlıq sazişini ratifikasiya etməyə başlaması Rusiya tərəfindən birmənalı qarşılana bilməz. Ekspertlər Paşinyanın Davosdan dərhal sonra Moskvaya səfər etməsini, bu azmış kimi, onun Rusiya prezidenti Vladimir Putinlə görüşünün nəzərdə tutulmadığını İrəvana ən ciddi xəbərdarlıq kimi dəyərləndirdilər. Hətta söhbət gəzir ki, Moskva Ermənistana ixrac etdiyi qazın qiymətini yenə də qaldırmaq niyyətindədir. Ona görə də erməni siyasi dairələri Paşinyanın Davos səfərini Azərbaycan Prezidentinin ikitərəfli görüşləri və çıxışı fonunda dəyərsiz, təsirsiz adlandırırlar. Erməni müxalifəti Paşinyanın Rusiya ilə pozduğu münasibətlərin erməni xalqına baha başa gələcəyi barədə xəbərdarlıqlar da edir. Bu isə ötən ilin ortalarında Sarkisyanın xunta rejimini devirən indiki erməni iqtidarının yaxın gələcəkdə daha bir inqilab faktı ilə üz-üzə qala biləcəyindən xəbər verir.

Azər Qismət












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.