"Putin olmasın, qeyri-Putin Rusiyanın rəhbəri olsun, onların Azərbaycanla bağlı dövlət maraqları Pyotrdan bəri məlumdur"
21-06-2019, 09:55
Rusiya prezidenti Vladimir Putin iyunun 20-də canlı efirdə suallara cavab verib. Kreml başçısı “Birinci kanal”, “Rossiya 1”, ”Rossiya 24”, NTV, ORT, “Mir” telekanalları və “Rusiya Radiosu”, “Mayak” və “Vesti FM” radiolarının efirində “Vladimir Putinlə birbaşa əlaqə” xüsusi proqramının efirinə çıxıb.
Rusiya vətəndaşları dövlət başçısına suallar ünvanlayıblar. Qeyd edək ki, Putin hər il bu formatda brifinqlər keçirir, jurnalistlərin, adi insanların suallarını cavablandırır.
Bizə maraqlıdır, azərbaycanlı siyasətçilərin, politoloqların, jurnalistlərin, ədəbiyyat adamlarının belə bir imkanı olsaydı Putinə hansı sualla müraciət edərdilər. Sorğumuz maraqlı cavabları üzə çıxardı.
Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli “Yeni Müavat”ın sorğusunu cavablandırarkən qeyd etdi ki, ilk növbədə Putinin yüzlərlə müxbiri əhatə edən brifinqlərini alqışlamır: “Özünü demokrat kimi göstərir, amma şou xarakterlidir. İkincisi, məni Azərbaycan maraqlandırır və onun cavabları da bəllidir. Putin olmasın, qeyri-Putin Rusiyanın rəhbəri olsun, onların Azərbaycanla bağlı dövlət maraqları Pyotrdan bəri məlumdur. Ona görə cavabını bildiyim sualları ondan soruşmazdım. Qarabağın azadlığı özümüzdən asılıdır və biz torpaqlarımızı işğaldan azad edəcəyik. Bir jurnalist kimi Putinin cavabları məni maraqlandırmır”.
Hikmət Hacızadə: “Soruşardım kim sizin beyninizi axmaq fikirlərlə doldurub ki...”
Politoloq Hikmət Hacızadə Putinə iki sual vermək istəyərdi: “Nəyə görə bütün dünya Rusiyadan küsüb? Onun heç bir müttəfiqi qalmayıb. Olan-qalan köhnə dostları, o cümlədən Azərbaycan Rusiyadan qaçmaq, uzaqlaşmaq istəyir. Cənab Putin, sizcə, bu siyasəti dəyişməyin vaxtı deyilmi? İkincisi, soruşardım ki, kim sizin beyninizi axmaq fikirlərlə doldurub ki, dünya Rusiyanın resurslarını əlindən almaq istəyir, dünya sizə düşməndir? Və mənə elə gəlir ki, o, bu suallara yola vermək xatirinə də olsa cavab verəcəkdi. Sadəcə, vaxtaşırı keçirdiyi belə brifinqlərlə göstərir ki, xalqın yanındayam, onu eşidirəm, demokratam, açıq suallardan yayınmıram. Yəni piar məsələsidir, öz reytinqinə işləyir”.
Kəramət Böyükçöl: “Cənab Putin, o düz sözdür ki, Qarabağın açarı sizin cibinizdədir?”
Yazar Kəramət Böyükçölün qısa sualı belə oldu: “Cənab Putin, Qarabağda atası şəhid olanların balaları da şəhid oldu, artıq növbə nəvələrə çatıb. Cənab Putin, o düz sözdür ki, Qarabağın açarı sizin cibinizdədir?”
Şəhriyar Del Gerani: “Qarabağla Krımın ümumi kabusunun adı nədir?”
Şair, vaxtilə İran həbsxanasında olmuş Şəhriyar Del Gerani imkanı olsaydı, Rusiya prezidentindən bu məsələni soruşardı: “Krım Tatar sürgünüylə Xocalı soyqırımının, ümumiyyətlə, Qarabağla Krımın ümumi kabusunun adı nədir? RSFSR, SSRİ, Rusiya yoxsa hamısı?”
Hərbi - siyasi icmalçı Ramil Məmmədlinin sözlərinə görə, Putindən ermənilərlə bağlı sələflərinin səhvini niyə təkrar etdiyini soruşardı.