"Əli Nağıyev xüsusi xidmət orqanlarında bu işi bilən ən güclü kadrlardandır" - Prezident nədən köhnə heyətə "stavka" etdi?

22-06-2019, 10:19           
"Əli Nağıyev xüsusi xidmət orqanlarında bu işi bilən ən güclü kadrlardandır" - Prezident nədən köhnə heyətə "stavka" etdi?
İyunun 20-də prezident İlham Əliyev hakim komandada bir sıra ciddi kadr dəyişikliyi etdi. Dövlət başçısı Ramil Usubovu daxili işlər naziri vəzifəsindən azad edərək Azərbaycan Respublikası Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin edilməsi haqqında sərəncam imzaladı.

Prezidentin digər sərəncamı ilə daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov daxili işlər naziri təyin edildi.

Daha bir ciddi kadr dəyişikliyi Dövlət Təhlükəsizlik Xidməti ilə bağlı oldu. Dövlət başçısı DTX rəisi Mədət Quliyevi vəzifəsindən azad edərək müdafiə sənayesi naziri təyin etdi. Prezidentin digər sərəncamı ilə Əli Nağıyev Dövlət Təhlükəsizlik Xidmətinin rəisi təyin olundu. Xüsusilə də işinin peşəkarı olan Əli Nağıyevin yenidən təhlükəsizlik xidmətinə gətirilməsi, ictimaiyyətdə müzakirə predmetinə çevrilib. Rəylərdə bildirilir ki, prezident “köhnə qvardiya”dan vaz keçməyərək, ölkənin təhlükəsizliyini tamamilə onlara tapşırdı. İlk diqqətə çarpan detal budur ki, prezident heç bir komanda oyunçusunu cəzalandırmayıb. Ekspertlərə görə, əsas mesaj budur ki, İlham Əliyevin generallarına etimadı tamdır, onlara güvənir və genişlənən islahatlar prosesində onları yanında görmək istəyir.

“Yeni Müsavat”a danışan politoloq Mübariz Əhmədoğlu bildirib ki, prezidentin bu addımı olduqca yerində atılan addımdır:

“”Köhnə qvardiya" dedikdə, yəqin ki, söhbət vaxtilə mərhum prezident Heydər Əliyevin irəli çəkdiyi, onun dövründən hakimiyyət pillələrində yüksəliş tapmış kadrlardan gedir. Prezident İlham Əliyev də o kadrlarla işləməyə üstünlük verdi. 2003-cü ildən bəri həmin kadrların əksəriyyətinə toxunulmadı.

Bu siyahıda Əli Nağıyevdən ayrıca danışmaq olar. O, ümummilli lider Heydər Əliyevin kadrı sayılır. Köhnə, peşəkar kadrların önə çəkilməsi gələcəyə hesablanmış strateji addımdır. Ölkə prezidenti hər zaman çıxışında deyir ki, mən bütün Azərbaycan vətəndaşlarının prezidentiyəm. Prezident göstərdi ki, Əli Nağıyev də onun diqqətindədir. Əli Nağıyev vaxtilə milli təhlükəsizlik nazirinin müavini vəzifəsində çalışıb. Mütəxəssis kimi kadrın güclü keyfiyyətləri varsa, heç şübhəsiz ki, ölkə prezidenti onu yenidən vəzifəyə çəkə bilər və çəkir də. Vəzifədən gedənlərin də hər biri bilməli və gözləməlidir ki, ölkə prezidenti zamanı gəldiyində onlara da vəzifə verə bilər. Təyinat təbii ki, strateji, gələcəyə hesablanmış, köhnə komandaya etimad kimi qəbul edilə biləcək bir addımdır. Ancaq prezidentin son təyinatlarının ikisində xüsusilə praqmatik addımlar mövcuddur. Deməzdim ki, məsələn, Ramil Usubov vəzifədən çıxarıldı. Deyərdim ki, Ramil Usubova daha böyük etimad göstərildi. Çünki hazırda Azərbaycanın təhlükəsizliyinin təmini yeni reallıqları nəzərə almağı tələb edir. Bu, daha da vacibdir. Yəni hazırda ölkənin təhlükəsizliyi ilə bağlı məsələlərin hansının daxili, hansının xarici olduğunu ayırmaq çox çətindir. Hökmən orada, Ramil Usubov kimi cəmiyyətdə, dövlətdə, prezidentin yanında etimadı olan adam oturmalıdır ki, bu işi qursun. Ona görə də düşünürəm ki, Təhlükəsizlik Şurasında bu kimi işləri qurması üçün Ramil Usubov vəzifəyə təyin olundu".

Politoloq bildirib ki, o, hesab etmir ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin hansısa funksiyasını götürüblər:

“Xeyr, bu, belə deyil. Eləcə də bu prizmadan Əli Nağıyevin də təyinatının çox praqmatik tutumu var. Əli Nağıyev informasiya texnologiyaları üzrə çox güclü mütəxəssisdir. Yəni o, xüsusi xidmət orqanlarında bu işi bilən ən güclü kadrlardandır. Bu gün isə Azərbaycanın informasiya texnologiyaları (İT) sahəsindəki maraqları, təhlükəsizlik maraqlarını deyərdim ki, üstələyib. Yəni İT həm iqtisadi baxımdan əhəmiyyətlidir, həm də təhlükəsizlik sarıdan önəmlidir. Hazırda belədir ki, İT sahəsində iqtisadi maraqlar təhlükəsizlik maraqlarını da üstələyib. Yəni çalışırıq ki, oradan çoxlu pul qazanaq. Eyni zamanda buradan pul qazanan zaman sahə üzrə təhlükəsizliyi də nəzərə almaq lazımdır. Baxın, buna görə də Əli Nağıyev bir peşəkar kadr kimi həmin vəzifəyə gətirildi. Əli Nağıyev qeyd etdiyimiz balansı gözləyəcək. Onun dövründə bizim İT sahəsində təhlükəsizliklə bağlı məsələlər çox yüksək səviyyədə təmin olunacaq. Bu, internet trafikinə, sosial şəbəkələrə, mobil operatorlara da aiddir. Ola bilər ki, Əli Nağıyevin gəlişi ilə müəyyən iqtisadi yerdəyişmələr də olsun. Ümumilikdə, işində nöqsan olmayan, müəyyən dəyişmələr nəticəsində vəzifədən çıxarılan köhnə kadrların hamısı prezidentin yanındadır. Onlar bu gün də prezidentdən heç bir tapşırıq almasalar belə, cəmiyyətin sabitliyində, dövlət siyasətinin möhkəmlənməsi, xarici qüvvələrinin təsirlərinin azaldılması istiqamətində öz işlərini davam etdirməlidirlər. Onların bu işləri prezident tərəfindən görüləcək və vəzifəyə də qaytarılacaqlar. Ən bariz misal isə Əli Nağıyevdir”.

M.Əhmədoğlu yeni daxili işlər naziri haqda da danışıb: “Vilayət Eyvazovun təyinatı da çox uğurludur. O, gənc yaşlarından Ramil Usubov məktəbu keçmiş kadrdır. Polis sistemini mükəmməl bilən generaldır. Onun dövlətə, millətə, ölkə başçısına bağlılığı illərdi ki, sübuta yetirilib. Ən çətin anlarda hakimiyyətin qorunması prosesində iştirak edib. Digər təyinatlarda olduğu kimi, Vilayət Eyvazovun təyinatında da peşəkarlıqla yanaşı sədaqətlilik nəzərə alınıb. İnanıram ki, Vilayət Eyvazov ona göstərilmiş etimadı yüksək səviyyədə doğruldacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.