Bü gün Həsən bəy Səlim bəy oğlu Məlikov (Zərdabi) doğum günüdür...

28-06-2019, 09:57           
Bü gün Həsən bəy Səlim bəy oğlu Məlikov (Zərdabi) doğum günüdür...
Teref.az - Həsən bəy Səlim bəy oğlu Məlikov (Zərdabi) 1837-ci il iyun аyının 28-də (bəzi mənbələrdə 1842-ci il) kеçmiş Bakı quberniyasınа dахil оlаn Göyçay qəzasının Zərdab kəndində bəy аiləsində аnаdаn оlmuşdur. Həsən bəy Zərdabi ilk təhsilini Zərdab kəndindəki mədrəsədə almışdır. Burada ərəbcə və farsca öyrənən Zərdabi 1852-ci ildə Şamaxı şəhərində açılan rusca dünyəvi təhsil verən məktəbə yazılmışdır. Məktəbi bitirmək üçün imtahan verəndə Qafqaz Təhsil Komissiyası Müdiri baron Nikolayın diqqətini çəkmiş və baron onu dövlət təqaüdü ilə Tiflisə oxumağa göndərməyi təklif etmişdir. Bu ərəfələrdə atası vəfat edən Zərdabiyə böyük qardaşları Tiflisə getməyə icazə verməmişdilər. Tiflisdə yaşayan atasının dayısı general Fərəc bəy Ağayev bu hadisədən sonra hadisəyə müdaxilə edərək, Zərdabini Tiflisə gətizdirmişdir.[3]

Tiflisdəki məktəb üçün girdiyi imtahanları uğurla bitirən Zərdabi 1858-ci ildə I Tiflis məktəbinin V sinfinə qəbul olmuşdur. 1861-ci ildə həmin məktəbi uğurla bitirən Zərdabi elə eyni ildə dövlət təqaüdü ilə Moskva Universiteti Fizika-Riyaziyyat fakültəsində Təbiət elmləri üzrə təhsil almağa göndərilmişdir. 1865-ci ildə bu universiteti fərqlənmə diplomu ilə bitirmişdir.[1] Ali təhsil ocağında oxuduğu müddətdə tələbələr arasında xüsusi olaraq seçildiyinə görə fakültəni əla qiymətlərlə başa vurduqdan sonra elmi iş üçün universitetdə saxlanılması qərarı qəbul edilmişdir. Lakin vətəninə olan sonsuz məhəbbəti, xalqına, millətinə xidmət etmək arzusu onu Azərbaycana çəkib gətirmişdir.

Zərdabinin dünya görüşünün formalaşması Moskva Dövlət Universitetində oxuduğu illərdə daha da sürətlənmişdir. Bu dövrdə Rusiyada çarlıq əleyhinə gənclik hərəkatları var idi. Bu hərəkatın rəhbərləri Moskvada yaşamaqda və hərarətli tərəfdarları olan gənclər də Moskva Universitetində oxumaqda idi. Bu çevrə ilə yaxın əlaqələr quran Zərdabi oxuduğu fakültədəki müəllimlərin vasitəsilə Darvinizmdən təsirlənmişdir (Darvinizmin tərəfdarı olub-olmaması hələ də mübahisəlidir).

Zərdabi universitet illərində dövrün irəlidə gedən elm adamları ilə tanışmışdır. Tarixçi Solovyov və yazıçı Pleşeyevlə yaxın münasibəti olmuşdur. Solovyovun evinə tez-tez gedən Zərdabi Solovyovun qızına qarşı hissləri olmuşdur. idealist olan Zərdabi Solovyovun qızı ilə evlənəcəyi təqdirdə həm gələcəyə yönəlmiş ideallarından əl çəkmək məcburiyyətində qalacağını, həm də bu davranışının xalqı tərəfindən heç xoş qarşılanmayacağını düşünərək təhsilini tamamladıqdan sonra universitetdə qalması yönündəki təklifləri rədd etmiş və xalqına xidmət etmək üçün vətəninə dönmüşdür.
Müasirləri böyük Azərbaycan ziyalısı və müəllimi, milli mətbuat və teatrımızın banisi, Vətənimizdə qadın təhsilinin ilk carçılarından biri olan Həsən bəy Zərdabinin (1842-1907) millət yolundakı tarixi xidmətlərini yüksək qiymətləndirərək onu "Qafqaz müsəlmanlarının atası", "Zaqafqaziya müsəlman ziyalılarının müəllimi və mənəvi atası", "Zaqafqaziya müsəlmanlarının milli oyanışının ilk bələdçisi", "Müsəlmanlar arasında Avropa təhsili alan ilk azərbaycanlı" kimi epitetlərlə təqdir etmişdilər. Bu, səbəbsiz deyildi. Çünki bu böyük İNSAN şüurlu həyatının 40 ildən çoxunu dayanmadan, usanmadan, yorulmadan doğma xalqının maariflənməsi, mədəni xalqlar səviyyəsinə yüksəlməsi, ana dilində çağdaş dünyəvi təhsil ocaqlarının yaradılması, milli ziyalıların yetişdirilməsi işinə həsr etmişdi. "Maarifdən, elmdən məhrum olan xalq işıqdan məhrumdur" deyən böyük maarifçi inkişaf etmiş millətlər arasında doğma millətinin də imzasını görmək arzusu ilə ürəyini əfsanəvi Danko kimi məşəl edib, xalqının elm, maarif, təhsil yolunu işıqlandırmışdı.

Yandırdığı maarif məşəlini ömrünün sonunadək əlindən yerə qoymamışdı. Qəlbinin hərarətini, gözünün nurunu bu müqəddəs amalın gerçəkləşməsinə həsr etmiş, bu yolda ömrünü şam kimi əritməkdən çəkinməmişdi. Hələ sağlığında özünün maarifçilik ideyalarının gerçəkləşməsinin simvolu olan Azərbaycan ziyalılarının böyük ordusunu görmək sevincini də yaşamaq qismətinə nail olmuşdu. Ömrünün son günlərində — dili söz, əli qələm tutmayan anlarında belə uğrunda çalışdığı müqəddəs amalı – millətinin maariflənməsi işini öz şəxsi həyatından uca tutaraq belə bir vəsiyyət etmişdi:
"Sizdən xahiş edirəm, mənim üçün təntənəli dəfn mərasimi düzəltməyin. Məni çox sadə dəfn edin. Dəfn üçün xərclənməsi lazım gələn vəsaiti müsəlmanlar (azərbaycanlılar) arasında savad yayan cəmiyyətə verin.
Bu mənim başı bəlalar çəkmiş xalqım üçün daha faydalı olardı…".
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.