Əli Abbasov akademik adından məhrum edilə bilər - İlginc
13-11-2015, 15:09
Dünən prezident İlham Əliyevin sərəncamı ilə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov vəzifəsindən azad edilib. İctimaiyyətin məmur kimi tanıdığı sabiq nazir həm də elm xadimi, akademikdir.
Sabiq nazirin işdən azad olunmasının səbəbləri ilə bağlı qeyri-rəsmi versiyalar irəli sürülür. Qeyri-rəsmi mənbələr Əli Abbasovun hətta dövlətə xəyanət maddəsi ilə nəzarətə alınacağını da iddia edirlər. Maraqlıdır, belə olan surətdə akademik Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü kimi saxlanılacaqmı?
2005-ci ildə sabiq səhiyyə naziri olan akademik Əli İnsanov vəzifəsindən azad olunandan sonra dövlətə xəyanət maddəsi ilə həbs edildi. Bundan sonra isə AMEA-nın Rəyasət Heyəti onu akademiyanın həqiqi üzvlüyündən, akademik adından məhrum etdi.
Əli Abbasov barəsində rəsmi həbs qərarı olmasa da, onun dəmir barmaqlıqlar arasına salına biləcəyi ehtimalını nəzərə alaraq, akademiklə bağlı sözügedən məsələ də gündəmə gətirilə bilər.
AMEA Rəyasət Heyətindən Modern.az saytına bildirilib ki, bu haqda hələlik heç bir söhbət aparılmayıb. Rəyasət Heyətinin növbəti iclasında da bu məsələyə baxılıb-baxılmayacağı hələ bəlli deyil.
Akademik Əli Abbasov 2001-ci ildən etibarən AMEA-nın həqiqi üzvüdür. Moskva, Odessa, Belarus elmi qurumlarının fəxri doktorudur. Keçmiş nazir 1982-1992-ci illərdə AMEA-da müxtəlif vəzifələrdə çalışıb. 2000-2004-cü illərdə Azərbaycan İqtisadiyyat Universitetinin rektoru olub. Hazırda həmin universitetində “İnformasiya iqtisadiyyatı və texnologiyaları” kafedrasının müdiridir.