AST Telmanın milyardlıq otelinin satışında sürpriz
14-11-2015, 07:54
Türkiyənin Antalya şəhərində olan və borclarına qarşılıq “Halk” bankına satılan “Mardan Palace” oteli üçün keçirilən tender ləğv oluna bilər. ANS PRESS-in məlumatına görə, otelin tikintisində iştirak edən və alacağı olan “Güclü” tikinti firması tenderin ləğv olunması üçün noyabrın 9-da Antalya 1-ci instansiya məhkəməsinə müraciət edib. Məhkəmə müraciətində satış elanının üsuluna uyğun həyata keçirilmədiyi, tenderin vaxtına riayət olunmadığı və tenderin əsas alacaqlılar nəzərə alınmadan baş tutduğu iddia olunub.
Tenderin ləğv olunması üçün qaldırılan iddia səbəbindən “Garanti” bankının alacağına görə, “Halk” bankı tərəfindən Antalya 6-ci icra idarəsinin hesabına köçürülən 207 milyon 244 min 403 lirə (təx. 75 milyon 914 min AZN) məbləğində pulun məhkəmə başa çatana qədər depozit hesabından faiz hesabına transfer olunmasına qərar verildi.
Qaldırılan iddialar doğru çıxarsa tender ləğv olunacaq. Əks təqdirdə tenderin ləğvini tələb edən firma satış məbləğinin 10 faizi, yəni 36 milyon lirə (təx. 13 milyon 187 min AZN) cərimə olunacaq.
Azərbaycan əslli milyarder Telman İsmayılovun 1.4 milyard dollara tikdirdiyi “Mardan Palace” oteli borcları səbəbindən noyabrın 2-də tender yoluyla 36 milyon 50 min lirəyə (131 milyon 886 min AZN) “Halk” bankına satılıb.
Azərbaycanlı milyarderin oteli "Mardan Palace" 2009-cu ilin may ayında fəaliyyətə başlayıb. Möhtəşəm açılışa dünya ulduzları da qatılıblar. Onların arasında Meray Kerri, Riçard Gir, Paris Hilton, Şeron Stoun, Monika Belluçi, Tom Cons və başqaları da olub.
İş adamı oteli atasının şərəfinə adlandırmışdı. Otel üçün Misirdən 9 min ton qızılı qum gətirilib. Qumun özəlliyi ayaqları yandırmaması və sulu bədənə yapışmamasıdır.
Rusiya banklarına da kifayət qədər borcu olan Telman İsmayılovun yoxa çıxdığı iddia olunur. Biznesmenin Moskvada olan qohumların ANS-in bölgə müxbirinə onun Türkiyədə və ya İsraildə olduğunu deyib.