Qarabağ üçün “B planı”: Rusiya “dobro” versə... - TƏHLİL

6-08-2019, 10:25           
Qarabağ üçün “B planı”: Rusiya “dobro” versə... - TƏHLİL
Dünən – avqustun 5-də işğal altındakı Xankəndində Ermənistanın baş naziri Nikol Paşinyanın da qatıldığı mitinq planlaşdırılırdı. Bu günə isə Qarabağda “ümumerməni oyunları” adlı növbəti şounun açılışı gözlənilir. Hədəf əlbəttə ki, separatçı rejimin təbliği və bu ərazilərin köklü sahibinin guya ermənilər olduğunu dünyaya nümayiş etdirməkdir. Bu məqsədlə dünyanın dörd bir yanından ermənilər və ermənipərəst qonaqlar dəvət edilib. Məlumatlara görə, Türkiyə, Gürcüstan və İran öz erməni əsilli vətəndaşlarına bu soyuya qatılmaq üçün Qarabağa getmələrini yasaq edib.

“Ümumerməni oyunları” şübhə yox ki, ondan əvvəlki analoji tədbirlər və idman “çempionatları” kimi, Azərbaycan dövlətinə qarşı düşünülmüş açıq təxribatdır. Erməni tərəfinin sülh danışıqlarına vurduqları daha bir zərbədir. Ümumiyyətlə, rəsmi İrəvanın Bakı ilə böyük sülh sazişində maraqlı olmadığının daha bir təzahürüdür. O sırada Nikol Paşinyanın növbəti dəfə Qarabağa oğrun yolla gələrək, orada ənənəvi ritorikasına davam eləməsi Azərbaycana hərəkətə keçməsi üçün siqnal sayılmalıdır.

*****

“Gələn ilin sentyabrında qondarma “dqr”da “seçkilər” keçiriləcək. Ermənistanın baş naziri Nikol Paşinyanın əsas məqsədi odur ki, bu seçkilərdə ona simpatiya ilə yanaşan xadimlər qalib gəlsin”. Bu sözləri politoloq İlqar Vəlizadə deyib. O bildirib ki, Paşinyanın avqustun 5-də Xankəndidə keçirdiyi mitinqdə də əsas məqsəd məhz bundan ibarətdir: “Paşinyan çalışır ki, gələn il qondarma rejimdə keçirilən “seçkilərdə” öz namizədinin qələbəsini təmin etsin. Çox güman ki, onun çıxışı yerli qondarma separatçı qurumun elektoratına ünvanlanacaq. Əlbəttə ki, bu, acınacaqlı haldır. Paşinyan Azərbaycanın işğal olunmuş torpaqlarına səfər edir və orada siyasi fəallıq göstərir. Bu səfərlər təxribatçı xarakter daşıyır. Bu, onu göstərir ki, Ermənistan həmin ərazilərdə hökmranlıq edir və oranı boşaltmaq niyyətində deyil. Paşinyan Azərbaycanla danışıqlar aparmaqdan boyun qaçırır. Təəssüf ki, bu cür səfərlər xarici müşahidəçilər, ATƏT-in Minsk Qrupu tərəfindən lazımi siyasi qiymət almır. Siyasi qiymət almadığı üçün də belə səfərlər, siyasi oyunlar sürətlə davam etdirilir”.

Politoloq Natiq Miri isə hesab edir ki, Nikol Paşinyan iqtidarı təmas xəttində hərbi proseslərə nəzarət edə bilmir (teleqraf.com): “Bundan əlavə, işğal olunmuş Azərbaycan ərazilərində Robert Köçəryan və Serj Sərkisyanın qurub yaratdığı və rəhbərlik etdiyi hərbi xuntaya aid generalitet Paşinyan hökumətini saymır. Bu generalitet Paşinyan hökumətini devirmək üçün hərbi təxribatlar törətməklə yeni müharibəyə rəvac verə və nəticədə Ermənistan ordusu Azərbaycan ordusundan ciddi zərbə ala bilər. Bu zərbə təkcə canlı qüvvə və hərbi texnika itkisi ilə deyil, həm də çox ciddi strateji ərazilərin azad olunması ilə də nəticələnə bilər”.

Politoloq əlavə edib ki, Ermənistan ictimai rəyində hələ də Qarabağ münaqişəsinin həlli ilə bağlı hansısa dəyişiklik mövcud deyil: “Erməni ictimai rəyi hələ də Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarılmasına heç bir vəchlə razılıq vermir. Ona görə də əgər Köçəryan-Sərkisyan rejiminə xidmət edən hərbi xunta Azərbaycanın işğal olunmuş ərazilərində bu cür hərbi təxribatlar yaradarsa, – düşünürəm ki, son hərbi insidentlərin də arxasında bu istək və niyyətlər dayanır, – bu, Paşinyan üçün həqiqətən də çox xoşagəlməz durum yarada bilər”

*****

Təbii ki, rəsmi Bakı müharibə ssenarisini həmişə “B variantı” kimi ehtiyatında saxlayır. Çünki Azərbaycan Rusiya faktorunu nəzərə almaq zorundadır. Bu faktor indi xüsusilə separatçı rejimə münasibətdə güclüdür. Bəllidir ki, həm separatçı-kriminal qurumun indiki başçısı Bako Saakyan, həm onun sələfləri və bütövlükdə eks-prezident Robert Köçəryan başda olmaqla Qarabağ klanı Moskvaya bağlıdır. Bu mənada Nikol Paşinyanın Dağlıq Qarabağda özünə sadiq şəxsləri Moskvanın iradəsi ziddinə necə “hakimiyyətə” gətirəcəyi çox maraqlıdır. Odur ki, Azərbaycan tərəfi prosesləri diqqətlı izləyir. Çünki nəzəri cəhətcə istisna deyil ki, Moskva qərbpərəst Paşinyanı və tərəfdarlarına zərbə vurmaq üçün Azərbaycana hansısa məqamda öz torpaqlarının bir qismini azad eləmək üçün “yaşıl işıq” yandırsın. Söhbət ən azından, mini-aprel savaşından gedir. Çünki Rusiya genişmiqyaslı və uzunmüddətli savaşda maraqlı görünmür.

“Rusiyaya heç bir halda Qarabağda eskalasiya sərfəli deyil”. Bunu tanınmış rusiyalı politoloq Fyodor Lukyanov deyib (Axar.az). Onun sözlərinə görə, Moskva istənilən vasitə ilə bu ssenarinin gerçəkləşməsinə imkan verməyəcək: “Rusiya bunu çox diqqətlə izləyir. Mən düşünürəm ki, əgər prioritetləri müəyyənləşdirsək, Rusiya üçün əsas məsələ burada müharibənin alovlanmamasıdır. Rusiya üçün bu heç bir halda sərfəli deyil. Partlayış olmadan status-kvonun dəstəklənməsi işləyir və bundan sonra da işləyəcək”.

*****

Rusiya isə hələ də Nikol Paşinyana və hökumətinə şübhə ilə yanaşır. Öz növbəsində Paşinyan öz hakimiyyətinin dayaqlarını Ermənistanda və işğal altındakı Dağlıq Qarabağda möhkəmlətmək üçün yollar və müttəfiqlər axtarışındadır. Çünki inqilabdan artıq 15 ay keçir və çox tezliklə Ermənistanın indiki rəhbəri “məhşər ayağı”na çəkiləcək, ondan hesabat istəniləcək.

Paşinyan isə islahatlar sahəsindəki uğurlardan danışmaq əvəzinə, - hansı ki, hələ gözə dəymir, - ictimai diqqəti əvvəlki rejimin səhvlərinə yönəltmək, bununla da əlavə vaxt qazanmağa çalışır. Bu da növbəti dəlil. İki gün öncə Ermənistanın baş naziri facebook-da canlı yayım zamanı eks-prezident Serj Sərkisyan dönəminə aid məxfi sənəd haqqında danışıb. Paşinyan sənədlə bir neçə ay əvvəl tanış olduğunu, amma məzuniyyəti zamanı onu detallı şəkildə yenidən oxuduğunu bildirib. O, sənəddə məxfiliyin nə olduğunu açıqlamayıb: “Sənədin vacibliyi ondadır ki, o, bizə ölkədəki real vəziyyət haqqında tam məlumat verir. Bütün toplanmış problemləri bir il ərzində həll etmək mümkün deyil. Sənəddə Ermənistanın institusional iflic vəziyyətində olduğu bildirilib”.

Diqqət edildi yəqin, Paşinyan problemlərin həlli üçün öz xalqından illər tələb edir, özünü indidən sığortalamağa çalışır. Halbuki, həmin problemlərin həlli nə Sərkisyanlıq idi, nə də Paşinyanlıqdır. Problemin kökündə işğal faktı durur və Ermənistan bu yükdən qurtulmayınca nicat tapmayacaq... //musavat.com//












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.