Kamran Əsədov: “Növbəti tədris ilindən plan yerlərinin sayı artırılmalıdır, çünki...”
16-08-2019, 08:28
Boş qalan yerlərə sənəd verən abituriyentlər üçün vacib xəbər
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta (11 illik) təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi avqustun 15-dən 19-dək aparılır. Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan yerlərə və kolleclərə qəbul üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.
Hər il boş qalan yerlərə ixtisas seçimi ərəfəsində abituriyent və onların valideynlərinin məlumatsızlığı səbəbindən problemlər yaşanır. Nəzərə alsaq ki, bu il sistem ötən ildən fərqlidir, deməli, problemlərlə üzləşənlərin sayı da arta bilər.
“Yeni Müsavat”a açıqlama verən təhsil eksperti Kamran Əsədov hazırkı mərhələdə hansı addımların atılmalı olduğunu bildirib. Ekspert söyləyib ki, bu il birinci ixtisas qrupu üzrə 15223 plan yeri ayrılıb: “Müsabiqədə iştirak üçün 17031 nəfər ixtisas seçimi ərizəsini təsdiq edib (15101 abituriyent müsabiqə şərtini ödəyib). İkinci ixtisas qrupu üzrə 14181 plan yeri ayrılıb. Müsabiqədə iştirak üçün 14044 nəfər ixtisas seçimi ərizəsini təsdiq edib (10166 abituriyent müsabiqə şərtini ödəyib). Üçüncü ixtisas qrupu üzrə 11271 plan yeri ayrılıb. Müsabiqədə iştirak üçün 18265 nəfər ixtisas seçimi ərizəsini təsdiq edib (17465 abituriyent müsabiqə şərtini ödəyib). Dördüncü ixtisas qrupu üzrə 3710 plan yeri ayrılıb. Müsabiqədə iştirak üçün 4460 nəfər ixtisas seçimi ərizəsini təsdiq edib (4082 abituriyent müsabiqə şərtini ödəyib). Beşinci ixtisas qrupu üzrə 3462 plan yeri ayrılıb. 5278 nəfər ixtisas seçimi ərizəsini təsdiq edib. Bu il ümumilikdə 46814 abituriyent 150 və daha yuxarı bal toplayaraq ixtisas seçimi etmək hüququ əldə edib. Birinci ixtisas qrupu üzrə 690 - 700 arası bal toplayan abituriyent - 1 nəfər (2018-ci ildə 56 nəfər), 680 - 689 arası bal toplayan abituriyentlər - 14 nəfər (2018-ci ildə 52 nəfər), 670 - 679 arası bal toplayan abituriyentlər - 29 nəfər ( 2018-ci ildə 63 nəfər), 660 - 669 arası bal toplayan abituriyentlər - 46 nəfər ( 2018-ci ildə 86 nəfər), 650 - 659 arası bal toplayan abituriyentlər - 53 nəfər ( 2018-ci ildə 112 nəfər) olub. Ümumilikdə birinci ixtisas qrupu üzrə 650-dən çox bal toplayan abituriyentlərin sayı 143 nəfər (2018-ci ildə 369 nəfər), 600-dən çox bal toplayan abituriyentlərin sayı 554 nəfər (2018-ci ildə 880 nəfər), 500-dən çox bal toplayan abituriyentlərin sayı 1866 nəfər (2018-ci ildə 2312 nəfər), 400-dən çox bal toplayan abituriyentlərin sayı 3939 nəfərdir (2018-ci ildə 4486 nəfər). Dördüncü ixtisas qrupu üzrə 690 - 700 arası bal toplayan abituriyentlər - 3 nəfər ( 2018-ci ildə 35 nəfər), 680 - 689 arası bal toplayan abituriyentlər - 11 nəfər ( 2018-ci ildə 58 nəfər), 670 - 679 arası bal toplayan abituriyentlər- 22 nəfər ( 2018-ci ildə 74 nəfər), 660-669 arası bal toplayan abituriyentlər - 26 nəfər ( 2018-ci ildə 81 nəfər), 650-659 arası bal toplayan abituriyentlər - 39 nəfər (2018-ci ildə 81 nəfər) olub. Ümumilikdə dördüncü ixtisas qrupu üzrə 650 dən çox bal toplayan abituriyentlərin sayı 101 nəfər (2018-ci ildə 329 nəfər), 600 dən çox bal toplayan abituriyentlərin sayı 378 nəfər ( 2018-ci ildə 743 nəfər), 500 dən çox bal toplayan abituriyentlərin sayı 1083 nəfər (2018-ci ildə 1591 nəfər), 400 dən çox bal toplayan abituriyentlərin sayı 1831 nəfərdir (2018-ci ildə 2283 nəfər). Yuxarıdakı müqayisədən açıq aşkar şəkildə görünür ki, 400 baldan yüksək nəticə göstərənlər əvvəlki illərdən kəskin şəkildə fərqlənir -azalıb”.
Ekspert söyləyib ki, bu il ali məktəblərə qəbul imtahanlarından sonra yüksək keçid balı BANM-da qeydə alınıb: “Belə ki, 673 bal informasiya təhlükəsizliyi ixtisasının keçid balı olub. Qeyd edim ki, 2018-ci ildə üçüncü ixtisas qrupunda qeydə alınmış ən aşağı bal ADU-da tərcümə alman dili idi. Bu ixtisaslar üzrə keçid balı 200 bal idi. Bu il o ixtisasın keçid balı 455 bal oldu. Beləliklə, 255 bal qalxma baş verdi. Üçüncü ixtisas qrupu üzrə keçid balları öncədən də proqnozlaşdırdğım kimi, ciddi şəkildə qalxdı. Amma digər qruplarda, xüsusilə bir və iki eyni zamanda dördüncü ixtisas qrupu üzrə azaldı. Tibb Universiteti müalicə işi üzrə ödənişli keçid balı 575,40, dövlət sifarişi üzrə 578,70 oldu. Bu da keçən illə müqayisədə azalmadır. Ümumiyyətlə, qeyd edim ki, 2019-cu ildə müvafiq olaraq ali təhsil müəssisələrinə qəbul üzrə müsabiqədə 47847 plan yeri uğrunda 58294 nəfər abituriyent və subbakalavr mübarizə aparırdı. Bu isə o deməkdir ki, 10447 nəfər hazırda plan yerindən kənarda qalır. Bunun da üzərinə təxminən 4300-ə yaxın düzgün seçim etməyərək qəbul ola bilməyənləri gələk. Təxminən 13447 nəfər qəbul ola bilməyən abituriyent və subbakalavr olacaq. Hesab edirəm ki, növbəti tədris ilindən plan yerlərinin sayı artırılmalıdır. Çünki burda ali təhsil müəssisəsinə daxil ola bilməyənlər xarici ölkələrə üz tutur və bu da ölkənin həm maddi, həm də beynin axınının itirilməsi deməkdir”.
Əsədov söyləyib ki, Azərbaycan bölməsində birinci qrup üzrə ən populyar ixtisas Bakı Dövlət Universitetinin riyaziyyat müəllimliyidir: “Belə ki, bu ixtisasa dövlət sifarişi əsasında ötən il 540-dan çox nəticəsi olanlar qəbul olunmuşdu. Həmin ixtisasın builki keçid balı 522,3 bal olub. İkinci qrupda Azərbaycan Dövlət İqtisad Universitetində keçən il tədris dili ingilis dilində olan maliyyə ixtisasına dövlət hesabına 667 balla sonuncu qəbul olubsa, bu il sonuncu qəbul olan şəxs 643,4 balla həmin ixtisasa qəbul olub. Üçüncü qrupda Azərbaycan Dillər Universitetində ingilis dili müəllimi ixtisasına dövlət vəsaiti hesabına sonuncu qəbul olan abituriyent 584 balla keçmişdisə, bu il bu rəqəm 527,4 bal olub. Yaxud həmin ixtisas üzrə ödənişli əsaslarla qəbul 416 bal idisə, bu il 464.6 toplayan abituriyent qəbul olub. Bir faktı da qeyd edim ki, bu il 400-550 arası bal toplayanların sayı artıb. IV qrupda Azərbaycan Tibb Universitetində illərlə populyarlığını itirməyən müalicə işi ixtisasına ötən il dövlət hesabına sonuncu abituriyent 662 balla qəbul olmuşdusa, bu il 578.7 balla qəbul olub. Yaxud həmin ixtisas üzrə ödənişli təhsillə bağlı sonuncu qəbul nəticəsi 609 bal idisə, bu il 575,4 bal toplayan abituriyent qəbul ola bilib. Müqayisələr onu göstərir ki, bu yerlər üzrə sıxlıq yüksəkdir. Yəni bu il 600 baldan yuxarı nəticələr çox deyil və keçid balları aşağı düşüb. Bu nəticələrə subbakalavrların (kollec məzunları) mövcudluğu heç bir təsir göstərməyib”.
Qeyd edək ki, bu il 42 062 nəfər (o cümlədən 3542 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 17820 (o cümlədən 586 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 24242 (o cümlədən 2956 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.