Hakimiyyət mitinqə icazə versə... - GƏLİŞMƏ

25-09-2019, 09:12           
Hakimiyyət mitinqə icazə versə... - GƏLİŞMƏ
Milli Şuranın sentyabrın 28-nə təyin etdiyi mitinqlə bağlı müraciətə Bakı Şəhər İcra Hakimiyyəti hələ cavab verməyib.

Qeyd edək ki, Milli Şuranın sentyabrın 13-də mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubunda bildirilir ki, mitinq normal seçkilərin keçirilməsi üçün seçki islahatları, Dağlıq Qarabağ probleminin həlli, siyasi məhbuslara azadlıq, uşaq pullarının bərpa edilməsi, tibbi sığortanın tətbiqi, sənədsiz evlərə sənəd verilməsi, təbii qaz və elektrik enerjisinə qoyulan limitin ləğv edilməsi tələbi ilə keçiriləcək.

Milli Şura mitinqin keçirilməsi üçün 3 yer təklif edib: “28 May” metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov adına stadionun girişindəki meydan və Nərimanov parkının qarşısındakı meydan.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, AXCP sədri Əli Kərimli Sevinc Osmanqızına canlı yayın müsahibəsində bildirib ki, heç bir təzyiq Milli Şuranın mitinq əzmini dəyişə bilməyəcək.

Hakimiyyət təbliğatçıları isə sosial şəbəkədə yazırlar ki, xalq 28 sentyabr mitinqini dəstəkləmir. Qeyd edirlər ki, AXCP sədri Əli Kərimlinin Milli Şurası özünə aid gündəmi mitinq müzakirələri üzərində qurmaqdan yorulmur. Sosial şəbəkələrdə, internet müsahibələrdə 28 sentyabr aksiyasının hələ ortada olmayan “uğur”undan ictimai xal qazanmaq cəhdi tükənmək bilmir. Mitinqlə bağlı son sorğular tamamilə başqa mənzərəni ortaya qoyub və Milli Şuranı çıxılmaz vəziyyətə salıb. Belə ki, əvvəlcə “Osmanqızı” və “Kanal13AZ” youtube kanallarında təşkil olunan sorğularda iştirak edən insanların müvafiq olaraq 78 və 86 faizi Milli Şuranın 28 sentyabr mitinqinə gəlməyəcəyini bəyan edib.

Ardınca “Azadlıq” qəzeti və “Mühacir TV” youtube kanallarında yerləşdirilmiş sorğuda Milli Şuranın mitinqinə “yox” deyənlərin sayı müvafiq olaraq 91 və 86 faiz təşkil edib.

Bu reallığı qəbul etmək istəməyən Milli Şura rəhbərliyi isə Fuad Qəhrəmanlı ilə bağlı son günlər yaşananları mitinqə qarşı qurulan oyun kimi təqdim edirlər.

Müstəqil siyasi analitiklər isə hesab edir ki, hakimiyyət 28 sentyabr mitinqinə razılıq versin, onsuz da mitinqə qatılım sayı cüzi olacaq. Əvvəla, cəmiyyətdə onsuz da mitinq ab-havası yoxdur. İkincisi, Fuad Qəhrəmanlı olayından sonra Əli Kərimli və AXCP ətrafında elə bir situasiya, ictimai rəy formalaşdırılıb ki, Milli Şuranın keçirəcəyi mitinqə heç vaxt olmadığı qədər az sayda insan gələcək, bununla da Milli Şura siyasi səhnədə birdəfəlik sıradan çıxacaq. Odur ki, 28 sentyabr mitinqi hakimiyyət üçün yox, Milli Şuranın özü üçün təhlükə vəd edir. Bu mitinqə icazə verilməsi Milli Şura adlı qurumun sonu ola bilər.

Bu il yanvarın 19-da Milli Şuranın keçirdiyi mitinqdən sonra ölkədə hər hansı siyasi təşkilatın kütləvi aksiya keçirməsinə icazə verilmədiyi faktı isə budəfəki mitinqə də razılıq verilməyəcəyi ehtimalını yüksək edir.
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.