Respublika Yanıq Mərkəzi ətrafında hansı proseslər cərəyan edir?

23-04-2015, 17:40           
Respublika Yanıq Mərkəzi ətrafında hansı proseslər cərəyan edir?
Ötən ilin mart ayında 5 saylı Şəhər Klinik Xəstəxanasının yanıq şöbəsi adıçəkilən tibb müəssisəsinin nəzdindən çıxarılaraq Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının tərkibinə daxil edilib. Bununla da yanıq şöbəsinin adı və statusu dəyişdirilərək Respublika Yanıq Mərkəzinə çevrilib.

Məhz bundan sonra mərkəzin baş həkimi vəzifəsinə təyin olunan Vüqar Ələkbərov rəhbərlik etdiyi tibb ocağında sürətli struktur və kadr dəyişikliyinə start verdi.

Lakin nədənsə bu, Respublika Yanıq Mərkəzində çalışan əksər əməkdaşların ciddi narazılığına səbəb olduğundan onlar baş həkimə qarşı etiraza başladılar. Bu barədə redaksiyamızı bilgiləndirən məlumatlı şəxsin sözlərinə görə, qeyd olunan məsələdə 5 saylı Şəhər Klinik Xəstəxanasının baş həkimi Ziya Əsədovun adı keçib: "Yanıq şöbəsi 5 saylı Şəhər Klinik Xəstəxanasının tərkibindən çıxarıldıqdan sonra adı və statusu dəyişdirilən Respublika Yanıq Mərkəzində 2 yeni şöbəsi yaradıldı. Bununla da böyüklər və uşaqlar üçün nəzərdə tutulan yanıq mərkəzi şöbələrində vətəndaşlara hər cür xidmət göstərilirdi. Qeyd edim ki, bu, respublikada tək mərkəzdir və bütün ölkəyə xidmət edir. Əvvəllər yanıq şöbəsində uşaqlar üçün yer yox idi. Yeni mərkəzdə uşaqlar üçün ayrıca korpus yaradılıb və burada yalnız uşaqlara xidmət göstərilir. İlk öncə bildirilirdi ki, guya Respublika Yanıq Mərkəzi başqa əraziyə köçürüləcək. Lakin bu baş vermədi. Hələ bu azmış kimi mərkəzin əməkdaşları baş həkim Vüqar Ələkbərova qarşı üsyana cəhd göstərdilər və bu etiraz sonda onun vəzifədən uzaqlaşdırılması ilə nəticələndi. Çoxları elə zənn edir ki, Vüqar Ələkbərov yol verdiyi nöqsanlara görə tutduğu postdan uzaqlaşdırılıb. Halbuki bu, belə deyil. Onun Respublika Yanıq Mərkəzinin baş həkimi vəzifəsindən getməsində Ziya Əsədovun rolu olub. Çünki o, yanıq şöbəsinin 5 saylı Şəhər Klinik Xəstəxanasının tərkibindən çıxarılması ilə heç cür razılaşa bilmirdi. Elə bu səbəbdən də yeni təyin olunan baş həkimi "neytrallaş"dırmaq qərarına gəldi. Bu, Ziya Əsədov üçün elə də çətin məsələ deyildi. Çünki Respublika Yanıq Mərkəzinin əksər əməkdaşları məhz onun kadrlarıdır. Yəni onları işə 5 saylı Şəhər Klinik Xəstəxanasının baş həkimi qəbul etmişdi. Odur ki, Ziya Əsədovun əlində olan imkandan yararlanaraq Vüqar Ələkbərovu kənarlaşdırmağa müvəffəq oldu".

Mənbənin bildirdiyinə görə, Ziya Əsədov Respublika Yanıq Mərkəzinin baş həkiminin tutduğu postdan kənarlaşdarılmasından sonra elə zənn edirdi ki, yanıq şöbəsi yenidən 5 saylı Şəhər Klinik Xəstəxanasının balansına veriləcək. Lakin bu, baş vermədi: "Belə ki, ötən ilin oktyabr ayında Respublika Yanıq Mərkəzinin müdiri Vüqar Ələkbərov işdən azad olunduqdan sonra onun yerinə adıçəkilən mərkəzin həkimlərindən biri Şöhrət Məmmədov təyin olundu. Və mərkəz yenə də Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının tərkibində qaldı. Bu, Ziya Əsədovun "pir qələbəsi" idi. Çünki o, gənc baş həkimi - Vüqar Ələkbərovu "neytrallaş"dırmağı bacarsa da, onun yerinə uzun illər təcrübəsi olan və 5 saylı Şəhər Klinik Xəstəxanasının baş həkimi ilə soyuq münasibətdə olan Şöhrət Məmmədov təyin olundu. Odur ki, Ziya Əsədov artıq daha səriştəli kadrla mübarizə aparmaq məcburiyyətində qaldığından, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, tibb elmləri doktoru Nazim Qasımovu özünə yeni hədəf kimi seçib. Qeyd edim ki, Nazim Qasımov həm də Sabunçu rayonunda yerləşən 3 saylı xəstəxanasının cərrahiyə şöbəsinin müdiridir. Beləliklə, Ziya Əsədov əlaqələrindən istifadə edərək bir daşla iki quş vurmaq niyyətindədir. Yəni o, Şöhrət Məmmədovla yanaşı, Nazim Qasımovu da yolundan uzaqlaşdırmağı planlaşdırır. Görünən odur ki, 5 saylı Şəhər Klinik Xəstəxanasının baş həkimi nə yolla olursa-olsun yanıq şöbəsini geri qaytarmaqda israrlıdır…"












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.