Qarabağda savaşa aparan ritorika - GƏLİŞMƏ
24-10-2019, 09:00
Ermənistan hərbi-siyasi rəhbərliyindəki işğalçı zehniyyət bu gün özünü hazırkı hökumət başçısı Nikol Paşinyanın davranışlarında və açıqlamalarında büruzə verir.
25 ildən artıqdır ki, Dağlıq Qarabağ probleminin həllində heç bir irəliləyişin olmaması Ermənistanın apartdığı qeyri-konstruktiv siyasətin nəticəsi kimi qiymətləndirilir. Bu, təkcə işğala məruz qalan Azərbaycanın deyil, Qərb institutlarının da mövqeyidir.
Bugünlərdə britaniyalı analitik Tomas de Vaal özünün “Dağlıq Qarabağ ətrafında münaqişə hansı səbəbdən yenidən alovlana bilər” başlıqlı məqaləsində bir çox diqqətçəkən məqamlara toxunub.
Tomas de Vaal yazısında Qarabağı hər zaman “püskürməyə hazır vulkana” bənzədib:
“Ermənistan üçün də, Azərbaycan üçün də Dağlıq Qarabağ “fəaliyyətdə olan vulkana” bənzəyir, onun püskürməsi əsl fəlakət ola bilər. Paşinyan və Əliyev bir neçə dəfə görüşüblər və təmas xətti boyu gərginlik kəskin aşağı düşüb. Lakin münaqişə liderlər tərəfindən bağlı qapılar arxasında, kabinetlərdə həll edilə bilməz. Çünki bu münaqişə ictimai milli şüurda möhkəm kök salıb. Əgər yaxın zamanlarda danışıqlarda müzakirələr üçün daha mühüm mövzu olmayacaqsa Qarabağa dair bir neçə pozitiv siqnallardan sonra Azərbaycan tezliklə bəyan edə bilər ki, onun səbri tükənir və Yerevanda yeni ideyaların olmamasından məyusdur. Bu ərazi ətafında situasiya daha çox tanış olan diplomatik talan dinamikasına qayıtmaq riski ilə üzləşib, hər iki tərəfin aqressiv ritorikası və atəşkəsin intensiv pozulması yenidən geri qayıda bilər”.
Maraqlıdır ki, əslində, Azərbaycan ən yüksək səviyyədə dəfələrlə Ermənistanı mövcud ritorikadan çəkinməyə, danışıqlar prosesinə əngəl törətməməyə və ən əsası məntiqi nəticəyə gəlməyə çağırsa da, işğalı zehniyyət avantürist mövqeyindən əl çəkmir. Azərbaycan müharibə ehtimalını da hər zaman gündəmdə saxlayır. Hazırda Paşinyanın sələflərinin yolunu getməsi müharibəni qaçılmaz edir. Təbii ki, müharibədən ən çox zərər çəkəcək tərəfin Ermənistan olacağı Paşinyan başda olmaqla bütün erməni hərbi-siyasi elitası yaxşı başa düşür. Azərbaycan Ermənistana aprel döyüşlərində bunu əyani şəkildə görmək imkanı yaradıb.
Amma bütün bunlara baxmayaraq, Ermənistan hərbi-siyasi rəhbərliyi sərsəm bəyanatlarından əl çəkmir. Bu da danışıqlar prosesinin dayandırılması üçün Azərbaycana əsas yaradır. Azərbaycan sülhdən imtina edərək torpaqlarını işğaldan azad etməsi üçün hərbi əməliyyata başlaması ilə verəcəyi qərar beynəlxalq hüquqa zidd deyil. Azərbaycan bütün zamanlarda bu hüququ öz əlində saxlayır.
Politoloq Əhəd Məmmədli “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, müharibəyə başlamaq üçün Azərbaycanın qarşısında heç bir maneə yoxdur. Ə.Məmmədli hesab edir ki, Paşinyanın təxribatları Azərbaycanın müharibə qərarı verməsinə kifayət edir:
“Nikol Paşinyan iqtidara gələndən sonra əlindən gələni etdi ki, Azərbaycan Ermənistanla müharibə etsin. Paşinyan daha nə etməlidir ki, biz hərəkətə keçək? Paşinyan bunu bilərəkdən və ya təcrübəsizlikdən edir, bu artıq bizim üçün maraqlı olmamalıdır. Xarici İşlər Nazirliyi (XİN) açıqlamasında deyir ki, danışıqlar “dalana dirənib”. Bütün bunlar kifayətdir ki, Azərbaycan da Qarabağda antiterror əməliyyatı aparsın”.