Ramiz Mehdiyevin 24 illik PA rəhbəri dövrünə iki baxış

25-10-2019, 08:19           
Ramiz Mehdiyevin 24 illik PA rəhbəri dövrünə iki baxış
Prezident İlham Əliyevin oktyabrın 23-də imzaladığı sərəncamla Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev vəzifəsindən azad edildi. 24 ildir bu vəzifəyə rəhbərlik edən cənab Mehdiyevin məlum qaydada yola salınması son iki günün ən çox müzakirə edilən məsələlərindəndir.

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc R.Mehdiyevin vəzifədən getməsinə “Yeni Müsavat”da bu cür şərh verdi: “Ölkə yeni keyfiyyət mərhələsinə, yeni bir siyasi mərhələyə qədəm qoyub. Həqiqətən də bu gün Azərbaycan xalqının həyatı müstəsna olaraq, Azərbaycan prezidenti tərəfindən müəyyənləşir. Məsələnin önəmli tərəfi odur ki, bu dəyişikliklər və dinc keçid qansız-qadasız baş verir, insanların anlayışları ilə müşahidə olunur, rəğbətlə qarşılanır. Dövləti yeni mərhələlərə daşımaq müxtəlif ölkələrin təcrübəsində heç də qovğasız, toqquşmalarsız keçməyib. Hətta böyük vətəndaş müharibələri ilə müşahidə olunub. Gürcüstan nümunəsini burada misal göstərə bilərik. Saakaşvilinin rəhbərlik illəri nə qədər uğurlu olmuşdusa, onun sonluğu insanların o qüvvədən imtinası, sovet sistemini, onun mirasını büsbütün dağıdan şəxsin fəaliyyətindən özlərini kənar saxlaması və tamamilə böyük maliyyə imkanlarına dayanan bir insanın az qala dövləti və hökuməti bütövlükdə götürməsi ilə müşahidə olundu. Ukrayna hadisələrində də oxşar mənzərəni gördük.

Zahid Oruc ile ilgili görsel sonucu

Zahid Oruc: “Yeni kadrların gəlişini məhz bu cür proseslə müşahidə etdirmək lazımdır”

Qırğızıstan nümunəsini də hər kəs yaxşı xatırlayır. Atambayevin rəhbərliyi dövründə əldə olunan nailiyyətlərin bütövlükdə ölkəni dəyişəcəyi deyilirdi. Amma indi o şəxs həbsdədir. Azərbaycanda Prezident Administrasiyasının rəhbərinin azad edilməsinə gəlincə, bu məsələyə münasibətdə ölkə rəhbərinin dilindən səslənən hər bir sözü, ifadəni qiymətləndirməyi bacarmaq lazımdır. Əslində bu bir dövlətçilik nümunəsidir, dərsidir, tarixidir. Hamı buna baxıb düzgün nəticələr çıxarmalıdır. Bundan öncə müxalif yönü seçən bir media quruluşuna müsahibəmdə də bunu söylədim. Dedim ki, anti-Azərbaycan mövqeyində dayananda nə olar ki? Sadəcə, olanları düzgün dəyərləndirmək lazımdır. Ölkə başçısının 15 oktyabrda verdiyi mesajlardan sonra onun eşidilməsi, belə bir addımların atılması, oradakı hər bir detalın dəyərləndirilməsi son dərəcə önəmlidir. Baxın, istər sovet, istərsə də müstəqillik dövründə Heydər Əliyevin idarəçiliyi altında çalışan aparat rəhbərinin fəaliyyətindən razı qaldığını söylədi və onu ölkənin ali mükafatı olan ”Heydər Əliyev" ordeni ilə təltif etdi. Ramiz Mehdiyev cavabında “hər kəs bunu arzu edər, həyat amalı olar ki, o mükafatı qazansın” söylədi. Nə qədər məmurlarımız, yaxud Azərbaycanın qulluq sistemində çalışan insanlar “Heydər Əliyev” mükafatını qazanmağa çalışarsa, ən azından meyarlara uyğun fəaliyyət göstərərsə, bu yalnız işin faydasına olar. Çünki aparat rəhbərliyi, sonradan administrasiyaya çevrilən bu təsisat mühüm dövləti, milli qərarların, hakimiyyət içərisində keyfiyyətli xüsusiyyətlərə malik olan insanlar arasındakı tarazlığı yaratmaqda həlledici bir rola malikdir. Digər tərəfdən, hökumət, parlament institutu, məhkəmə sisteminin də üzərindən yenə qərarlar mərkəzi olaraq dövlət idarəçiliyinin dediyimiz ünvanından qaynaqlanırdı. Burada kənar ambisiyalara yol vermədən, mənfi tendensiyaları gücləndirmədən, əksinə, ona tənzimləmə xarakteri verərək kadrlarla işləyərkən soyuqqanlılığı əldə əsas götürmək çox-çox önəmlidir. Ölkə başçısının münasibətini hər kəs haqqında dəyərləndirmək lazımdır. Bundan əvvəl cənab prezident baş nazirin iki müavinini də qəbul etmişdi. Bütün nazirliklərdə əgər əvvəlki şəxslər hər hansı bir cinayətə yol vermirlərsə, sağollaşmanı, yeni kadrların gəlişini məhz bu cür proseslə müşahidə etdirmək lazımdır. Dövlət bu gün yeni dəyişikliklər yaşayır. Bu, milli həyatın ən mühüm hadisəsidir. Media vasitələri bunu nə qədər düzgün təhlil edib cəmiyyətə düzgün çatdırsalar, işin faydasına olacaq".

Tural Abbaslı: ile ilgili görsel sonucu

Tural Abbaslı: “Ramiz Mehdiyev əski idarə fəlsəfəsinin son və ən qüdrətli mogikanı idi”

AĞ Partiya başqanı Tural Abbaslının fikrincə, Ramiz Mehdiyevin istefaya göndərilməsi uzun illərdir müzakirə olunurdu: “Hamı bilir və haradasa qəbul edir ki, bu məsələ göründüyü qədər də sadə deyildi. Məndə olan məlumata əsasən, dönəm-dönəm Ramiz Mehdiyevin məsələsi gündəmə gəlib, ancaq son anda bu plan təxirə salınıb. Lakin prezidentin 15 oktyabr müşavirəsindən sonra iri məmurların gedəcəyi məlum oldu. Bundan sonra Hacıbala Abutalıbov, Əli Həsənov istefa ərizələrini yazdılar. Ancaq təbiidir ki, Ramiz Mehdiyevlə bağlı məsələ bu istefaları kölgədə qoydu və ictimai-siyasi sektorun əsas müzakirə mövzusuna çevrildi. Ramiz Mehdiyev illərlə bu iqtidar üçün çox böyük və strateji fiqurlardan biri olub və son ana qədər də belə qalmışdı. Ramiz Mehdiyev hələ Sovet İttifaqı dönəmindən Heydər Əliyevin komandasında olub. Sonradan Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndən onun vəfatına qədər yenə də onun yanında oldu. Həmçinin hazırkı prezident İlham Əliyevin hakimiyyətinin möhkəmlənməsində də Mehdiyevin rolu inkarolunmazdır. Hakimiyyətin bütün icra strukturları demək olar ki, tam olaraq mərkəzləşdirilmiş qaydada drektivlərlə idarə olunurdu və bu sistemə Ramiz Mehdiyev nəzarət edirdi. Ümumiyyətlə götürəndə isə Ramiz Mehdiyev əski idarə fəlsəfəsinin son və ən qüdrətli mogikanı idi. Ramiz Mehdiyevin vəzifədən uzaqlaşdırılması bir dövrün sonu, başqa bir idarəetmə mexanizminin başlanğıcı deməkdir”.

Cavanşir ABBASLI,

“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.