KİV-ə Dəstək Fondu niyə ləğv edilmir?-ETİRAZ
31-12-2019, 23:27

Vüqar Səfərli 10 ildir eyni şərti tətbiq edərək yalnız kimlərəsə sərf edən qəzetləri maliyyələşdirməklə məşğuldur...
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbərliyi KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı dekabrın 25-də müsabiqə elan etdi. Yəqin hamı xatırlayır ki, cənab Prezident İlham Əliyev ötən ay keçirdiyi müşavirədə bəyan etdi ki, Azərbaycan islahatlara gedir, bu yol dönməzdir və bu yolda köhnə təfəkkürlülərlə addımlaya bilmərik.
Sözümün mənası var: Prezident İlham Əliyev ölkədə KİV-ə Dəstək Fondu yaratdı. 10 ildən çoxdur ki, bu fonda Vüqar Səfərli rəhbərlik edir. Və 10 ildir ki, Vüqar Səfərlinin “Mövqe” qəzeti fondun ən yağlı maliyyələrindən bəhrələnir, bu qəzetin jurnalistləri isə müsabiqə yazılarında 1-ci yeri tutur. Dünyaya nümunə olasıdır, deyilmi?!
Gəlirəm mətləbə: Vüqar Səfərli layihə müsabiqəsinin elanında yazır ki, “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2020-ci ilin I yarısı üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edir. "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na müvafiq olaraq Fondun Müşahidə Şurasının rəyi əsasında aşağıdakı istiqamətlər üzrə KİV layihələrinin maliyyələşdirilməsi qərara alınmışdır”.
Vüqar Səfərlinin özü və xarakteri kimi, bu istiqamətlərin mövzusu da 10 ildir dəyişmir. Dünya dəyişir, KİVDF isə dəyişmir ki, dəyişmir... Niyə? İstiqamətlərin hamısı tərif üzərində qurulub: “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu; Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi; İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi, mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması; İctimai və dövlət maraqlarının müdafiəsi Azərbaycanın dövlətçilik tarixinin,milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği; Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi; Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” və s.
Təsəvvür edin, Prezident sahibkarlara qan udduran icra başçılarını həbs etdirir, onları “yaramaz” adlandırır, Vüqar Səfərli isə bəyan edir ki, sahibkarlara münasibəti təşviq edin.
Ölkədə gender problemi yetərincədir, boşananların sayı evlənənlərin sayını üstələyib, Vüqar Səfərli isə yazır ki, yox, bu sahəni tərifləyin.
İctimai və dövlət maraqları kobud surətdə pozulduğuna görə ötən həftə Ağstafanın başçısı Nizaməddin Quliyev və onun müavini, eləcə də Yevlaxın sabıq başçısı Qoca Səmədov həbs edildi. Amma Vüqar Səfərli elan edir ki, ay mətbuat, ictimai və dövləti maraqların tam təmin edilməsini yazın. Sonra da deyirlər ki, Azərbaycan mətbuatı niyə müti, yazıq gündədir, araşdırma və tənqidi yazılar yoxa çıxıb?
Bu hələ harasıdır: Vüqar Səfərli özünə sərf edən şərtlər də qoyur: “Müsabiqədə aşağıda qeyd olunan 3 kateqoriya üzrə tələblərə cavab verən KİV-lər iştirak edə bilərlər:
- I kateqoriya üzrə - son 3 ildə müntəzəm nəşr olunan, tirajı 3000 nüsxədən, satış və abunəsinin cəmi 2000 nüsxədən, müsabiqə elan edilən günədək səhifələrinin sayı 16-dan (A3, B2 formatda) az olmayan gündəlik (həftədə 5 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlər;
- II kateqoriya üzrə - son 3 ildə müntəzəm nəşr olunan, tirajı 2500 nüsxədən, satış və abunəsinin cəmi 1500 nüsxədən, müsabiqə elan edilən günədək səhifələrinin sayı 16-dan (A3, B2 formatda) az olmayan, günaşırı (həftədə 3 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlər;
- III kateqoriya üzrə - son 3 ildə müntəzəm nəşr olunan, tirajı 2500 nüsxədən, satış və abunəsinin cəmi 1500 nüsxədən, müsabiqə elan edilən günədək səhifələrinin sayı 24-dən (A3, B2 formatda) az olmayan həftəlik ictimai-siyasi qəzetlər”.
Soruşan yoxdur ki, a kişi, son 3 ildə 3 min tirajla çıxardımsa, daha sənin yardımını neyləyirəm??? Yardım ondan ötrüdür ki, zəif durumda olan ayağa qaldırılsın!
İkincisi, 10 ildir hər ay 20-30 min, ildə isə 200-250 min manat yardım, ev, mükafat alırsınız. Bəs bu dövlətə və xalqa, oxucuya hansı ciddi yazı, bilgi vermisiniz? Yaxşı, 10 il bəsiniz deyil ki, düzəlib çəkiləsiniz kənara?! Niyə bu 25-35 qəzet siyahısı 10 ildir dəyişmir? Bəs ölkədə KİV-in inkişafından danışırsınız. Deməli KİV siyasətiniz yerində saymaq, hər ay yardım alıb acgözlüklə mənimsəməkdir, eləmi!
Bu da bəs deyil: “Aşağıdakı KİV-lərin müsabiqədə iştirakına icazə verilmir:
- Azərbaycan Jurnalistlərinin I Qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılanlar;
- Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşən qəzetlər;
- Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"dan çıxarılan qəzetlər (1 il müddətində);
- Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış qəzetlər (6 ay müddətində);
- barələrində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olanlar”.
Soruşan lazımdır, Vüqar Səfərli, məhkəmələrimizdə ədalətlilik olsaydı, Prezident bu ilin aprelin 3-də məhkəmə islahatına dair Fərman verməzdi. Məhkəmə qərarının sizin yardımınıza nə aidiyyəti? Prezident sağ olsun, hər ay yüz minlərlə insana müavinət-yardım verir. Onların böyük əksəriyyətinin kreditə görə və ya digər səbəbə görə məhkəmə qərarı var. Məgər onların yardımı kəsilir? Bu nə hoqqabazlıqdır?!
İkincisi, ictimai təşkilat olan Mətbuat Şurasının “qara siyahı”sını (bir nəfərin yazısına görə bütün kollektiv-qəzet qara siyahıya salınır, bu ümumiyyətlə, dəhşətdir! Hər kəs öz əməlinə görə məsuliyyət daşıyırsa, bütün kollektiv niyə sanksiya ilə üz-üzə olur?) bəhanə edib mətbuatda çalışan jurnalistlərin balalarını niyə küçələrə salırsınız? Axı “Mövqe” və bu tip qəzetlər daha neçə il yardım almalıdır??? Bəs qalanlar adam deyil, qəzet deyil, mətbuat deyil???
Baş Prokurluğa təklif edirəm: KİVDF-nin fəaliyyəti dayandırılsın, Fondun fəaliyyəti yoxlanılsın, 3 min tirajın mətbəələrdə neçəsinin çap olunması araşdırılsın, poçt idarələrində abunənin hansı yolla yazıldığı yoxlanılsın! Və həmin qəzetlərin neçə faizinin satıldığı araşdırılsın, satışdan gələn gəlirləri yoxlanılsın!
Asif Mərzili
P.S.Yeni ildən sonra Prezidentə təxminən 100-ə yaxın tanınmış jurnalistin, baş redaktorun imzası ilə müraciət göndəriləcək. Köhnə şərt və təfəkkürlərlə islahata necə getmək olar?!
/pravdainfo.org/