Bülletenlər seçki məntəqələrinə çatdı

5-02-2020, 08:26           
Bülletenlər seçki məntəqələrinə çatdı
Beynəlxalq müşahidə missiyalarının sayı artır
Fevralın 9-da keçiriləcək seçkilərdə səsvermə 5573 məntəqədə aparılacaq. Bunu secki-2020.az saytına açıqlamasında MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib.

Qeyd edək ki, səsvermə, ümumilikdə, 125 dairəni əhatə edəcək. Ölkə üzrə səsvermə səhər saat 08:00-da başlayacaq, axşam saat 19:00-dək davam edəcək.

Seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının qərarı ilə 5 milyon 387 min 600 ədəd seçki bülleteni çap olunub.

Seçki bülletenlərinin MSK-dan dairə seçki komissiyalarına verilməsi müddəti isə fevralın 4-də başa çatıb.

Fevralın 4-də, həmçinin hərbi hissələrdə, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində müstəsna hallarda seçki məntəqələrinin bilavasitə seçkilərdən əvvəl yaradılması prosesi bitib.

Seçkiləri müşahidə edəcək beynəlxalq müşahidə missiyalarının sıralarına isə Şanxay Əməkdaşlıq Təşkilatı da qoşulub. Bu təşkilatın müşahidə missiyası fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırlıq və birbaşa onun keçirilməsi ilə bağlı monitorinq fəaliyyətinə başlayıb.

ATƏT-in isə yüzdən çox müşahidəçisi Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar Bakıda və respublikanın regionlarında monitorinqlər aparacaq.

Qeyd edək ki, ən son açıqlanan rəqəmlərə görə, seçkiləri müşahidə etmək üçün 65 min 766 yerli və 842 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

MDB müşahidə missiyası isə Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərinə hazırlıqla bağlı dünən aralıq hesabat yayıb. Hesabatda bildirilir ki, Azərbaycan hökumətinin dəvəti ilə MDB müşahidə missiyası Azərbaycan Milli Məclisinə seçkilərə hazırlıqla bağlı monitorinq aparıb. Missiya 2020-ci il yanvarın 19-da işə başlayıb, seçki prosesinə müdaxilə etmədən sərbəst və müstəqil fəaliyyət göstərib.

Qeyd olunur ki, Azərbaycan Mərkəzi Seçki Komissiyası MDB-dən 252 müşahidəçini akkreditə edib, onlardan 18-i uzunmüddətli əsaslarla işləyir. Missiyaya Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan, habelə MDB üzvü olan ölkələrin Parlamentlərarası Assambleyası, Belarus və Rusiya Parlament Assambleyası İttifaqı, Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsinin nümayəndələri daxildir. Seçkilərin keçirilməsi üçün Azərbaycanda yüksək səviyyədə qanunverici bazanın olduğunu vurğulayan hesabat müəllifləri seçki komissiyalarının hazırlıq səviyyəsinin də monitorinqini aparıblar.

Hesabatda qeyd olunur ki, 2020-ci il yanvarın 5-dən etibarən seçici siyahıları ümumi baxış üçün məntəqə komissiyalarının binalarında yerləşdirilib və siyahı MSK-nın saytında da mövcuddur. Seçici özü və ya digər şəxslər barədə səhvlər və ya qeyri-dəqiqliklər aşkarlandıqda bu barədə məntəqə seçki komissiyasına məlumat verə bilər. Deputatlığa namizədlərin irəli sürülməsi və qeydiyyat prosesinin monitorinqinin nəticələrinə gəlincə, qeyd olunur ki, 9 fevral seçkilərində 125 deputat yeri üçün 1325 namizəd mübarizə aparır ki, bu da 2015-ci ildə keçirilən son parlament seçkilərindən iki dəfə çoxdur. MDB müşahidəçiləri qeyd edirlər ki, deputat mandatı üçün bu qədər namizədin seçki kampaniyasında iştirakı seçki sisteminin açıqlığını, ölkədə siyasi plüralizmin və seçicilər üçün real seçim imkanlarının mövcudluğunun göstəricisidir.

Seçkiqabağı təbliğat-təşviqat mühitinin də yüksək səviyyədə olduğunu vurğulayan müşahidəçilər qeyd edirlər ki, namizədlər üçün bərabər imkanlar yaradılıb. 2020-ci il 17 yanvar tarixindən etibarən ölkənin şəhər və rayon mərkəzlərində 1900-dən çox təbliğat tədbiri keçirilib, bu tədbirlərdə 150 minə yaxın insan iştirak edib. Deputatlığa namizədlərin seçki təbliğatı afişaları yerləşdirmək üçün respublikada 11 mindən çox xüsusi lövhə quraşdırılıb.

Seçkinin dəqiq tarixi təyin olunduğu gündən MSK-da vətəndaşları maraqlandıran sualların operativ şəkildə qaynar xətt vasitəsilə cavablandırılması, eyni zamanda 2020-ci il 13 yanvar tarixindən etibarən Mərkəzi Seçki Komissiyası tərəfindən yaradılan “Seçki-2020" Müstəqil Media Mərkəzinin fəaliyyəti də aralıq hesabatda müsbət hal kimi qiymətləndirilir.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.