Türkiyə televiziyasından Ağdam haqqında -yanlış REPORTAJ

5-02-2020, 18:57           
Türkiyə televiziyasından Ağdam haqqında -yanlış REPORTAJ
2019-cu il, 30 dekabr. Günün birinci yarısıdır. Qardaş Türkiyə Cümhuriyyətinin "TRT Avaz” televiziyasının xəbər studiyasının aparıcısı canlı efirdən Ağdama bağlanacağını anons edib sonra: "Hörmətli tamaşacılar indi sizi Azərbaycan-Ermənistan sərhədinə - Ağdama aparacağıq. Ağdamın böyük hissəsi Ermənistan işğalı altındadır. Dünya Azərbaycanlılarının həmrəylik günü münasibəti ilə "Türkiyə İş Adamları Birliyi” sərhəd birliklərinə dəstək konserti təşkil edir. Mühabirimiz Fatih Avnos da o nöqtədə bizi gözləyir, yanında birliyin rəhbəri Camal Yanqın var. İndi sözü uzatmadan sözü verək onlara…” – deyir, qardaş, qandaş, soydaş, sirdaş ölkənin dövlət televiziyasının qos-qoca xəbər aparıcısı… (Aparıcının dediyini hərkəs aydın anlasın deyə tərcümə etdim)

Reportajın ardını olduğu kimi yazacam. Amma hələlik təkcə xəbər aparıcısının dediklərini bir balaca düşünüb qiymətləndirək: Azərbaycan atalar misalı var: "Adam umduğu yerdən küsər.” Umduğumuz da Türkiyədir, umacağımız da… Çünki eyni soydan, eyni kökdən gəlib, eyni qanı daşıyıb eyni canın acısını yaşamışıq. Bir gözümüz Azərbaycan-Ermənistan qoşunlarının qarşıdurma xəttində olanda, bir gözümüz terrorla mübarizə aparan böyük qardaşımızın yanında olur. Ürəyimiz mübarizlərlə nəbzimiz mehmetciklərlə döyünür… Amma, nədənsə qarşı tərəfin jurnalistləri bizim media orqanlarının onlara göstərdiyi diqqətin yarısını bizə göstərmirlər. Ölkəmizin ən ali tədbir və mərasimlərin də belə səhvlərə yol verir bizim işğalçı ermənistanla apardığımız informasiya müharibəsinə ciddi dəstək vermir, hərdənsə Dövlət rəhbərlərimizin adını belə səhv deyirlər. Elə bunun haqqında da qısa məlumat verəcəm. Amma sonda… Hələ ki keçək xəbər aparıcısı qardaşımızın sözlərinə: Öncə dəyərli qardaşlarıma çatdırmaq istəyirəm ki, Ağdam rayonu hal-hazırda Ermənistanla sərhəddə deyil. Ümumilikdə isə heç vaxt Ağdam rayonu Ermənistanla sərhətdə yerləşməyib. Əgər siz Tərtəri, Bərdəni, Ağcabədini, Xocavəndi, Xocalını və Kəlbəcəri Azərbaycan şəhərləri hesab edirsinizsə, o zaman mən yanılmışam. Təəssüf ki, siz dövlət televiziyası olaraq bizim haqqımızda məlumatlı olmadığınız üçün yanılan tərəfsiniz… Ən azı qardaşımız olaraq Ağdama gəlməzdən öncə vikipediyanı açıb müəyyən qeydlər aparardınız. Bircə "Ağdam” sözü yazmaqla sizi aşağıdakı informasiyalar qarşılayacaqdı. Elə isə mən həmin məlumatları sizin diqqətinizə çatdırıram:

AĞDAM!!!


Hazırda əhalisinin sayı iki yüz mindən çox olan Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1154 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. "Ağdam” sözü qədim TÜRK dilində "kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişib. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada "Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. Hazırda inzibati mərkəzi Ağdam şəhəri də daxil olmaqla ərazisinin böyük bir hissəsi erməni işğalı altındadır. İşğal səbəbi ilə rayonun yalnız on inzibati ərazi dairəsi Azərbaycan tərəfinin nəzarətindədir ki, o da ümumi ərazinin 30 faizindan az edir. Erməni işğalından əvvəl rayonda təkcə 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı fəaliyyət göstərirdi. Hələ bunun məktəbi, uşaq baxçası və körpələr evi var…

TARİXİ!!!

Ağdam rayonu 8 avqust 1930-cu ildə yaradılıb. Sahəsi 1154 kv. km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır.

Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keçməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır. Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Tanınmış arxeoloq İdeal Nərimanovun Üçoğlantəpə deyilən yerdə apardığı arxeoloji tədqiqatlar zamanı aydın oldu ki, ilk qədim insanlar rayon ərazisində 6-8 min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. VI-IV minilliyi əhatə edir, "misdaş" dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar.

Alim rayonun digər ərazilərində qədim yaşayış məskəni olmuş Leylatəpə və Üzərliktəpə deyilən yerlərdə apardığı arxeoloji tədqiqatlar zamanı Eneolit və orta Tunc dövrünə aid (e.ə. II minilliyin birici yarısı) dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə aid maddi-mənəvi abidələr aşkar edib. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur. Arxeoloqlar Üzərliktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur. XX əsrin 80-cı illərinin ortalarında rayonun Sarıçoban kəndi yaxınlığında tapılan son Tunc və Dəmir dövrünə aid (e.ə. XIX-XIII əsrləri əhatə edir) möhtəşəm kurqan tarixi cəhətdən çox qiymətli bir abidədir. Kurqanda aşkar edilən e.ə. XII-XIII əsrlərə aid maddi tapıntılar bu abidənin varlı bir insanın qəbri olduğundan xəbər verir. Bu isə həmin dövrdə Azərbaycanda ibtidai-icma quruluşunun dağılaraq sosial və əmək bərabərsizliyinin yaranmasına ən yaxşı əyani sübutdur.

Sonralar Azərbaycanda gedən tarixi proseslər nəticəsində ilk dövlət qurumları formalaşmağa başlayıb. Belə dövlətlərdən biri də Şimali Azərbaycanda yaranmış Albaniya quldar dövləti idi. Mənbələrin verdiyi məlumata görə, qədim Albaniya ərazisində 26 tayfa var idi ki, bunlardan biri yüksək mədəniyyətə malik olan Qarqarlar Ağdam ərazisindəki Qarqar çayı boyuca məskunlaşmışdılar. Bu isə Ağdamın Azərbaycan ərazisində ilk formalaşan dövlət quruculuğunda mühüm rol oynadığını bir daha əyani sübut edir.

Vikipediyaya yenidən müraciət edəcəyəm. İndi isə keçək reportaja…

"Ermənistan” sözünün önündə bircə kəlmə "işğalçı” sözü işlətməyən xəbər aparıcısından sonra Ağdam rayonun müvəqqəti ictimai mərkəzi olan Quzanlı qəsəbəsinə ezam olunan müxbir Fatih Avnos alır. O da aparıcının sözünə qüvvət verib Azərbaycanın səhrəd rayonu olan Ağdamda olduğunu deyir. Burada Türkiyə və Azərbaycan iş adamları sərhəd birliklərinə konsert verdiklərini vurğulayır. Bundan sonra sözü birliyin rəhbərinə verir… Müsahib hər iki jurnalistdən fərqli olaraq heç olmasa çox biabrçılıq eləmir. Hətta ağdamlıları tərifləyir və burada iş görəcəklərini bildirir… nə deyirik? Olsun, ap elə xeyirlisindən!

Amma gəlin biz iş adamına yox, rayona qonaq gələn Fatih abimizin sözlərinə nəzər salaq. O Türkiyəli iş adamlarının sərhəd bölmələrinə konsert verdiyini deyir. Burada hansı sərhəd bölməsindən söz gedə bilər axı? Məgər iştirak etdiyi tədbirdə Qardaş Türkiyə Cümhuriyyətinin silahlı qüvvələrinin generalları ilə yanaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin generalın görmürdümü? Məgər biz göz yaşı ilə türk qardaşlarımızın şəhid olması xəbərini aldığımız kimi Fatih abi də bizdə olan şəhidlər barədə xəbər almırmı? Nə deyəcəyimi bilmirəm… Əgər bunu rusiyalı, iranlı, amerikalı, avropalı jurnaist desəydi hardasa anlayıb yola vermək olardı. Yola vermək nədir ey…?!! Şəxsim adına gəlib keçmişini söyüb üzünə tüpürərdim. Amma, bu fikirləri bütün dünyaya yayım edən, qanı qanımızdan, canı canımızdan olan bir TÜRK televiziyası səsləndirib. O televiziya ki, onu tarixi və soy düşmənimiz olan mənfur ermənilər də izləyir… Bundan başqa diqqətimi Fatih Avnosun reportajın sonunda işlətdiyi ifadə çəkir: "…Bəli, Azərbaycan-Türkiyə İş Adamları birliyi başqanı cənab Camal Yanqın qonağımız idi. Ağdam rayon mərkəzindən sizlərə səsləndik. 1994-cü ildə ermənilər tərəfindən işğal edilən mərkəzdən sizə səslənirik. İnşAllah digər bölgələrin də yenidən Azərbaycan sərhədlərinin içərisinə daxil olmaq diləyi ilə sözü yenidən Ankaraya veririk”, – deyir, müxbir qardaşımız. Təsəvvür edirsiniz? Qardaş 1994-cü ildə işğal edilmiş Ağdam şəhərinin mərkəzindən danışır. Bəs görəsən onda on minlərlə ağdamlı niyə ölkənin müxtəlif ərazisinə səpələnib? Yox, əgər Ağdam şəhəri 1994-cü ildə işğal edilibsə bəs onda 1993-cü ilin iyulunun 23-də işğal edilən hansı şəhər olub? Bəs 6500-dən çox Azərbaycan kişisinin qanı harada axıb? Təbirlərincə desək: Tamam… Fatih abini anladıq, tələsik gəlib. Bakıdan Ağdama gəldiyi dörd saatlıq yolçuluqda vaxtı olmayıb vikipediyanı açıb nəsə oxusun. Bəs o bura - Ağdama çatanda yerli məmurların başı hara, kimə, nəyə, niyə qarışmışdı? Rayon haqqında beş-on kəlməlik məlumat vermək çoxmu çətin idi? Buna da bir nəysə… Mən rayonun işğalı və müharibə illəri haqqında "TRT Avaz”ın əməkdaşına yenidən vikipedia məlumatını təqdim edirəm:

QARABAĞ MÜHARİBƏSİ İLLƏRİNİN AĞDAMI!!!


Dağlıq Qarabağ hadisələri başlayandan Ağdam burada cərəyan edən hadisələrin mərkəzi olub.

Mövcud dövlətini qədim Azərbaycan torpaqları üzərində qurmuş Ermənistan Azərbaycanın yeni bir ərazisini – Dağlıq Qarabağı işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından başladığı müharibəyə ilk olaraq məhz Ağdam rayonu cəlb olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam rayonunun, onun əhalisinin üzərinə düşmüşdür.

1988-ci ilin son aylarında Ermənistandan öz ata-baba yurd yuvalarından, daha sonra Dağlıq Qarabağ Muxtar Vilayətindən doğma isti ocaqlarından silah gücünə amansız vəhşiliklərlə qovulub didərgin salınan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna pənah gətirdi.

1992-ci ildə Dağlıq Qarabağı bütünlüklə işğal edən Ermənistan Rusiya ordusuna arxalanaraq, bununla kifayətlənməyərək Dağlıq Qarabağın ətraf rayonlarına da hücum etdi. Xüsusən Ağdama olan hücumların ardı-arası kəsilmirdi. 1993-cü ildə Ağdamın müdafiəsi ölkədə baş verən siyasi hadisələr səbəbi ilə qismən zəifləmişdi. Ermənilər bu fürsətdən çox bacarıqla istifadə etdilər. 1993-cü ilin may ayının 11-dən etibarən qızışan bu hücum əməliyyatları həmin il iyul ayının 23-də Ağdamın süqutu ilə başa çatdı. Şəhər tamamı ilə işğal edildi və hələ də işğaldadır.

Ağdama edilən son hücumda 6.000 nəfər erməni əsgəri iştirak edirdi. Onların arasında çoxlu sayda xaricdən gəlmiş ermənilər və muzdlu əsgərlər də var idi. 1994-cü il may ayının 12-isinədək davam edən hərbi təcavüz nəticəsində ermənilər Ağdam rayonunun 846,7 km², yəni ümumi ərazisinin 77,4 %-ni işğal etməyə nail oldu. Qarabağ uğrunda gedən döyüşlərdə 6.000-dən çox ağdamlı şəhid olub. 2010-cu ilin noyabr ayında Dağlıq Qarabağ separatçıları rayonun adını erməniləşdirmək məqsədi ilə Ağdamın adını dəyişərək Akna qoyublar. Onların verdiyi məlumata görə Ağdamın hazırda işğal edilmiş ərazilərində 360 nəfər xarici olkədən köç etmiş erməni kökənlilər daimi məskunlaşıb. Dəyərli "TRT Avaz” televiziyyasının xəbər kollektivi! Siz yayım elədiyiniz yer heç bir zaman erməni işğalında olmayıb. Ora Quzanlı kəndidir… Ağdam şəhər mərkəzi hələ də düşmən işğalındadır. Ağdam rayonu tarix boyu ermənistanla sərhəd rayonu olmayıb. O konsert verdiyiniz əsgərlər isə sərhəd bölmələri yox, Azərbaycanın müdafiə ordusudur. Hansı ki, hər gün düşmənin təxribat cəhdlərinin qarşısını alır, hətta bəzi hallarda şəhid olurlar…

Sizdən təvəqqim odur ki, biz qardaşlarınız haqqında daimi dolğun məlumatlı olun və bizim sizə etdiyimiz diqqətin çox az hissəsini bizə göstərin. Söhbət bu reportajdan – burada yol verdiyiniz nöqsanlardan getmir. Dəfələrlə xəbərlərinizdə ölkəmizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə Heydər Əliyev demisiniz. Bu isə sizin bizim haqqımızda məlumatsız və TC mediası olaraq böyük qisminizin diqqətsiz olmanızın baris nümunəsidir.

Elgün GƏNCİMSOY












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.