Umayra Tağıyeva: “30 il öncə alimlərin xəbərdarlıq etdiyi hadisələr baş verir”

8-02-2020, 10:25           
Umayra Tağıyeva: “30 il öncə alimlərin xəbərdarlıq etdiyi hadisələr baş verir”
“Boz ay” kimi keçən “kiçik çilə” - havanın gətirdiyi problemlər
Fevral ayı olmasına baxmayaraq son günlər ölkədə anomal hava şəraiti müşahidə edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata görə, hazırda ölkədə havanın temperaturu normadan yüksəkdir.

“Yeni Müsavat”a danışan departamentin rəhbəri Umayra Tağıyeva qeyd edib ki, el deyimi ilə qışın ən soyuq dövrü olan kiçik çillə girsə də, Bakıda şaxtalı hava müşahidə edilməyib: “Sadəcə, 30 il öncə alimlərin xəbərdarlıq etdiyi hadisələr baş verir. Biz artıq bu prosesləri gözləmirik, bunların canlı şahidiyik. İqlim dəyişmələrinin təzahürləri ilə hər gün üzləşirik. Bütün dünya daha tez-tez müşahidə edilən anomal meteoroloji hadisələrlə silkələnir. Mülayim qış mövsümü tendensiyası artıq bir neçə ildir müşahidə edilir. Lakin hazırkı qış mövsümündə bu proses nəinki Azərbaycanda, bir çox Avropa ölkələrində də müşahidə edilməkdədir. Məsələn, Aralıq dənizi sahili ölkələrində havanın temperaturu 24-27 dərəcədir ki, bu, əsl yaz havasıdır. Bakıda da havanın temperaturu iqlim normasından 6 dərəcə yüksək olub. Lakin xalqın inancı olan kiçik çillə özünü göstərəcək. Belə ki, uzun surən anomal isti hava şəraiti bir neçə günlüyə də olsa ölkə ərazisinə müdaxilə edəcək soyuq arktik havalarla əvəz olacaq. Hava şəraiti kəskin dəyişəcək. Daha ətraflı desək, fevralın 7-si axşamdan başlayaraq Bakıda artıq güclənən şimal-qərb küləyinin hakim olacağı, fevralın 8-dən 10-dək küləyin maksimum sürətinin 30-35 m/san-dək çatacağı gözlənilir. Temperaturun xeyli düşməsi fonunda bu proses zamanı gözlənilən yağıntılar fevralın 9-da sulu qara, qara keçə bilər. Respublikanın, xüsusən də dağlıq və dağətəyi rayonların avtomobil yollarının buz bağlayacağı gözlənilir. Unutmayaq ki, hava həyatımızın bir hissəsidir. Biz sinoptiklər isə çalışacağıq ki, istənilən hava gözlənilməz olmasın”.

Bəs “Kiçik çillə” nədir? Bu, nə zaman girir?

Rəvayətə görə, çillələr qışın oğullarıdır. Çillələr həm də Novruza qədərki qışdan çıxmaq mərhələləri hesab edilir. Daha çox davam edən “Böyük çillə” 40, “Kiçik çillə” 20 gün, bundan sonra isə 1 ay davam edən “boz ay” olur. Dekabrın 22-dən başlayaraq yanvarın 30-da bitən, təqribən 40 gün davam edən “Böyük çilə” dövründə hava tədricən soyuqlaşsa da, kəskin soyuqlar müşahidə edilmir. İyirmi gün davam edən “Kiçik çilə” isə fevralın əvvəlindən başlayaraq, fevralın 20-dək müşahidə edilir. Tarixən hər zaman “Kiçik çilə” kimi adlandırlan dövrlər, əvvəlki günlərdən soyuq olub. Bu il isə əksini müşahidə edirik. Adətən “Kiçik çillə”də havanın temperaturunun düşməsində daha çox kəskinlik müşahidə edilir, yağış və qar daha çox yağır. “Boz ay” isə yaza yaxın günlərdir və bu günlərdə hava gah isti, gah küləkli, gah da soyuq olur. Yəni faktiki olaraq hazırda yaşanan hava, əslində “boz ay” kimi adlandırılan dövr üçün xarakterikdir.

Yuxarıda da qeyd etdiyimiz kimi, fevralın 9-dan etibarən hava kəskin soyuyacaq. Bunun üçün mütəxəssislər bildirirlər ki, insanlar geyimlərinə diqqət etsinlər. Temperaturun birdən yuxarı qalxması və ya aşağı düşməsi, xüsusilə də meteohəssas insanların həyat fəaliyyətini pozur. Havaların mövsümə uyğun keçməməsi ürək-damar, oynaq-dayaq xəstəlikləri olan insanlara mənfi təsir göstərir. Həkimlər bildirirlər ki, belə hava xüsusilə ürək qüsuru olan, damar sklerozu, ağciyər, oynaq xəstəlikləri keçirmiş şəxslər üçün daha təhlükəlidir. Bu tip anomal hava şəraiti həmin xəstəliklərin ağırlaşmasına səbəb olur. Ona görə də meteohəssas insanlara kəskin hava dəyişmələri zamanı evdən çölə çıxmamaq məsləhət görülür.

Növbəti günlərdə havalar yağıntılı keçərsə, Bakının sürüşmə zonalarında da təhlükəli vəziyyət arta bilər...

Məlumat üçün onu da bildirək ki, 9 fevral tarixində Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Havanın kəskin dəyişəcəyi bildirilən həmin gün üçün kommunal xidmətlərin hər biri hazırlıq görüb, xüsusi rejimə keçiblər. Bu barədə kommunal xidmətlərdən “Yeni Müsavat”a bildirilib ki, havanın kəskin dəyişəcəyi deyilən 9 fevral günü seçki məntəqələrində hər hansı bir kommunal problem yaranmaması üçün öncədən yoxlama və tapşırıqlar verilib. Eləcə də Avtomobil Yolları Dövlət Agentliyini mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli də “Yeni Müsavat”a söyləyib ki, seçki günü yolların buz bağladığı bölgələrdə gücləndirilmiş iş rejimində çalışıb, əhalinin məntəqələrə maneəsiz gəlişini təmin edəcəklər.

Əli RAİS,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.