Azay Quliyevin yaratdığı elektron kabinetdə seçicilərin konfidensial məlumatları toplanılır

12-02-2020, 00:39           
Azay Quliyevin yaratdığı elektron kabinetdə seçicilərin konfidensial məlumatları toplanılır
8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev seçicilərilə operativ və şəffaf əlaqənin qurulması və qanunvericiliklə bağlı təkliflərin irəli sürülməsi prosesini asanlaşdırmaq məqsədilə “Seçicinin elektron kabineti” xidmətini təqdim edib.

“Fakt Yoxla” Azad Quliyevin bu təşəbbüsünün qanunvericiliyə uyğun olub-olmadığını araşdırıb.

Elektron kabinetin istifadə qaydalarına görə, seçicilər bu xidmətdən istifadə etmək üçün ad, soyad, ata adı, doğum tarixi, cins, qeydiyyat ünvanı, mobil nömrə və elektron poçt kimi fərdi məlumatları daxil etməklə qeydiyyatdan keçməlidirlər. Bu məlumatlardan biri daxil edilməsə, qeydiyyat tamamlanmır.

Qeydiyyat səhifəsinin sonunda seçicilərə “Şəxsi kabinet”dəki “Müraciətlərim” xidmətindən istifadə etdikdə, müraciətlərin digər qurumlara yönləndirildiyi halında seçicinin təqdim etdiyi əlavə sənədlərin və qeydiyyat zamanı daxil etdiyi məlumatların da həmin quruma göndəriləcəyi barədə qeyd qoyulub.

Seçici namizədlə onlayn görüş saatı təyin etmək istəsə, o “Şəxsi kabinet”-də yer alan “Qəbula onlayn yazıl” xidmətindən istifadə edə bilər. Bu xidmətdən istifadə etmək üçün seçicidən ad, soyad, cins, qeydiyyat ünvanı və faktiki yaşadığı ünvan və əlaqə nömrəsi kimi fərdi məlumatlar daxil etməlidir.

Fərdi məlumatlar şəxsin kimliyini birbaşa və dolayısı ilə müəyyən etməyə imkan verən istənilən məlumatdır və əldə edilmə üsuluna görə açıq və konfidensial olur.

Açıq fərdi məlumatlara ümumi istifadə üçün yaradılmış məlumatlardır ki, şəxsin adı, soyadı və atasının adı daxildir. Konfidensial fərdi məlumatlar qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun səviyyədə mühafizə olunmalı məlumatlardır.

Konfidensial fərdi məlumatlar qanunla müəyyən olunmuş hallar istisna olmaqla, üçüncü şəxslərə yalnız subyektin razılığı əsasında verilə bilər. İstisna hallar isə qanunverici subyektin, digər şəxsin və ya müvafiq şəxslər qrupunun həyat və sağlamlığının qorunmasına ehtiyacın olduğu hallar kimi təfsir edilib.

Qanunla müəyyən edilən təsnifatdan aydın olur ki, Azad Quliyevin yaratdığı platformadan istifadə edə bilmək üçün seçicilər konfidensial olan fərdi məlumatlarını da daxil etməlidirlər.

Qanunvericiliyə görə, operator və ya mülkiyyətçi fərdi məlumatları toplayarkən mütləq fərdi məlumatların işlənilmə məqsədini, bunun hüquqi cəhətdən əsaslandırılmasını, informasiya sisteminin uyğunluq sertifikatının mövcudluğunu və dövlət ekspertizasından keçirilməsi haqqında məlumatı, və subyektin qanunla müəyyən edilən hüquqlarını mütləq şəkildə subyektə bildirməlidir. Azay Quliyevin yaratdığı bu platformada isə seçicilərə qanunla müəyyən edilən bu tələblərin heç biri təqdim olunmur.

Beləliklə, Azay Quliyevin yaratdığı “Seçicinin elektron kabineti” xidmətindən istifadə edə bilmək üçün seçicilərin açıq olanlardan başqa, doğum tarixi, cins, qeydiyyat ünvanı, mobil nömrə və elektron poçt kimi konfidensial məlumatların da toplanılması qanunun tələblərinə ziddir.

Bundan başqa, fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin yazılı razılığı ilə yol verilir. Lakin “Seçicinin şəxsi kabineti” platformasında seçicilərin müraciətlərinin digər qurumlara göndəriləcəyi halda onların öz fərdi məlumatlarının həmin qurumlara göndərilməsinə razı olub- olmadığını ifadə edən xana, yaxud qeyd yoxdur.

Bundan əlavə, şəxsin cinsi mənsubiyyətinin hansı tip fərdi məlumatlara aid edilməsini və şəxsi həyat kateqoriyasına daxil olub-olmamasının tənzimlənməsi ilə bağlı Azərbaycan qanunvericiliyində norma yoxdur.

Amma Avropa Məhkəməsinin yanaşmasına görə, “şəxsi həyat” termini elə geniş əhatə dairəsinə malikdir ki, onun tam anlayışını vermək mümkün deyil, belə ki, o, fərdin fiziki və psixoloji toxunulmazlığını əhatə edir və buna görə də onun identikliyinin bir çox aspektlərini, məsələn, onun cinsi kimliyinin və seksual oriyentasiyasının, adının və ya imicinin toxunulmazlığı hüququ ilə bağlı elementləri özündə ehtiva edə bilər

Avropa Məhkəməsinin dövlət nümayəndələri tərəfindən fərdi məlumatların toplanmasına münasibətinə gəlincə, məlumatlar dövlət nümayəndələri tərəfindən sistematik olaraq toplanılır və arxivlərdə saxlanılırsa, bu hal Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinin 1-ci bəndinin məqsədləri üçün “şəxsi həyat” anlayışının tətbiq dairəsinə düşür.

Lakin nəzərə almaq lazımdır ki, Milli Məclis buraxılıb. Azay Quliyev Beşinci çağırış Milli Məclisin deputatıdır. O indiki halda dövlət nümayəndəsi deyil, namizəddir və deputatlığa namizəd olan digər şəxslərlə eyni hüquqlara sahibdir.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Azay Quliyevin yaratdığı platformada seçicilərin fərdi məlumatları qanunvericiliyin tələblərinə zidd olaraq toplanır və yalnış addımdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.