İrəvanın İslam dünyası ilə Bakı və Ankaranın arasını vurmaq planları - GƏLİŞMƏ

12-02-2020, 09:05           
İrəvanın İslam dünyası ilə Bakı və Ankaranın arasını vurmaq planları - GƏLİŞMƏ
Azərbaycan torpaqlarının 20%-nin illərdir işğal altında qalması şübhəsiz ki, həm də nəzarətsiz bölgədə qanunsuz məskunlaşma ilə yanaşı, erməni terrorizminin, narkotik və digər qaçaqmalçılığın çiçəklənməsinə zəmin yaradır. Rəsmi Bakı dəfələrlə bu problemləri müxtəlif beynəlxalq tədbirlərdə, yüksək tribunalardan səsləndirib. Onların yeganə həll yolu kimi, İrəvanın işğalçılıq siyasətinə son qoyulmasını, Dağlıq Qarabağa dair BMT Təhlükəsizlik Şurasının (TŞ), digər mötəbər təşkilatların qərar və qətnamələrinin Ermənistan tərəfindən sözsüz yerinə yetirilmısini tələb edib.

Əfsus ki, təcavüzkar ölkə bu haqlı tələbləri qulaqardına vurmaqda davam edir. Əsas səbəb işğalçı ölkənin hələ də özünü cəzasız hiss eləməsi, ona qarşı heç bir beynəlxalq sanksiyanın tətbiq edilməməsidir. Bu sanksiyalar isə ilk növbədə ATƏT-in Minsk Qrupunun üç həmsədr dövləti - Rusiya, ABŞ və Fransa tərəfindən tətbiq olunmalıdır. Nə qədər qəribə də olsa, hər üç dövlət vaxtilə BMT TŞ-nin Qarabağla bağlı qətnamələrinə səs verib və qurumun 5 daimi üzvləri arasındadır.

Məhz cəzasızlıq şəraiti imkan verir ki, Ermənistan işğal elədiyi Azərbaycan torpaqlarından hər cür məkrli və çirkin məqsəd üçün rahat şəkildə istifadə eləsin. Aydın məsələdir ki, beynəlxalq güclər ermənilərin bu qanunsuz əməllərinə laqeyd qaldıqca onlar daha da azğınlaşacaq və işğal siyasətini davam etdirəcəklər. Ya da Azərbaycan hərbi güc yolu ilə - müharibə ilə öz ərazilərini işğalçı qüvvələrdən təmizləməli olacaq. Hələ ki rəsmi Bakı dinc danışıqlar yoluna üstünlük verir. Çünki konfliktin dinc həll imkanlarının bitmədiyinə inanır. Lakin sülh danışıqlarının da bir sonu, nəticəsi olmalıdır.

“Ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğalının davam etməsi səbəbindən sərhədlərimizin əhəmiyyətli bir hissəsi boyunca lazımi nəzarəti təmin edə bilmirik. Bu vəziyyət qanunsuz fəaliyyət, o cümlədən nüvə qaçaqmalçılığı və nüvə terrorizmi üçün əlverişli şərait yaradır”.

Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vyanada BMT-nin “Nüvə Təhlükəsizliyinə dair beynəlxalq konfrans: səylərin davam etdirilməsi və gücləndirilməsi” konfransında çıxışında deyib. Nazir qeyd edib ki, ölkəmiz beynəlxalq təşkilatlar və tərəfdaşlarımızla regionda və dünyada nüvə təhlükəsizliyinin möhkəmləndirilməsi və nüvə və radioaktiv materialların qanunsuz dövriyyəsi nəticəsində yaranan təhdidlərin azaldılması istiqamətində əməkdaşlığı davam etdirmək əzmindədir və bu məsələdə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin əməkdaşlığına və dəstəyinə arxalanır. Dünyanın nüvə təhlükəsizliyinin təşviqində konfransın əhəmiyyətini vurğulayan XİN başçısı “Nüvə Təhlükəsizliyi: səylərin davam etdirilməsi və gücləndirilməsi” üzrə Beynəlxalq Konfransın Nazirlər Bəyannaməsini Azərbaycanın dəstəklədiyini bildirib.

*****

Ermənistanın cəzasızlığından söz düşmüşkən, düşmən ölkə eyni zamanda Qarabağ məsələsində Azərbaycanın birmənalı müdafiə olunduğu İslam dünyasında, İsraildə özünə tərəfdaşlar tapmağa, bununla da üstəlik, ölkəmizlə həmin dövlətlərin arasını vurmağa çalışır. Məsələn, bugünlərdə İordaniya kralı II Abdullah Ermənistanda olub. Yayılan məlumatlara görə, o, Ermənistan hökumətinin rəsmiləri ilə keçirilən işgüzar forumda iştirak edib. Bildirilir ki, II Abdullah İrəvana Ermənistan prezidenti Armen Sərkisyanın dəvəti ilə gəlib.

Səfər çərçivəsində İordaniya kralının baş nazir Nikol Paşinyanla, erməni patriarxı II Qareginlə görüşləri olub. Onun hətta İrəvanda qondarma erməni soyqırımı abidəsini ziyarət edəcəyi bildirilirdi. Halbuki yarım-xristian Livan istisna olmaqla, islam ölkələrindən heç biri, o sırada İordaniya saxta genosidi tanımayıb.

*****

Göründüyü kimi, Ermənistan Azərbaycanla yanaşı, bizim 1 nömrəli müttəfiqimiz qardaş Türkiyənin də İslam dünyası ilə arasını vurmaq üçün məkrli siyasətini davam etdirir. Əsas məqsəd - şəkk-şübhəsiz, həm özünün işğalçılıq siyasətinə, həm də uydurma soyqırım iddialarına haqq qazandırmaq, daha çox tərəfdar toplamaqdır.

Bu da növbəti fakt.

“Fevralın 9-da Küveyt Universitetinin Neft və mühəndislik fakültəsi tərəfindən təşkil olunan mədəniyyət festivalının açılışı olub. Əsasən universitetdə təhsil alan tələbələrin təmsil etdiyi 30-a yaxın dövlətin səfirliyinin, o cümlədən Azərbaycanın Küveytdəki səfirliyinin qatıldığı bu festival çərçivəsində ölkəmizin mədəniyyəti, turizm imkanları və s. barədə məlumatlar, nəşrlər, suvenirlər təqdim olunub. Festivala ölkəmizin Küveytdəki səfirliyinin əməkdaşları ilə yanaşı, ”Vətənsevər" Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin üzvləri qatılıblar. Ermənistan stendində bu ölkənin səfirliyi tərəfindən Azərbaycana qarşı təxribat törədilərək, ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki qanunsuz qurumun təşviq edilməsi cəhdi aşkarlanıb. Səfirliyimizin əməkdaşlarının məsələ ilə əlaqədar müdaxiləsindən sonra Ermənistan stendindəki saxta “xəritələr” aradan qaldırılıb və universitetin rəhbərliyi baş vermiş insidentə görə Azərbaycan tərəfindən üzr istəyib".

Bu sözləri isə Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bu günlərdə Küveyt Universitetində təşkil olunan sərgi çərçivəsində Ermənistan tərəfinin təxribata əl atdığı barədə məlumata münasibət bildirərkən deyib.

“Təəssüflə qeyd etmək itərdik ki, işğalçı Ermənistan tərəfi müxtəlif beynəlxalq tədbirlərdə, o cümlədən sərgi və festivallarda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaratdığı qeyri-qanuni rejimi təbliğ etməyə cəhdlər göstərir. Lakin bu kimi cəhdlər uğursuzluğa düçardır. Belə ki, bu cür qanunsuz təbliğat cəhdləri tərəfimizdən aşkarlandığı halda dərhal onların qarşısı alınır”, - deyə o əlavə edib.

*****

Bu arada işğalçı ölkənin öz daxilində ictimai-siyasi proseslər yüksələn xətlə gərginləşməkdədir. Artıq əhalidə iki il öncə inqilab nəticəsində hakimiyyətə gələn qüvvəyə inam-etibar ciddi şəkildə azalmağa başlayıb. Ac-yalavac ermənilər anlamağa başlayıb ki, baş nazir Nikol Paşinyan da Ermənistana gün ağlaya bilməyəcək və onun verdiyi heç bir vəd, xüsusən də “iqtisadi inqilab” möcüzəsi heç vaxt reallaşmayacaq.

Bu da təbiidir. Azərbaycanla müharibə vəziyyəti davam etdikcə, iki əsas qonşu dövlət - Azərbaycan və Türkiyənin işğal və Qarabağa görə tətbiq elədiyi sərt blokada və təcrid rejimi qaldıqca erməni xalqı nicat tapmayacaq. Nəticə etibarilə erməni toplumunun daxilində çəkişmə və didişmələr, ölkədə üsyan-inqilablar davam edəcək, işğalçı ölkə daha miskin duruma gələcək.

“Ermənistan xalqına bu gün bir az sərbəstlik versək, onlar birincisi adama 1 milyon maaş istəyər, ikincisi isə adam öldurməyi Cinayət Məcəlləsindən çıxarmağı tələb edərlər”. Bu sözləri Ermənistan parlamentinin “Mənim Addımım” fraksiyasının üzvü Tiqran Ulixanyan deyib (axar.az).

Onun sözlərinə görə, xalqın qarşısına bütün dövlət səviyyəli məsələləri çıxarıb, “seçim edin” deyib, kənara çəkilmək olmaz: “Ermənistan cəmiyyəti o səviyyədə deyil ki, özü qərar qəbul etsin. Xalqın istəkləri qorxunc ola bilər”, - deyə o bildirib.

*****

Qeyd edək ki, “Mənim Addımım” fraksiyası Nikol Paşinyanın tərəfdarlarından ibarətdir. Bu da o anlama gəlir ki, Paşinyan tərəfdarları ilə onları iqtidara gətirmiş narazı kütlə arasında uçurum yaranıb. Bu uçurum getdikcə daha da dərinləşəcək. Əsas səbəb yuxarıda deyildi - həll olunmamış Qarabağ məsələsi, davam edən blokada rejimi, kasad büdcənin böyük bir hissəsini silahlanmaya yönəltmək zərurəti, nəticədə iqtisadiyyatın daha acınacaqlı duruma düşməsi. Bütün bunların yekunu kimi, Ermənistanın Rusiyadan vassal asılılığı da işğalçı ölkənin normal inkişafını əngəlləyən mühüm amil kimi qeyd olunmalıdır.

Düşmən ölkəni düşdüyü bu siyasi-iqtisadi bataqlıqdan isə yalnız Türkiyə və Azərbaycanla yaxınlaşma çıxara bilər. Yolu və şərti bəlli. Zaman gedir. Zaman Ermənistana işləmir... //musavat.com//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.