İlham Əliyev Almaniyada mühüm görüşlər keçirdi

15-02-2020, 09:08           
İlham Əliyev Almaniyada mühüm görüşlər keçirdi
Prezident Dilqəm və Şahbazın məsələsini qaldırdı; politoloq: “Münhen konfransında iştirak çox vacibdir, çünki...”
14-16 fevral tarixlərində Bavariyada sayca 56-cı olan Münhen Təhlükəsizlik Konfransı keçirilir. Konfransda iştirak etmək üçün Azərbaycan prezidenti İlham Əliyevin Almaniyaya səfəri başlayıb.

Səfərin ilk günü dövlət başçısı Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms və assosiasiyanın Cənubi Qafqaz ölkələri üzrə işçi qrupunun rəhbəri, “Veridos GmbH” şirkətinin baş icraçı katibi Andreas Reşmayer ilə görüşüb. Görüşdə Azərbaycanda iqtisadiyyatın, qeyri-neft sektorunun inkişafı və şaxələndirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib. İqtisadiyyatın rəqəmsallaşdırılmasının və Davos Forumu ilə Azərbaycan arasında əldə edilmiş razılaşmaya əsasən Dördüncü Sənaye İnqilabı üzrə Bakıda regional mərkəzin yaradılmasının əhəmiyyəti qeyd edilib.

Söhbət zamanı Azərbaycanın 2020-2024-cü illəri əhatə edən regionların inkişafı planından, ölkəmizdə sənayenin inkişafı istiqamətində görülən işlərdən bəhs edilib, bu prosesdə alman şirkətlərinin daha da fəal iştirak etməsinin əhəmiyyəti vurğulanıb. Həmçinin ölkəmizdə xarici investorlar üçün cəlbedici sərmayə mühitinin olduğu diqqətə çatdırılıb. Eyni zamanda, Azərbaycanın Şimal-Qərb, Şimal-Cənub və Şərq-Qərb istiqamətləri üzrə nəqliyyat dəhlizlərindəki əsas rolundan bəhs olunub, Azərbaycanın öz coğrafi yerləşmə potensialını fürsətlərə çevirdiyi bildirilib. Söhbət zamanı habelə Azərbaycan və Almaniya biznes dairələrini bir araya gətirən biznes forumların keçirilməsinin vacibliyi vurğulanıb. Azərbaycanda peşə təhsili sahəsində Almaniya ilə birlikdə əməkdaşlığın önəmi qeyd olunub.

Eyni zamanda, İ.Əliyev “Enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada iştirak edib. APA xəbər verir ki, ölkə rəhbəri dəyirmi masada çıxış edib.

Azərbaycan prezidenti fevralın 14-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer ilə görüşündə isə Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqda saxlanılmasından danışıb.

“Report” xəbər verir ki, görüşdə dövlət başçısı Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasının, bu istiqamətdə səylərin artırılmasının vacibliyini bildirib. Prezident Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində humanitar əsaslarda “hamının hamıya” prinsipi ilə bütün əsir və girovların dəyişdirilməsinin vacibliyini vurğulayıb.

Həmin gün ölkə başçısı Münhendə Küveyt Dövlətinin Baş Naziri Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah ilə bir araya gəlib. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycanın Qoşulmama Hərəkatındakı sədrliyi yüksək qiymətləndirilib və bu çərçivədə ölkələrimiz arasında əməkdaşlıq üçün geniş imkanların olduğu bildirilib.

Söhbət zamanı Azərbaycan ilə Küveyt arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinin və hökumətlərarası komissiyanın daha da fəallaşdırılmasının vacibliyi qeyd edilib. Görüşdə ölkələrimiz arasında turizm sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. Küveytdən Azərbaycana gələn turistlərin sayında əsaslı artımın müşahidə olunduğu vurğulanıb, tezliklə Küveyt Hava Yollarının Azərbaycana uçuşlar həyata keçirəcəyi diqqətə çatdırılıb. Söhbət zamanı, həmçinin ölkələrimizin OPEC+ çərçivəsində səmərəli əməkdaşlıq etdikləri bildirilib.

Münhen Təhlükəsizlik Konfransının Azərbaycan üçün, eləcə də, dünyada sabitliyin qorunması, münaqişə zonalarında sülhün əldə olunması baxımından əhəmiyyətinin yüksək olduğu vurğulanır. Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov konfransın önəmindən söz açdı: “Bu konfransda ölkələrin təhlükəsizlik və siyasət dairəsində konsepsiyalar səslənir. Belə bir siyasi meydanda Azərbaycanın təsirini artırmaq hesab edirəm ki, çox vacib bir məsələdir. Ona görə ki, biz istəsək də, istəməsək də, Cənubi Qafqaz güclərin rəqabət apardığı regionlardan biridir. Bu rəqabətdə önəmli faktorlardan biri ondan ibarətdir ki, Yaxın Şərqdə gedən proseslərin coğrafi baxımından Cənubi Qafqaza yaxınlığı, İran gərginliyi, Rusiya-Türkiyə münasibətləri, Cənubi Qafqazda gedən prosesləri gündəmə gətirmək amili kimi Azərbaycan üçün qəbul olunur. Hesab edirəm ki, Azərbaycan prezidentinin Münhen konfransında iştirakı çox vacibdir. Azərbaycanın bu şansdan istifadə edib, təhlükə yaradan mənbələr barədə geniş söhbət açmağa imkanı var. Təhlükəsizlik məsələlərinə baxışımız və konsepsiyamız geniş auditoriya üçün eşidilən və qeydə alınan bir məsələ kimi olacaq. Əslində Ermənistan-Azərbaycan konflikti Cənubi Qafqaz üçün təhlükə yaradan bir mənbə kimi qalır.

Tofiq Zülfüqarov

Eyni zamanda, burada Rusiyanın Ermənistana təhlükəsizlik vədi mövcuddur. Məhz bu səbəbdən son zamanlarda rəsmi İrəvan mövqeyini daha da sərtləşdirib. Bu proseslərin lazımi şəkildə qiymətləndirilməsi və reallığa Ermənistan elitasının gətirilməsi problemi gündəmdədir. Hamı başa düşür ki, mövcud durum dəyişməlidir. Rusiya-Ermənistan əlaqələrinin hansı səviyyədə olduğu məlumdur. Onu da deyim ki, Təhlükəsizlik Konfederasiyası Cənubi Qafqazı dəyişmək istəmir. Bizə yaxın olan qonşu ölkələrdən İranın Qərblə münasibətləri də durmadan gərginləşir. Bu da istər-istəməz bizə təsir edə bilər. Burada digər məsələləri də göstərə bilərik. Suriya üzərində gedən məsələlər və orada qüvvələrin balansı da dəyişmək prosesindədir. İranın orada mövqeyi, Rusiya-Türkiyə əməkdaşlığı və bu ölkələrin maraqlarının orada toqquşması, İsrail maraqları və s. İstər-istəməz bunların bizim mövqeyə də təsiri olur və olacaq. Bir daha qeyd edirəm ki, bu siyasi hadisə çox vacibdir. Belə konfrans Azərbaycanın təhlükəsizlik məsələlərinə baxışını bəlli ünvanlara çatdırmaq üçün bir vasitəçidir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.