Niyə hələ də dövlət qurumlarında biganəlik, süründürməçilik davam edir - AÇIQLAMA
19-02-2020, 17:41
Xəbər verdiyimiz kimi, Prezident Administrasiyası Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun rəsmi mətbuatda “Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır” başlıqlı məqaləsi dərc edilib. Məqalədə vətəndaşlar tərəfindən bir sıra yerli icra hakimiyyəti orqanlarından şikayətlərin sayının əvvəlki illərə nisbətən artdığı qeyd edilib.
KONKRET.az məsələnin aktuallığını nəzərə alaraq parlament seçkilərində böyük üstünlüklə qələbə qazanan Fazil Mustafaya müraciət edib. “Ölkə başçısının demək olar ki, bütün çıxışlarında məmur özbaşınalıqlarına qarşı sərt ismarıclarına baxmayaraq, nə üçün dövlət qurumlarında süründürməçilik halları davam edir?”, – sualına F.Mustafa belə aydınlıq gətirib:
“Bu problem hər zaman olub və bununla bağlı çoxlu müzakirələr aparılıb. Belə hallar bir az da məmurların xarakteri ilə bağlı məsələdir. Cəmiyyətlə normal səviyyədə təmas quran məmurlar belə addımlar atmırlar. Onlar daha çox dövlət başçısının etimadını doğrultmağa çalışırlar. Çalışırlar ki, vətəndaşlara layiqincə xidmət göstərməklə ölkə rəhbərinin çağırışlarını yerinə yetirsinlər.
Bir çox hallarda isə özündənrazılıq imkan vermir ki, vətəndaş-məmur münasibətləri normal məcrada davam etsin. Belə məmurlar ölkənin imicinə də mənfi təsir göstərir. Çünki vətəndaş haqqını öz ölkəsində tapa bilməyəndə kənar yerlərə üz tutur. Amma istər deputat olsun, istərsə də məmur öz işini vicdanla icra, vəzifəsini dərindən anlasa, bu nöqsanlar da aradan qalxar”.