Azərbaycanda dollar bazarı: Mərkəzi Bankın bugünkü qərarından sonra nə olacaq? - TƏHLİL

20-02-2020, 17:33           
Azərbaycanda dollar bazarı: Mərkəzi Bankın bugünkü qərarından sonra nə olacaq? - TƏHLİL
“Mərkəzi Bank əvvəl yaratdığı baryerləri bu gün aradan qaldırır”.

Bunu Cebhe.info-ya açıqlamasında Mərkəzi Bankın valyuta bazarını liberallaşdırmaqla bağlı bugünkü qərarına münasibət bildirərkən iqtisadçı-ekspert Pərviz Heydərov deyib.

Analitik bildirib ki, 2015-2016-cı illərdə Mərkəzi Bank valyuta bazarında vəziyyətə nəzarət etmək üçün bütün istiqamətlərdə mövcud rejimləri sərtləşdirmişdi:

“Mərkəzi Bank hətta uçot dərəcəsini 15 faizə qədər qaldırdı. Aradan 4 il vaxt keçir və həmin vəziyyətdən xeyli uzaqlaşmışıq. Valyuta bazarında 2017-ci ildən bəri sabitlik hökm sürür. 2018-ci ildən etibarən manatın möhkəmlənməyə daha çox meylli olduğu nəzərə çarpır. Bu da ölkəyə daxil olan valyuta gəlirləri ilə əlaqədardır. Ona görə də Mərkəzi Bank ölkədə iqtisadi aktivliyi genişləndirmək, sahibkarlıq fəaliyyətini stimullaşdırmaq məqsədilə əvvəl qoyduğu sərt qaydaları aradan qaldırır. Əsas nümunələrdən biri uçot dərəcəsinin mərhələli şəkildə 15 faizdən 7 faizə qədər salınmasını göstərmək olar. Mərkəzi Bankının İdarə Heyətinin bu gün qəbul etdiyi qərarını da bu tədbirlərin kompleks davamı kimi qiymətləndirmək olar. Mərkəzi Bankın illər öncə sərtləşdirdiyi tədbirlərdən biri də bu idi ki, artıq bunu da aradan qaldırdı. Çünki valyuta bazarı üçün heç bir halda təhlükə müşahidə olunmur. Həmçinin valyuta bazarında spekulyativ halların baş verməsi üçün ortada əsas yoxdur. Buna görə də əvvəl tətbiq edilən bu baryerlər aradan götürülür. Bunun müsbət təsiri ölkədə iqtisadi aktivliyin canlanmasına səbəb olmasıdır”.

Pərviz Heydərov hesab edir ki, məlum qərarla Mərkəzi Bank əvvəl yaratdığı baryerləri bu gün aradan qaldırır:

“Hazırda ölkənin valyuta bazarında tam sabitlik hökm sürür. Manat möhkəmlənməyə meyillidir və Mərkəzi Bank bunun qarşısını alır. Yəni sahibkarlar qrupunun valyuta bazarında spekulyativ təsir yaratma imkanları yoxdur. Çünki ölkəyə daxil olan xarici valyutanın həcmi ölkədən çıxan valyuta həcmindən qat-qat çoxdur. Son 1 ayda neftin qiymətində ucuzlaşma tendensiyası var. Amma oxşar mənzərəni valyuta bazarına şamil etmək olmaz”.

Qeyd edək ki, Mərkəzi Bankının İdarə Heyətinin bugünkü qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri‐rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişikliklər təsdiq olunub. Dəyişikliklərə əsasən, qabaqcadan malların idxalı ilə əlaqədar ödəniş aparıldıqda malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin müvəkkil banka təqdim olunması müddəti mövcud 270 (iki yüz yetmiş) gündən ən geci 2 (iki) il müddətinə qədər uzadılıb, eyni zamanda idxal olunmayan mal və xidmətlərin dəyəri 10 000 ABŞ dolları ekvivalenti məbləğini aşmadığı halda valyuta nəzarəti orqanına bu barədə məlumatın verilməsi tələbi aradan qaldırılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.