Deputatların böyük əksəriyyəti KORONAVİRUSLA BAĞLI YOXLANIŞDAN KEÇİRİLİBLƏR – ANALİZLƏRİN CAVABI GÖZLƏNİLİR
9-03-2020, 11:05
Millət vəkilləri də koronavirusla (taclı virus) bağlı həkim müayinəsindən ( tibbi müayinədən-testdən) keçəcəklər.
Bu haqda Etikxeber.az-a parlamentdəki mənbələrdən məlumat daxil olub.
Bildirilib ki, yeni seçilmiş 6-cı çağırış Milli Məclisin (MM) üzvləri koronavirus təhlükəsilə bağlı tibbi müayinədən (testdən) keçməli olacaqlar.
Belə ki, millət vəkilləri gələn həftənin birinci günü-ayın 9-da saat 10-11 radələrindən etibarən MM-in binasındakı tibb məntəqəsində müayinədən keçiriləcəklər-əvvəlcə xanım millət vəkilləri, sonra isə kişi deputatlar.
O da bildirilib ki, buna səbəb 6-cı çağırış MM-in və 2020-ci il yaz sessiyasının işinə start verilməsinin nəzərdə tutulmasıdır.
6-cı çağırış MM-in ilk iclasının isə martın 10-da baş tutacağı ehtimal olunur.
***
Millət vəkilləri bu gün səhər tezdən-10-11 radələrindən etibarən koronavirusla bağlı MM-də test ediləcəklər, yoxlanışdan keçiriləcəklər.
Qeyd edək ki, srağagün (martın 7-də) günorta radələrində MM Aparatından bütün millət vəkillərinə zəng edilərək, onların ayın 9-da parlamentə gəlmələri bildirilib.
Həmçinin, qeyd edilib ki, gəlməyənlər, hansısa səbəbdən yoxlanışdan yayınanlar 6-cı çağırış MM-in ilk iclasına-yaz sessiyasının açılış mərasiminə buraxılmayacaqlar.
Onu da qeyd edək ki, koronavirus təhlükəsi ilə əlaqədar MM-in inzibati binasının girişində parlamentə daxil olan şəxslərin hərarətinin yoxlanılması məqsədilə termovizor qurğusu quraşdırılıb .
***
“Artıq deputatların çoxu test, müayinə olunub. Çünki qərar dəyişikliyi baş verib və deputatların çoxu dünən axşamüstü MM-ə çağırılıb və müayinədən keçiriliblər. Bu gün analizlərin cavabı bilinməlidir”.
Bunu isə adının çəkilməsini istəməyən parlamentdəki mənbə deyib.
Qeyd edib ki, çox az sayda deputat ola bilər ki, testdən keçməmiş, müayinəsi bu günə qalmış olsun:
“Amma böyük əksəriyyət dünən təcili MM-ə çağırılaraq, müayinədən, testdən keçiriliblər”.
Etikxeber.az