Fəzail Ağamalı: “Prezidentin çıxışındakı bu məqamlar proqram xarakterli tövsiyələrdir”

12-03-2020, 07:25           
Fəzail Ağamalı:
Prezident İlham Əliyev Milli Məclisdə çıxışında deputatları iki istiqamət üzrə fəal olmağa çağırdı: 1.Seçicilərlə müntəzəm görüşlər keçirmək. 2.Beynəlxalq təşkilatlarda Azərbaycanın maraqlarını daha aktiv şəkildə qorumaq, fəal olmaq: “Deputatlara tövsiyəm odur ki, onlar seçildikləri dairələrdə fəal olsunlar, seçicilərlə daim təmasda olsunlar. İndi sirr deyil, əvvəlki dövrlərdə bəzi deputatlar seçicilərdən bir qədər, yaxud da ki, tamamilə uzaqlaşmışdılar. Heç öz dairələrinə baş çəkmirdilər, problemlərlə maraqlanmırdılar. Öz şəxsi problemlərini ortaya qoyurdular. Buna da son qoyulmalıdır. Əvvəllər belə hallar kifayət qədər çox olubdur. Öz qohumlarını vəzifələrə yerləşdirmək, hansısa torpaq sahələri əldə etmək, hansısa biznesə dəstək göstərmək və sair və ilaxır. Mən dərinə getmək istəmirəm. Ona görə yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır. Çünki bizim əsas islahatlarımızın mahiyyəti də budur. Əgər bizim vətəndaşlar yaxından baxsalar görərlər ki, siyasi sahədə, struktur islahatları, kadr islahatları, vəzifələrə gətirilən kadrlar təmizdirlər. Yəni, onların arxasında heç bir, necə deyərlər, mənfi iz yoxdur. Milli Məclis də, onun deputatları da bu meyarlara cavab verməlidirlər. Sabah siz xalq qarşısında cavab verməli olacaqsınız. Ona görə siz seçildiyiniz dairələrin problemləri ilə daim maraqlanmalısınız, seçicilərlə görüşməlisiniz, dairələrdə olmalısınız. Eyni zamanda, mövcud olan problemləri də üzə çıxarmalısınız. Bunları icra orqanlarının qarşısına çıxarmalısınız, mərkəzi icra orqanlarının diqqətinə çatdırmalısınız. Hesab edirəm ki, yeni tərkibdə formalaşan Milli Məclis bu sahədə də uğurlu fəaliyyət göstərəcək.

Beynəlxalq fəaliyyətlə bağlı demək istərdim ki, bizim deputatlar bir neçə beynəlxalq təşkilatda təmsil olunurlar. Əlbəttə ki, orada əvvəlki illərdə də fəallıq kifayət qədər yüksək idi. İndiki dövrdə daha da yüksək olmalıdır. Çünki biz Azərbaycan həqiqətlərini çatdırmalıyıq. Xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri çatdırmalıyıq...”.

Deputat Fəzail Ağamalı ölkə prezidentinin çıxışının bu məqamının da proqram xarakterli tövsiyyələr olduğunu bildirdi: “Cənab prezident yeni zamanın yeni çağırışlarına uyğun fəaliyyət göstərəcək deputatın fəaliyyət prinsiplərinin olduqca dəqiq konturlarını cızdı:

- Siyasi mövqeyindən asılı olmayaraq bütün siyasi partiyaların prinsipial dövlətçilik mövqeyi;

- İndiyədək qəbul edilən qanunlara yeni yanaşma: qəbul edilən qanunlar doğma deyil;

- İnformasiya təhlükəsizliyinin təmin olunmasına xidmət edən sərt qanunverici aktların qəbulu. İnformasiya mübarizəsində barışmazlıq, güzəştsiz mövqe döyüşü-həm ölkədaxili marginallaşmış dairələrə, həm də xarici qüvvələrə qarşı;

- Qəbul edilən və qüvvədə olan qanunların icrasına parlament nəzarəti, icra strukturları tərəfindən qanunların yerinə yetirilməsi səviyyəsinə sağlam nəzarət;

- İqtisadi və sosial xarakterli qanunların qəbuluna çevik münasibət – güclü iqtisadiyyat, firavan cəmiyyət, ünvanlı sosial yardımın metodologiyasının dəyişdirilməsi;

- Gənclər dövlətimizin bu günü və sabahıdır. Bu baxımdan gənclər siyasətinin təkmilləşməsinə xidmət edən qanunların qəbulu;

- Milli ruhun və vətənpərvərliyin aparıcı amilə çevrilməsi, milli adət-ənənələrimizin və milli mənəvi dəyərlərimizin qorunub saxlanılması Milli Məclisin ən çox diqqət yetirəcəyi məsələ olmalıdır;

- Deputatların seçicilərlə təması sistemli və ardıcıl olmalı, onların rastlaşdığı problemlər üzə çıxarılıb, icra strukturları qarşısında qaldırılmalı və həll olunmasında prinsipiallıq göstərilməlidir;

- Deputat öz təmizliyini qoruyub saxlamalı, biznesdən və şəxsi maraqlardan uzaq olmalıdır;

- Marginallaşmış anti-milli qüvvələr xarici himayədarlar tərəfindən etimadı itirdiyi üçün onlar “5-ci kolonun yeni simalarının axtarışındadır. Siyasi partiyalar anti-Azərbaycan və anti-milli qüvvələrə qarşı ardıcıl və barışmaz mövqe ortaya qoymalıdılar.

- Beynəlxalq təşkilatlarda Azərbaycana qarşı qərəzli münasibətə qarşı sərt iradə nümayiş etdirilməli, onların ölkəmizə qarşı qərəzli və böhtan xarakterli mövqeyi arqumentlərlə ifşa edilməlidir.

- Deputat dövlətçilk və milli maraqlar, dövlətimizin strateji xəttilə bağlı bütün məsələlərdə cəsarət nümayiş etdirməlidir”.

Deputat Qüdrət Həsənquliyev də prezidentin çıxışının geniş və əhatəli olduğunu bildirib və təklif edib ki, deputatlar həmin çıxışa ya yenidən qulaq assınlar, ya da mətnini təkrar oxusunlar: “Prezidentin və xalqımızın yeni parlamentdən gözləntiləri çoxdur. Hazırda ölkəmizə qarşı böyük bir mənəvi terror başladılıb. Bu məqsədlə əxlaqsız insanlardan istifadə olunur. Əxlaqsızlığı təbliğ etməklə dini ekstremizmin yayılması üçün münbit şərait yaradılır. Prezident dünyəvi dövlətçiliyimizə, siyasi sabitliyə qarşı ola biləcək təhdidlərdən, insanlarımızı narahat edən digər məsələlər və onların aradan qaldırılması istiqamətində görülən və görüləcək işlər barədə danışdı. Parlament qarşısında ciddi məsələlər qaldırdı. Siyasi sistemdə aparılacaq islahatlar, siyasi partiyaların rolunun artırılması istiqamətində görüləcək işlərin anonsunu verdi. Çox istərdim ki, parlament böyük keçid dövrünü yaşayan ölkəmizdə quruculuq işlərinə öz töhfəsini versin, güclü iqtisadiyyata malik hüquqi dövlət qurmaq üçün zəruri qanunlar qəbul edə bilsin”.

Beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev bildirdi ki, prezidentin deputatlara tövsiyə etdiyi istiqamətlər onların əsas vəzifələrindəndir. Həm seçicilərlə görüşüb onların problemləri ilə maraqlanmaq, həm də beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini layiqincə qorumaq indiyədək xalqın deputatlardan istədiyi əsas tələblərdəndir: “Prezident bu işləri görməkdə onları fəal olmağa çağırırsa demək öncəki parlament bu istiqamətdə yumşaq desək zəif olub. Beynəlxalq aləmdə fəaliyyətlə bağlı demək istəyirəm ki, Bu istiqamətdə işləyəcək deputatların əksəriyyəti öncəki parlamentdə bu işlə məşğul olan deputatlar olacaqsa, əvvəlkindən fərqli nə isə gözləməməliyik. Çünki həmin deputatlar hansı müsbət işləri görmək iqtidarında idilər ki? Son seçkilərə beynəlxalq təşkilatların münasibətini hamımız bilirik. Həmin seçkilərin nəticəsində seçilən millət vəkillərinin beynəlxalq təşkilatlarda aparacağı işlərin effektinin müsbət olması üçün çox böyük işlər aparılmalıdır”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.