Neftin qiyməti - rəsmilər nikbindir...

17-03-2020, 06:32           
Neftin qiyməti - rəsmilər nikbindir...
Dünya bazarlarında neftin qiyməti ucuzlaşmaqda davam edir. Dünən Bakı vaxtı ilə saat 15:16-a olan məlumata görə, Londonun ICE birjasında “Brent” markalı neftin may fyuçerslərinin dəyəri 9 faizdən çox azalaraq 30,78 dollara düşüb. Nyu-York birjasında WTI markalı nefti isə 6,56 faiz ucuzlaşaraq 29,65 dollar təşkil edib.

Koronavirus pandemiyasının yaratdığı kəskin iqtisadi problemlərin neft bazarına təsirləri ilə bağlı proqnozlar isə getdikcə daha bədbin xarakter alır. Bloomberg agentliyinin ekspertləri hesab edirlər ki, koronavirus təhlükəsinə qarşı dövlərtlərin atdığı radikal addımlar 2020-ci ildə neftə olan tələbatı görünməmiş səviyyədə azalda bilər: “Səfərlərin qadağan olunması, evdən işləmək, təxirə salınan məzuniyyətlər və daşınma zəncirindəki qırılmalar yanacağ olan tələbatı ciddi şəkildə azalır. Çində iqtisadi akitvliyin minimuma enməsi ilə sarsılan neft bazarı virusa qarşı bütün dünyada atılan addımlarla daha sərt tələb qıtlığı ilə üzləşir”.

Neftə tələbin azalmasına dair proqnozların bədbinliyi yalnız Bloomberg-də deyil, neft treyderləri, şirkət rəhbərləri və digər əlaqədar şəxslərin çıxışlarında da hiss olunur. Əksəriyyət 2019-cu ildə sutkada 100 milyon barel olan dünya neft tələbinin bu il tarixdə ən yüksək həddə azalacağından ehtiyat edirlər. Bu azalmanın 2009-cu ildəki sutkalıq 1 milyon barel, hətta 1980-ci ildəki 2,65 milyon barel təşkil edən azalmadan daha kəskin olacağı gözlənilir.

“Goldman Sachs” investisiya bankı isə hesab edir ki, aprelə qədər sutkalıq neft tələbatı 4 milyon bareldə də çox azala bilər. Hətta bəzi heyc-fond rəhbərləri azalmanın 10 milyon barelə qədər yüksələcəyini gözləyirlər.

İqtisadçı-ekspert Rövşən Ağayev bildirir ki, 2019-cu ildə xam neftə qlobal tələbat gündəlik 100.3 milyon barel təşkil edib: “Bu azalma ilə bağlı proqnoz reallaşarsa, deməli, gündəlik qlobal tələbat 97.5 milyon barel təşkil edə bilər”.

Ekspertə görə, neftin qiymətinin enməsi şəraitində Azərbaycan üçün vəziyyəti çətinləşdirən bir sıra amillər var: “Bizim üçün vəziyyəti çox ağır edən budur ki, neft-qaz hissəsi istisna olmaqla tədiyyə balansının bütün bölmələri defisitlidir - xarici ticarətin qeyri-neft-qaz hissəsi, xıdmətlər, ilkin gəlirlər, maliyyə hesabı. Onların defsitini neft-qaz hissəsinin profisiti maliyyələşdirir. Bu hissədə profisit minimuma düşən kimi hökumətin ehtiyatlarına əl atmaqdan savayı yol qalmır. Biz heç olmazsa sərmayə axını üçün əlverişli iqtisadiyyata çevrilə bilsəydik, cari hesabımızın defisiti qısamüddətli zamanlarda problem də olmayacaqdı. Məsələn, büdcə islahatlarını ləngitmək olmazdı - amma 2019-da start verildi nəticəəsaslı büdcəyə keçidə. Halbuki həmən başladılmalı idi. İndi də sürəti çox aşağıdır - yaxın 5 ilə nəticəsini görsək, böyük işdir”.

Mərkəzi Bankın İdarə Heyətinin rəhbəri Elman Rüstəmov REAL TV-yə müsahibəsində bildırib ki, hazırda Azərbaycan hökumətində heç bir alternativ müzakirə olunmur, hər hansı emosional qərarın qəbul olunması düşünülmür. Baş bankirin sözlərinə görə, hökumətin “B planı”nda bütün alternativ çağırışlara cavab var: “Neftin istənilən qiymətinə, istənilən çağırışa cavab verməyə hazırıq. Hesab edirəm və ümumi fikir də bundan ibarətdir ki, bizim hər hansı emosional qərar qəbul etmədən situasiyanı tarazlaya bilmək üçün kifayət qədər başqa potensialımız var. Yəni inflyasiyanı qaldırmadan, bütövlükdə həyata keçirilmiş və əldə olunmuş maddi-sosial rifah halını qorumaqla, maliyyə sektoru üçün əlavə problemlər yaratmadan situasiyanı tənzimləmək üçün kifayət qədər imkanlar var. Mən dünənki çıxışımda da dedim ki, hökumətin alternativ – “B planı” var və bu planda bütövlükdə ssenari və onun necə tənzimlənməsi də mövcuddur”.

Mərkəzi Bankın rəhbəri hesab edir ki, Azərbaycan iqtisadiyyatı neftin qiymətinin enməsinə kifayət qədər dayanıqlıdır. E.Rüstəmovun sözlərinə görə, Azərbaycanda bütün sosial-iqtisadi proqramlar neftin 2015-ci ildən bu günə olan qiymətlərinə uyğunlaşıb: “Bildiyiniz kimi, 2015-ci ildən sonra bir sıra tədbirlər görüldü. Biz iqtisadiyyatı yeni bir neft qiymətlərində tarazlaşdırmağa nail olduq və bu neftin qiymətini tədricən özümüzün həm sosial-iqtisadi inkişaf proqnozlarımızla, həm büdcəmizlə azaltmağa doğru getdik. 2015-ci ildə neftin qiyməti büdcəmizdə 90 ABŞ dolları idi, amma cari büdcəmiz 55 ABŞ dolları səviyyəsində qurulub. Sosial-iqtisadi inkişaf proqnozlarımız da buna əsaslanır. Büdcə qaydaları qəbul olundu, manatın məzənnəsi 1,7 faiz səviyyəsində tarazlaşıb. 2018-2019-cu illərdə manatın məzənnəsində ucuzlaşma yox, bazarda bahalaşma təzyiqləri var idi. Yəni valyuta bazarı da tarazlaşıb”.

E.Rüstəmov qeyd edib ki, 55 ABŞ dolları neftin kifayət qədər yüksək qiymətidir. Bu həm ölkədə bütövlükdə sosial-iqtisadi inkişaf proqramlarını reallaşdırmağa, həm iqtisadi inkişafa dəstək verməyə, həm də iqtisadiyyatı sabit saxlamağa imkan verdi. Lakin bu gün neftin qiymətləri düşüb: “Hesab edirəm ki, Azərbaycan iqtisadiyyatı elə də təhlükəli zonada deyil, bu, komfort zonadır. Son günlər bundan tez-tez danışırlar. Bizim əsas makroiqtisadi fundamentalları təmsil edən göstəricilərə baxsaq, görərik ki, o bizim ilk növbədə çox yüksək strateji valyuta ehtiyatlarımızdır ki, bu da ümumi daxili məhsulumuzun 110 faizinə çatıb. Xarici borcumuza baxsaq görərik ki, son illər görülən işlər nəticəsində xarici borc bizim ÜDM-dən əhəmiyyətli dərəcədə, dəfələrlə aşağıdır. Çox konservativ xarici borcumuz var. Bütövlükdə bu bizə imkan verir ki, indiki situsiyaya çox optimist baxaq. Nə mənada optimist? İki yanaşma var. İlin əvvəlində neftin qiyməti 58 ABŞ dolları idi. Əgər bir həftə, 10 gün müddətinə neftin qiyməti öz məcrasına qayıdırsa, biz cüzi bir şey itirəcəyik. Əgər bu qısamüddətli təsirdirsə, bu bir ssenaridir. İkinci ssenari, neftin qiyməti dediyimiz 60 ABŞ dolları səviyyəsinə qalxmırsa, 55 ABŞ dolları ola bilsin, 40-50 ABŞ dolları, yaxud 30-40 ABŞ dolları intervalına keçir. Azərbaycan iqtisadiyyatında kifayət qədər makroiqtisadi dayanıqlıq var ki, hər iki intervalda makroiqtisadi tarazlığı və maliyyə sabitliyini təmin edə bilsin”.

Onu da qeyd edək ki, Azərbaycan manatının ABŞ dolları qarşısında sabitliyi fonunda əsas ticarət tərəfdaşlarımızın valyutlarının ucuzlaşması baş verir. Mart ayının ilk yarısında Azərbaycan manatı qarşısında gürcü larisi 6,5 faiz, rus rublu 9,8 faiz, türk lirəsi 1,4 faiz, Ukrayna qrivnası 5,9 faiz, Çin yuanı 0,39 faiz və qazax təngəsi 6,7 faiz dəyər itirib. Beləliklə, manatın real effektiv məzənnəsi bahalaşıb. Real effektiv məzənnəni hesablayarkən, manatın ticarət partnyoru olan ölkələrin valyutalarına nəzərən nominal məzənnəsi və inflyasiya nəzərə alınır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bu vəziyyəti şərh edərkən bildirib ki, manatın real effektiv məzənnəsinin tarazlıq səviyyəsinə nisbətini ölçmək üçün istifadə olunan bütün metodlar - alıcılıq qabiliyyəti pariteti, makroiqtisadi balans, “Big Mak” indeksi və başqa yanaşmalar göstərir ki, manatın real effektiv məzənnəsi indiyədək onun tarazlıq nöqtəsindən aşağıda olub: “Alıcılıq qabiliyyəti paritetinə əsasən hesablanan məzənnə, ABŞ dollarının ABŞ-da alacağı miqdarda məhsulu digər ölkənin bazarında almaq üçün tələb olunan yerli valyuta dəyəridir. Başqa sözlə, ABŞ-da 1 dollara alınan məhsulu yerli bazarda almaq üçün tələb olunan ödənişdir. Azərbaycan üçün bu rəqəm Dünya Bankının 2018-ci il üçün təqdim etdiyi statistika məlumatlarına əsasən 0,25 ABŞ dollarıdır. Yəni ABŞ-da 1 dollara alına biləcək məhsulu Azərbaycanda 0,25 ABŞ dollarına almaq mümkündür. Ölkələr üzrə müqayisəli təhlil aparmaq üçün hər bir göstəricini alıcılıq qabiliyyəti paritetinə əsasən “beynəlxalq dollar” göstəricisi ilə ifadə etdikdən sonra real fərqləri görmək mümkündür. Dünya Bankının hesablamalarına görə, 2018-ci ildə Azərbaycanda 1 “beynəlxalq dollar” 0,25 ABŞ dolları, Belarusda 0,25 ABŞ dolları, Qırğızıstan, Gürcüstan və Ukraynada 0,29 ABŞ dolları, Qazaxıstanda 0,31 ABŞ dolları və Rusiyada 0,39 ABŞ dolları səviyyəsində qiymətləndirilib. Bu ölkələrdə son qlobal şokların təsiri altında baş verən devalvasiyalar manatın real effektiv məzənnəsini gücləndirib.

Əgər 2000-ci ildə manatın real effektiv məzənnəsini bençmark olaraq 100 qəbul etsək, onda 2020-ci ilin əvvəlində bu göstərici 93,3 səviyyəsində olub. Başqa sözlə, manatın real effektiv məzənnəsi bu ilin əvvəlində tarazlıq nöqtəsindən aşağıda qərarlaşıb. Lakin ticarət tərəfdaşlarımızın valyutalarının son günlərdəki devalvasiyaları fonunda manatın ABŞ dolları qarşısında sabitliyi, manatın real effektiv məzənnəsini tarazlıq nöqtəsinə doğru bahalaşdırır”.

Mərkəz rəhbərinə görə, manatın real effektiv məzənnəsinin bahalaşması Azərbaycanın MDB məkanında minimum pensiya, orta pensiya, minimum maaş və orta maaş göstəriciləri üzrə öncül mövqelərini daha da möhkəmləndirir: “Digər tərəfdən, manatın real effektiv məzənnəsinin bahalaşmasının iqtisadiyyatın rəqabətqabiliyyətinə təsirini tənzimləmək üçün institusional islahatların davam etdirilməsi, rəqabət mühitinin daha da yaxşılaşdırılması, insan kapitalının inkişafı və bazarlara çıxış istiqamətində fəaliyyətlər davam etdirilməlidir”..

DÜNYA,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.