Hərbi ekspertdən təklif: "Azərbaycana belə və bu şəkildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) LAZIM deyil"

30-03-2020, 10:01           
Hərbi ekspertdən təklif:
Əziz dostlar! Hörmətli həmkarlar!
Dəfələrlə qeyd etmişəm və bu gün də bir daha tam əminliklə qeyd etmək istəyirəm ki, Azərbaycana belə və bu şəkildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) LAZIM deyil. Baxmayaraq ki, bu yaxınlarda ölkə başçısı bu nazirliyinin cavan rəhbərini qəbul etdi və onun bəzi fəaliyyətini təqdir etdi. Amma, ölkə vətəndaşı və mətbuat nümayəndəsi olaraq hesab edirəm ki, Sahil Babayev kimi TƏCRÜBƏSİZ və HAZIRLIQSIZ nazirlər Azərbaycan Dövlətini və Hökumətini çox pis vəziyyətə salırlar. Necə ki, ölkədə hal-hazırda olan real vəziyyət və ona uyğun artıq ehtiyat variant kimi hansı işlək mexanizmlərinin HƏLƏ DƏ olmaması MİLYONLARLA ölkə vətəndaşını ciddi narahat edir.
Özümə və ailəmə görə o qədər də narahatçılığım yoxdur. Amma, bu o demək deyil ki, biz ətrafımızda olan insanları düşünməməliyik və sabah onların üzləşə biləcəyi çətinliklər barəsində danışmamalıyıq.
Bu gün insanları ən çox maraqlandıran və düşündürən sosial məsələlərdir ki, ortalıqda olmalı və yaranan suallara cavab verməli olan nazir Sahil Babayev və özü kimi çoxsaylı ƏƏSMN-nin nazir müavinləri və idarə rəisləri gözə dəymirlər. Kimi və nəyi gözləyirlər bilmirəm, amma onların yaranmış fors-major vəziyyətlə bağlı aydın anlayışları və təsəvvürlərinin olmaması açıq-aydın görünür.
Məhz ƏƏSMN-nin rəhbərliyinin səriştəsizliyi və hadisələrə vaxtında, qabaqlayıcı adekvat reaksiya verə bilməməsidir ki, bu gün sosial media üzərindən əsası olan və olmayan xeyli suallar, narahatçılıqlar və xəbərlər yayılır. Onsuz da gərgin vəziyyətdə olan cəmiyyətə informasiya boşluğunda xırda bir şaiyə və dezinformasiya yetir ki, insanlar tamam çaşqın duruma düşsünlər.
Bu gün yayılan xəbərlərə nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov səviyyəsində münasibət açıqlanıb. Fikir verin, adi bir şöbə müdiri səviyyəsində ölkə miqyaslı mühüm məsələlərə münasibət bildirilir. Bu nə yanaşma və nə qeyri-ciddilikdir ki, hökumət üzvləri özlərinə rəva görürlər?.

ƏƏSMN-nin nümayəndəsi deyir ki, yaradılan Məşğulluq və sosial məsələlərlə bağlı İşçi Qrup vətəndaşların sosial müdafiəsi ilə bağlı təkliflər hazırlayıb?! Ay hörmətli Fazil bəy-əfəndi, o təkliflər artıq çoxdan hazırlanmalı idi və belə fors-major hadisələr zamanı onlar razılaşdırılaraq insanlara elan edilməli idi. Bu işlərin görülməsi Sahil Babayevin və tabeliyində olan nazirliyin vəzifəli şəxslərinin bilavasitə vəzifə borcuna daxil olan məsələlərdir. Siz bir arada həm keçmiş MDB və digər ölkələrin də təcrübəsindən yararlanın.
Ümumiyyətlə,məntiqə əsasən ƏƏSMN tipli qurum istənilən bir ölkənin ən ciddi, hazırlıqlı və bacarıqlı qurumlarından biri olmalıdır. Və onun rəhbərliyində də hesab edirəm ki, Sahil Babayev kimi təcrübəsiz, qanunları dərindən bilməyən, onlara əməl etməyən nə nazir, nə də nazir dostları-tanışları olmamalıdır. Bu qurum sırf milyonlarla həssas təbəqə ilə ünsiyyətdə olan, onların problem və qayğıları ilə məşğul olmalı bir qurumdur.
Vaxt gözləmir. İnsanlar yaxın günlər üçün yaranmış və bundan sonra yarana biləcək vəziyyətlərə görə konkret cavablar eşitmək istəyirlər. Xahiş və tələbimiz ondan ibarətdir ki, Azərbaycan hökumətində təmsil olunan nazir və komitə sədrləri, xidmət sahələri üzrə aidiyyatı qurumların hansısa şöbə müdiri deyil, məhz BİRİNCİ ŞƏXSLƏRİ nəhayət ki, vəziyyətin ciddiliyini başa düşüb insanlar qarşısına çıxsınlar. Nə işlər gördüklərini, bundan sonra nə edəcəklərini və nə olacağını izah etsinlər.

Yuxarıda qeyd etdiklərim təkcə ƏƏSMN-ə deyil, digər özəl və ya hökumət qurumlarının bütün səlahiyyət sahiblərinə də aiddir. Hamı vəziyyətə uyğun üzərinə düşən işlər barəsində vaxtaşırı Azərbaycan Vətəndaşlarına belə kritik dönəmdə məlumatlar verməli və insanlara xidmət göstərməlidirlər. Hələliksə, çoxları o qədər passiv və qorxaqcasına davranırlar ki, sabah çox pis vəziyyət və münasibətlə üzləşməli olacaqlar.
Üzeyir Cəfərov
Yazı Üzeyir bəyin səhifəsindən götürülüb.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.