Asayiş keşikçilərinə hörmətsizlik yolverilməzdir

12-06-2020, 00:14           
Asayiş keşikçilərinə hörmətsizlik yolverilməzdir
Hazırda bəşəriyyətin başı üzərini almış koronavirus kabusu öz ağır fəsadlarını törətməkdə davam edir. Hər gün bu virusa yoluxanların, həmçinin qurbanlarının olduğu barədə məlumatlar yayılır. Dünyanın 200 - dən çox ölkəsini bürümüş pandemiya varlıya, kasıba, güclüyə, zəifə, uşağa, ağsaqqala baxmadan öz fəsadlarını törətməkdə davam edir. Hətta, dünyanın ən qüdrətli dövlətləri də bu virusun qarşısında aciz qalıb və ən çox itki verən də, məhz, həmin qüdrətli dövlətlərdir. Görünür, həmin ölkələr öz gücünə arxayın olduğundan koronavirusa da asanlıqla qalib gələcəklərini güman edirlərmiş. Ancaq son anda bəlli oldu ki, “daş qayaya rast gəlib”.

Ölkəmizdə 4 aya yaxındır ki, koronavirusla mübarizə aparılır, pandemiyanın ağır itkiləri ilə qarşılaşmaman üçün bütün imkanlardan istifadə edilir. Dövlətimizin başçısının göstərişi ilə həyata keçirilən tədbirlər virusun fəsadlar törətməsinin qarşısının alınmasında mühüm rol oynayır. Məhz, bunun nəticəsidir ki, hazırda ölkəmiz dünyada daha az itki verən dövlətlər sırasındadır. Üstəlik, ölkəmiz bu virusla mübarizədə digər dövlətlərə də öz köməyini əsirgəmir. Yeri gəlmişkən, Azərbaycan dövlətinin pandemiya ilə mübarizədə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar ianə etməsi dövlət ­başçımızın insan amilinə verdiyi yüksək dəyərin təsdiqidir.
Koronavirusla mübarizəyə başlanan gündən Azərbaycan polisinin də üzərinə ciddi vəzifələr qoyulub. Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilmiş qərarların icrasının əksəriyyəti, bilavasitə polisə həvalə olunur. Asayiş keşikçiləri son dörd ayda, demək olar ki, gecə-gündüz yorulmadan fəaliyyət göstərir, onlara tapşırılan vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bütün imkanlardan istifadə edirlər. Bu, ilk növbədə, insanların sağlamlığının qorunması məqsədini daşıyır. Əvvəla, qaydalara əməl etmək hər bir vətəndaşımızın borcudur. Çünki qaydalara əməl etməməklə, pandemiyanın geniş şəkildə yayılmasına şərait yaratmış oluruq. Bu istiqamətdə öz vəzifə borcunu yerinə yetirən polis əməkdaşlarına dəstək olmalıyıq. Unutmamalıyıq ki, polis gecə -gündüz aşayişin keşiyində dayanıb.
Yeri gəlmişkən, 102 illik tarixə malik Azərbaycan polisi şərəfli yol keçərək, indiyə qədər Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət edib və bu gün dövlətçiliyin əsas sütunlarından birinə çevrilib. Bu müddət ərzində Azərbaycan polisi zəngin təcrübə qazanıb və ölkəmizdə sabitliyin, əmin-amanlığın qorunmasında, hüquq pozuntularının qarşısının alınmasında böyük xidmətləri olub. Bu gün hər kəs bunu gündəlik həyatında da hiss edir. Zaman- zaman şahidi olmuşuq ki, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasında Azərbaycan polisinin özünəməxsus yeri və böyük uğuru var. Asayiş keşikçiləri öz vəzifələrini yüksək səviyyədə yerinə yetirməklə, bu faktı dəfələrlə təsdiqləyiblər.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra çox böyük çətinliklərlə üzləşməsinə baxmayaraq, polis əməkdaşlarının öz üzərinə düşən vəzifənin öhdəsindən ləyaqətlə gəlməsinin şahidiyik. Daxili işlər orqanları əməkdaşları bu gün də şərəfli və əvəzolunmaz fəaliyyətini layiqincə davam etdirir, böyük uğurların qazanılmasına öz töhfələrini verirlər.
Respublikamızda ictimai asayişin, qanunçuluğun və hüquq qaydalarının etibarlı təminatı, vətəndaşların konstitusion mənafelərinin yüksək səviyyədə qorunması, kriminogen durumun sabitliyi Azərbaycanın qazandığı ən mühüm nailiyyətlər sırasındadır. Danılmaz həqiqətdir ki, respublikamızın ictimai-siyasi sabitlik şəraitində inkişafında, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkilində, dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən müdafiəsində, vətəndaşların təhlükəsiz yaşamaq kimi fundamental hüququnun təminatında Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının müstəsna rolu vardır. Ölkədə qanunlara tabe olmayanlara, ictimai asayişi pozanlara qarşı mübarizədə ədalətli mövqe tutan asayiş keşikçiləri qanunla üzərlərinə düşən vəzifələri yerinə yetirməklə, sabitliyin təminatı üçün bütün zəruri tədbirləri həyata keçirir, xalqın və dövlətin sadiq keşikçisinə çevrildiyini təsdiqləyirlər. Koronavirusun tüğyan etdiyi vaxtlarda da bunun şahidi olduq.
Təəssüf edirik ki, bəzi cahillər polisin bu zəhmətini yetərincə qiymətləndirmir, qaydaları pozduqları bir yana, üstəlik polis əməkdaşlarına qarşı müqavimət göstərir, onları ictimaiyyət nümayəndələri içərisində təhqir edirlər. Xüsusi karantin rejimi dövründə belə hallarla tez-tez rastlaşırıq. Dəfələrlə şahidi olmuşam ki, metroya tibbi maskasız daxil olan vətəndaşlara polis əməkdaşları maska taxmağı tövsiyə edir, özü də xahiş-minnətlə. Əvəzində isə, vətəndaşların yersiz kobudluqları ilə qarşılaşırlar. Belələri elə düşünürlər ki, guya, onları tibbi maskalardan istifadə etməyə polis əməkdaşları məcbur edir. Halbuki, bu qərar Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilib. Əgər ölkə Prezidenti, Birinci vitse-prezident qoruyucu vasitələrdən istifadə edirlərsə, vətəndaşlar niyə maska taxmasınlar? Axı bu, hər kəsin sağlamlığının qorunması, virusun ətrafdakılara yoluxmasının qarşısının alınması məqsədini daşıyır.
Ötən həftənin sonlarında xüsusi karantin rejiminin sərtləşdirilməsi barədə qərarın qəbul edilməsi hamıdan çox polis əməkdaşlarının işini çətinləşdirdi. Çünki gecə-gündüz asayişin keşiyində dayanaraq, bəzi ərköyünləri düz yola gətirib küçələrə çıxmalarının qarşısını almaq bir o qədər də asan iş deyil. Biz həmin günlərdə bunun bir daha şahidi olduq. Həmin gün çörək, dərman, hətta siqaret ala bilməyənlər ümid yeri kimi polisə müraciət etdilər və istəkləri qısa müddət ərzində həll olundu. Hətta ağır vəziyyətdə olanlar təcili yardımla birlikdə polisə də müraciət etdi və bəzi hallarda polis özünü daha tez yetirərək xəstələri xəstəxanalara çatdırdı. Dializ xəstəsi olan bir xanımı həmin gün polis əməkdaşları öz xidməti maşınları ilə xəstəxanaya, oradan isə evə gətirdilər. Ağır vəziyyətdə olan hamilə xanımı və onun dünyaya gələn körpəsini də ölümdən xilas edən polis əməkdaşları oldular. Onlarca belə fakt göstərmək olar. Bütün bunlardan sonra polis əməkdaşlarının üstünə butulka, zibil və digər əşyalar atmaq mənəviyyatsızlıqdır. Buna səbəb nə idi? Polis qaydaları pozan bir gənci qanuna tabe olmağa dəvət edir. İctimaiyyətin nümayəndələri isə asayiş keşikçilərinə kömək etmək əvəzinə, onlara butulka, zibil və digər əşyalar atmaqla təhqir edirlər. Sonra da müxtəlif təşkilatlara üz tutaraq, polis əməkdaşlarının “onlarla kobud rəftar etmələri” barədə haray- həşir salırlar. Görünür, belələri ABŞ, Fransa , Almaniya, İşveçrə və digər inkişaf etmiş dövlətlərdə polislərin dinc aksiya iştirakçılarını çirkli su, rezin güllələr, xüsusi öyrədilmiş it və atlarla ­dağıtdıqlarından bixəbərdirlər.
Fransada “sarı jiletlilər”ə polis əməkdaşlarının tutduqları divan, ABŞ-ın Minneapolis şəhərindəki polis zorakılığı hər birimizin gözləri önündə baş verir. Minneapolis şəhərindəki iğtişaşlar zamanı 11 mindən çox insan həbs olunub. Hətta, qətlə yetirilənlər də olub. Xəsarət alanlar arasında kütləvi informasiya vasitələrinin nümayəndələri də var. Polisin gücdən, gözyaşardıcı qazdan və digər vasitələrdən açıq şəkildə istifadə etməsi diqqətdən yayınmır. Bizim ölkəmizdə isə indiyədək belə hallardan istifadə edilməyib. Əksinə, polis əməkdaşları qaydalara tabe olmayanları düzgün yola dəvət edəndə bunu özlərinə ar bilənlər polisə müqavimət göstərirlər. Sonra da bu hadisələri sosial şəbəkələrdə özlərinə sərf edən şəkildə yaymaqla polisi gözdən salır, əhalidə nifrət hissi yaradır, özlərinin isə günahsız olduqlarını sübut etməyə çalışırlar.
Qanuna tabe olmaq istəməyənlər unutmamalıdırlar ki, onlar etdikləri qanun pozuntusuna görə cavab verməlidirlər. Bu işdə günahı polis əməkdaşlarında yox, özlərində axtarmalıdırlar. Azərbaycan polisi dövlətçiliyin əsas sütunlarından biridir. Onlara qarşı zorakılıq yolverilməzdir.
xalqqezeti












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.